Redaktor
Özəl məktəblərdə şagirdlərlə daha ehtiyatlı davranılır?
Özəl təhsil müəssisələrində valideynlərin yüksək məbləğdə ödəniş etməsi bəzən müəllim-şagird münasibətlərində fərqli yanaşma məsələsini gündəmə gətirir. Hətta bəzi müəllimlər bildirirlər ki, onlara rəhbərlik tərəfindən “ödəniş edildiyini nəzərə alın, xüsusi yanaşın” kimi tapşırıqlar verilir. Bu fonda belə bir yanaşma formalaşır ki, valideyn çox məbləğ ödədiyi üçün müəllim şagirdə sərt yanaşmamalı, irad bildirməməli və davranış, eləcə də qiymətləndirmə məsələlərində daha yumşaq mövqe tutmalıdır.
Bəs bu yanaşma nə dərəcədə doğrudur və ödəniş faktoru təhsildə bərabər münasibət prinsipini poza bilərmi?
Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, bəzi özəl təhsil müəssisələrində şagirdin təhsil haqqı ödəməsi səbəbilə ona daha yumşaq yanaşılması halları müşahidə oluna bilər: "Təəssüf ki, bəzi hallarda məktəb rəhbərliyi müəllimlərə şagirdin ödəniş etdiyini əsas gətirərək onunla daha ehtiyatlı davranmağı tövsiyə edir. Şagirdin məktəbdən uzaqlaşdırılması məktəb üçün maliyyə itkisi hesab olunduğuna görə belə bir yanaşma formalaşır. Amma bu, düzgün yanaşma deyil".
Ekspert vurğulayıb ki, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində şagird-müəllim münasibətləri hüquq və vəzifələr çərçivəsində tənzimlənir: "Təhsil haqqında qanuna əsasən, bütün şagirdlərin hüquqları eynidir. Valideynin ödəniş etməsi müəllimin şagirdə fərqli münasibət göstərməsi üçün əsas ola bilməz. Müəllim və şagird öz səlahiyyət və məsuliyyətlərini aşmamalıdır".

R.Nurəliyev qeyd edib ki, müəllimə təzyiq göstərilməsi və ya pedaqoji prinsiplərdən kənar davranış qanunvericiliyə ziddir: "Bizim kökdən gələn ənənələrimizə nəzər saldıqda, müəllim hər zaman baş tacı hesab olunub. Müəllimə hər hansı formada təzyiq göstərilməsi yolverilməzdir. Müəllim cəmiyyətin, millətin gələcəyini formalaşdıran əsas fiqurdur və bu istiqamətdə ona qarşı edilən hər hansı təzyiq Təhsil haqqında qanuna ziddir.
Əgər hər hansı bir qayda, tapşırıq və ya yanaşma istər orta ümumi təhsil məktəbinin, istərsə də özəl təhsil müəssisəsinin nizamnaməsində açıq şəkildə qeyd olunubsa, bu halda həmin müəssisənin daxili idarəetmə prinsipləri çərçivəsində buna etiraz etmək mümkün deyil. Çünki hər bir təhsil müəssisəsi fəaliyyətini öz nizamnaməsinə uyğun şəkildə həyata keçirir.
Lakin mövcud qanunvericilik və praktikaya əsasən, nizamnamələrdə müəllimə və ya şagirdə fərqli münasibəti əsaslandıran və ya qanuniləşdirən belə bir qayda mövcud deyil. Elm və Təhsil Nazirliyinə tabe olan təhsil müəssisələrində müəllim və şagirdlərin hüquq və vəzifələri bərabər şəkildə qorunur".
Psixoloq Günel Hacızadə isə bildirir ki, məsələ kənardan göründüyü qədər sadə deyil: “Özəl liseylərdə oxuyan çoxlu yeniyetmə və valideynlərlə çalışmışam. Müasir dövrdə "müəllim uşağa fərqli yanaşsın" tələbi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Əvvəllər bir sinifdə 20 valideyn bunu tələb edirdisə, indi bu rəqəm maksimum 2–3 nəfərdir, bəzən isə heç olmur”.
Psixoloqun sözlərinə görə, özəl məktəblərə marağın əsas səbəbi artıq status deyil, təhsilin keyfiyyətidir: “Əvvəllər özəl liseylərdə əsasən çox yüksək gəlirli ailələrin uşaqları oxuyurdu. İndi isə orta gəlirli ailələr də övladlarını özəl məktəblərə göndərir. Valideynlərin əsas gözləntisi fərqli münasibət yox, daha keyfiyyətli təhsildir".

G.Hacızadə hesab edir ki, bu mövzunun gündəmə gəlməsi daha çox neqativ hadisələrdən sonra baş verir: “Əsas problem maddiyat və ya məktəb-valideyn münasibəti deyil. Daha ciddi məsələ valideyn-uşaq münasibətlərinin düzgün qurulmaması, valideynin övladına kifayət qədər vaxt ayırmaması və onun psixoloji durumuna diqqət yetirməməsidir”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBank kartları ilə dələduzluq artır - SƏBƏBLƏR
09.02.2026Heyvanlar üçün edilən sığorta ödənişlərində yarım milyondan çox azalma olub
09.02.2026