Azərbaycan startapı ev heyvanlarına qulluq bazarını necə dəyişir?

Redaktor

14.08.2025 15:15
526

Azərbaycan startapı ev heyvanlarına qulluq bazarını necə dəyişir? - "Dosty"

Valyuta.Az Azərbaycan startapı "Dosty"-nin qurucusu Ayaz Əhmədovun Qırğızıstanın "The Tech" nəşrinə verdiyi müsahibəsini təqdim edir. Müsahibədə startapın ambisiyalı hədəfləri və unikal istifadəçi təcrübəsinə yönəlmiş fəaliyyəti barədə danışılıb.

Haqqımda

Mən "Dosty" şirkətinin təsisçisi və baş icraçı direktoruyam. Bu, ev heyvanı sahibləri üçün nəzərdə tutulmuş super tətbiqdir. 20 ildən artıqdır ki, marketinq sahəsində çalışıram: bu sahə üzrə təhsil almışam və bütün karyeramı ona həsr etmişəm. Təcrübəmə telekommunikasiya, idman marketinqi, strateji rəqəmsal infrastrukturun, vahid istifadəçi profilinin və mürəkkəb data-analitika sistemlərinin yaradılması daxildir.

Son layihəm "Dosty"dir. Bu layihəni müəyyən mərhələyə çatdırdıqdan sonra investisiya fəaliyyəti ilə məşğul olmağı və Azərbaycanda, eləcə də regionda gənc startaplara dəstək olan bir "IT-mələk"ə çevrilməyi planlaşdırıram.

Müşahidə etdiyim əsas məsələlərdən biri də budur ki, klassik IT-startapı xaricdə ilk dəfə genişləndirməyə çalışdığım zaman başa düşdüm: bizim ölkələrdə və regionda uğurlu çıxışdan sonra yenidən startaplara investisiya yatıran əsl mələk-investorlar çatışmır. Məhz bu insanlar startap ekosisteminin inkişafında mühüm rol oynaya bilər.

Startapın yaranması

"Dosty" ideyası pandemiya dövründə yaranıb. Həmin vaxt mən artıq vahid istifadəçi profili əsasında strateji infrastruktur yaradan bir IT-şirkətə sahib idim. Bu biliklərimi ev heyvanı sahibləri üçün nəzərdə tutulmuş məhsulda tətbiq etmək istədim.

Özüm üç labrador saxlayıram. Karantin dövründə bu bazarı araşdırmaq üçün bir çox heyvan tətbiqini yüklədim.

Pandemiya zamanı PetTech şirkətlərinin təxminən 60 faizi məhz həmin dövrdə yaranıb — bu sahədə əsl bum yaşanırdı. Əksər məhsullar əsas xidmətlərə yönəlmişdi: baytarla əlaqə, baxım, qidalanma, tərbiyə və s. Lakin bir heyvan sahibi kimi başa düşürəm ki, bu xidmətlər əslində ildə bir-iki dəfə lazım olur.

Əsas problem isə heyvanın davranışıdır. Heyvan 10–12 il səninlə yaşayır və zamanla xasiyyəti dəyişir. Dünən işləyən metod bu gün keçərli olmaya bilər. İt müxtəlif faktorlara reaksiya verir və davranışını dəyişir, sahibi isə bu dəyişikliyi çox zaman fərq etmir.

"Dosty" ev heyvanı ilə harmonik birgə həyat qurmağa kömək edir. Əvvəla, heyvanın "dilini" anlamağa və nə baş verdiyini dərk etməyə yardımçı olur. İkincisi, cinsə və xüsusiyyətlərə uyğun peyvənd, dərman və digər vacib məsələlərlə bağlı xatırlatmalar verir. Üçüncüsü, heyvanın həyatı ilə bağlı istənilən sualla 24/7 məsləhətlər təqdim edir.

Bundan əlavə, tətbiqimiz sahibləri ev heyvanlarını sevən qlobal bir icma ilə birləşdirir.

Hədəf auditoriya

Hazırda 23 000 istifadəçimiz var və hamısı böyük bir icmanın üzvüdür. Məsələn, əgər siz Qazaxıstanda yaşayan labrador sahibisinizsə, sual verə bilərsiniz və "Dosty"də olan bütün labrador sahiblərinə bu sual göndəriləcək. Real bilik və təcrübə mübadiləsi — bizim əsas dəyərlərimizdəndir.

Biz özümüz istifadə etmək istədiyimiz bir məhsul yaratdıq. "Dosty"ni 2024-cü ilin fevralında istifadəyə verdik və o vaxtdan bəri sabit şəkildə inkişaf edirik: istifadəçilərin 41 faizi ABŞ-dandır və ümumi istifadəçi sayı artıq 23 000-dir.

Komanda yığmaq çətin olmadı — hazırkı əməkdaşların təxminən 80 faizi ilə əvvəlki layihələrdən tanış idim. 22 nəfərlik komandamız əsasən proqramçılardan ibarətdir, əlavə olaraq lazım olan sahələr üzrə mütəxəssislər cəlb etmişik. Komandamız mehriban və məhsuldar mühitə malikdir — bir-birimizi yaxşı tanıyır, hörmət edirik və ortaq məqsədə — ev heyvanlarına qulluqda kömək edən bir super tətbiq yaratmağa çalışırıq.

Mənim həmtəsisçim Cavid Qarayev (Javid Garayev)dir. Onun biznesin inkişafı və marketinq sahəsində böyük təcrübəsi var. O, yerli futbol assosiasiyasının marketinq direktoru olub, hazırda Bakı Olimpiya Stadionunun direktoru və UEFA-nın marketinq komitəsinin üzvüdür. Bizim aramızda funksional bölgü aydındır və layihəni birlikdə idarə edirik.

İnkubasiya proqramları

Pitch müsabiqələrində iştirak mənim üçün təkcə qalibiyyət uğrunda mübarizə deyil. Mən bu yarışmaları sevirəm, çünki təqdimat bacarıqlarımı inkişaf etdirməyin əla yoludur. Hər təqdimatda yeni versiyalar hazırlayıram, daim təkmilləşdirirəm.

Artıq bir neçə dəfə qalib olmuşuq — həm Avropada, həm də ABŞ-da. 2024-cü ildə "Purina" bizi Avropanın ən perspektivli PetTech startaplarından biri elan etdi. Həmçinin, ABŞ-da "Mars" tərəfindən keçirilən müsabiqədə qalib gəldik, "Wolf Summit" və MENA regionunun yarışlarında iştirak etdik.

İnvestisiyalar məsələsində bizə bəxt üz gətirib. Bir mələk-investorumuz var — heyvanları fəal şəkildə qoruyan bir xanım. İkinci investor isə yerli Azərbaycan fondu olan "Caucasus Ventures"dir. Pre-seed mərhələsini uğurla başa vurmuşuq, hazırda isə tədricən seed mərhələsinə keçirik.

Çətinliklər

Regionumuzda startaplara olan maraqla yanaşı, təsisçiliyin həddən artıq ideallaşdırılması müşahidə olunur — elə bil hər ikinci şəxs startap qurmaq istəyir. İki sual yaranır:

1. Əgər hamı təsisçi olsa, həkimlər, bankirlər və digər peşə sahibləri kim olacaq?

2. Əgər siz doğrudan da təsisçi olmaq istəyirsinizsə, buna ciddi yanaşmalısınız. Biznes bir uşaq kimidir — eyni anda beş işlə məşğul olmaq mümkün deyil.

Mənim 39 yaşım var, üç övladım var və yaxşı bilirəm ki, startap böyük fədakarlıq tələb edir. Bu, zəmanətsiz bir sferaya yatırım etmək deməkdir. Stress, əhval dəyişiklikləri, ailədə və işdə çətinliklər — bütün bunlarla balans yaratmaq lazımdır. Komandaya və ailəyə qarşı məsuliyyət daşımalısan.

Əgər sən CEO və ya komanda rəhbərisənsə, insanlar sənin baxışlarına və qərarlarına güvənirlər. Hər sözünə, məlumatın çatdırılma vaxtına və formasına görə məsuliyyət daşıyırsan. Buna daim hazır olmalısan.

Bir çox gənc təsisçi bu sahəyə ciddi yanaşmır — sanki bu, sadəcə oyundur. Mənim məsləhətim: əvvəlcə korporativ mühitdə təcrübə toplayın. Özüm də korporasiyada işləmişəm və bu mənə çox şey öyrədib.

Universiteti yenicə bitirən şəxsin çox ideyası ola bilər, amma ideyanın özü kifayət deyil — əsas məsələ onun reallaşdırılmasıdır. Yol boyu bir çox çətinlik çıxacaq: az təcrübə, dar çevrə, az peşəkar bacarıq. Elektrik pulunu belə özü ödəməyə vərdiş etməmiş biri necə milyonlarla layihəyə qərar verəcək?

Bu, məsuliyyətli bir qərardır. Mənim məsləhətim — yaxşıca düşünün. Bəlkə də, siz uğurlu bankir və ya iri şirkətdə top-menecer olmağa daha uyğunsunuz. Biznesə yalnız dəb və ya sosial təzyiqə görə başlamaq olmaz.

Nailiyyətlər

Ən böyük nailiyyətim — formalaşdırdığım komandadır. Vizionumuzu qəbul edən və onu praktik və taktiki tapşırıqlara bölərək işlək mexanizmə çevirən insanlardır.

B2C kimi mürəkkəb bir bazarda super tətbiq konsepti yaratmaq çətindir. Lakin komandamızın məqsədi və istiqaməti aydındır.

Peşəkar baxımdan keçmiş layihələrimdə çox uğur qazanmışam, amma "Dosty"də əsas uğur məhsulun inkişaf sürətidir. Bazara çıxmamışdan əvvəl üzərində çox işləmişdik, amma son iki ildə dörd böyük yeniləmə həyata keçirmişik.

İstifadəçilərdən aktiv rəy toplayır, onu analiz edir və məhsulu çevik şəkildə uyğunlaşdırırıq. Bu da bizə həm istifadəçi, həm də heyvan davranışlarını anlamağa, hədəflərimizə çatmaq üçün lazım olan investisiya həcmini dəqiqliklə hesablamağa imkan verir.

İşimizdə təxminləri minimuma endirmişik — bunu böyük uğurumuz hesab edirəm.

Planlar

Növbəti 10–12 ay üçün böyük planlarımız var. B2C seqmentində 300 000–500 000 qeydiyyatlı istifadəçiyə çatmaq istəyirik. B2B bölməsində isə ən azı 100–120 xidmət təminatçısının — baxım salonları, baytarlıq klinikaları, damazlıqçılar, sığınacaqlar və s. — platformamızdan istifadə etməsini planlaşdırırıq.

Bundan əlavə, Azərbaycan PET pasportunun rəqəmsallaşdırılması üzərində çalışırıq — heyvanların sahiblərə dövlət portalı "GOVAZ" vasitəsilə bağlanması sistemini qururuq.

Eyni zamanda, Azərbaycanda heyvanlara qarşı qəddarlıqla bağlı qanunvericiliyin dəyişdirilməsi üçün ictimai hərəkat başlatmaq niyyətindəyik. Bu humanist və sülhpərvər prosesin lokomotivi olmaq istəyirik.

Paralel olaraq, tədqiqat işinə də böyük vaxt ayırırıq. Heyvan sahibləri, onların profilləri, motivasiyaları və ehtiyacları barədə məlumat toplamışıq. Gələcəkdə istifadəçi təcrübəsini yalnız problemdən deyil, həm də psixotipdən asılı olaraq fərdiləşdirmək istəyirik.

Məsələn, iki fərqli istifadəçi eyni tərbiyə problemi ilə qarşılaşsa da, onların yanaşması fərqli ola bilər — xarakter və reaksiya formasına görə. Məqsədimiz — məsləhətləri fərdiləşdirmək və insanla heyvan arasında harmoniyanı təmin etməkdir.

Uzunmüddətli planımız — üç il ərzində istifadəçi sayını 1 milyona çatdırmaqdır.

İnvestisiya baxımından əsas məqsədimiz — gəlirə çıxmaqdır. Bundan sonra vençur sərmayəsi cəlb etmək bizim üçün o qədər də vacib olmayacaq. "Mars" və "Purina" kimi böyük "Petcare" şirkətləri ilə əməkdaşlıq bizim üçün dəyərlidir.

Biz akselerasiya proqramlarında iştirak etməmişik, amma PetTech startaplarını dəstəkləyən iki proqrama — "Purina Unleashed" və "Mars Leap" — daxil olmaq istəyirik. Hazırda başqa akseleratorları nəzərdən keçirmirik.

Aydın

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

08.12.2025

8 min manatlıq müavinət kimlərə veriləcək?

08.12.2025

"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?

08.12.2025

8 minə yaxın müəllim işdən çıxarılıb

08.12.2025

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib

08.12.2025

"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

08.12.2025

Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®

08.12.2025

Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO

08.12.2025

Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?

08.12.2025

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

08.12.2025

BDU-da 1 milyona nə işlər görüləcək?

08.12.2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

08.12.2025

Vitse-prezident: BP bu il Azərbaycanda 170 mln. dollarlıq idxal əməliyyatları həyata keçirib

08.12.2025

Amerikalı bankir Avropanın əsl problemlərini açıqladı: Zəiflik və bürokratiya...

08.12.2025

Mərkəzi Bank ilin sonuncu faiz qərarını açıqlayacaq

08.12.2025

"Binance" Abu Dabidən üç yeni lisenziya aldı

08.12.2025

Bu şəxslər üçün 36 mənzil alınacaq - 1,8 milyonluq layihə

08.12.2025

Bələdiyyə torpaqları 272 manatdan başlayan qiymətlərlə satışa çıxarılır - QİYMƏTLƏR

08.12.2025

Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

08.12.2025

Fintekdə qadın: Karyerasını addım-addım quran Türkan Fərzəliyevanın hekayəsi - Müsahibə

08.12.2025

Məzənnə

Yüklənir...