Redaktor
Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?
Almaniyada günəş panelləri sahəsində "bum" müşahidə olunur və onlar xüsusən də mənzilin eyvanına quraşdırıla bilər. Bu panellər 4-7 il ərzində öz xərclərini ödəyir və bundan sonra panel sahibləri üçün elektrik enerjisi pulsuz olur.
Valyuta.az xəbər verir ki, “Deutsche Welle” nəşrinin məlumatına görə, son üç il ərzində ölkədə "rozetka"ya qoşulan 1 milyondan çox kiçik günəş paneli quraşdırılıb.
Jurnalistlərin qeyd etdiyinə görə, bu sistemlərə getdikcə daha çox akkumulyator batareyaları da daxil edilir ki, bu da artıq istehsal olunan enerjini sonradan istifadə üçün saxlamağa imkan verir.
Bildirilir ki, ev təsərrüfatları üçün günəş panelləri getdikcə daha əlçatan olur. Son iki ildə onların qiyməti iki dəfə ucuzlaşıb: kiçik modelləri 200 avrodan (233 dollar) başlayan qiymətə almaq mümkündür, akkumulyatorlu iri sistemlər isə 1000 avrodan (1166 dollar) ucuz başa gəlir.
Nəşr vurğulayır ki, Almaniyada günəş panellərinin populyarlığının artmasına həm qiymətlərin azalması, həm də onların quraşdırılmasının stimullaşdırılması səbəb olub.
“2023-cü ildən etibarən ölkədə fərdi günəş qurğuları ƏDV-dən azad edilib, 2024-cü ilin payızından isə kirayəçilərə və mənzil sahiblərinə balkonlarında günəş modulları quraşdırmağa icazə verilib”, deyə “DW” qeyd edir.
Günəş panellərinə olan bu maraqdan həm sahiblər, həm də digər istehlakçılar faydalanır. Nəşr bildirir ki, bu panellərlə istehsal olunan elektrik enerjisi şəbəkədən alınan cərəyandan iki dəfə ucuzdur. Berlin Tətbiqi Elmlər Universitetinin məlumatına görə, panel sahibləri 4–7 il ərzində qoyduqları vəsaiti geri qaytarır, bundan sonra isə öz ehtiyacları üçün istehsal etdikləri elektrik enerjisi pulsuz olur.
Bundan əlavə, panellərin tez-tez dəyişdirilməsinə ehtiyac yoxdur. Günəş modulları 30 ildən çox işləyə bilir, akkumulyatorların isə istismar müddəti 10–15 ildir.
Alman İqtisadi Araşdırmalar İnstitutunun energetika, nəqliyyat və ətraf mühit üzrə şöbəsinin rəhbəri Klaudia Kempfert proqnozlaşdırır ki, 2045-ci ilə qədər ev təsərrüfatları üçün günəş panelləri Almaniyada elektrik enerjisinə olan tələbatın 2%-ə qədərini ödəyə biləcək.
Paşa Məmmədli