Redaktor
305 manata satıb, 535 manata almışıq
Azərbaycana idxal olunan smartfonların sayı və orta qiyməti açıqlanıb
Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana 830 min 164 ədəd smartfon idxal olunub.
Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 261 milyon 612,53 min ABŞ dolları təşkil edib.
Hesablamalara əsasən, bir smartfonun orta qiyməti 315 dollar və ya təxminən 535 manat olub.
Azərbaycan özü isə eyni dövrdə 1045 ədəd smartfon ixrac edib. Bu ixracın ümumi dəyəri 187,37 min ABŞ dolları olub. Beləliklə, bir smartfonun ixrac qiyməti orta hesabla 179 dollar və ya 305 manat təşkil edib.
Rəsmi məlumatlara görə, Azərbaycan smartfonları əsasən Gürcüstan və Çexiyaya ixrac edib.
Belə ki, Gürcüstana 491 ədəd smartfon satılıb və bu satışın dəyəri 107,44 min ABŞ dolları olub. Bir ədədin qiyməti təxminən 219 dollar (371 manat) təşkil edib.
Çexiyaya isə 554 ədəd smartfon göndərilib, dəyəri 79,93 min ABŞ dolları olub. Hər ədədin orta qiyməti 144 dollar (245 manat) səviyyəsində qeydə alınıb.
Smartfon idxalının əsas hissəsi Hindistan, Vyetnam və Çin kimi ölkələrdən həyata keçirilib. Bu ölkələrdən ümumilikdə 660 min 307 ədəd smartfon gətirilib ki, bu da ümumi idxalın təxminən 80 faizini təşkil edir.
Ən az idxal isə ABŞ-dan olub - il ərzində bu ölkədən cəmi 1 ədəd smartfon gətirilib.
Sərvanə Rəmixanova