Bakıda 12 restoran açan hindistanlı - “Prezident də ailəsi ilə restoranımda qonaq olub”

Redaktor

09.02.2026 09:10
125

Bakıda 12 restoran açan hindistanlı - “Prezident də ailəsi ilə restoranımda qonaq olub”

28 ildir Bakıdadır. Bu müddətdə 12 restoran açıb. Düzdür, onu başqa bir şirkət konsultant kimi ölkəmizə dəvət etmişdi, amma gələndən qısa müddət sonra öz işini qurur. Hazırda Fəvvarələr Meydanında (Targovı) 2 restoranla - “Panchos” və “Premji” ilə Azərbaycanda biznes fəaliyyətini davam etdirir. Söhbət 71 yaşlı hindistanlı iş adamı Dipak Viiddən gedir.

Qeyd edək ki, “Panços” meksikan, “Premji” hind mətbəxini təqdim edən restorandır.

- Deepak, Bakıya nə zaman köçmüsünüz?

- 1998-ci ildən Bakıda yaşayıram. 28 il keçib. Artıq 71 yaşım var. 

- Gəldiyinizdə 43 yaşınız olub. Azərbaycandan öncə Hindistanda yaşayırdınız?

- Mənim uşaqlığım Hindistanda keçib. Sonra ali təhsilimi Hindistanda humanitar elmlər üzrə aldım. Hansı ixtisas seçməyimin fərqi yox idi. Çünki ailə biznesimiz var idi və bilirdim ki, axırda o işlə məşğul olacağam. Universiteti bitirib atamın biznesi ilə məşğul olmağa qayıtdım. Sonra ailə qurdum. Evləndikdən sonra həyat yoldaşım dedi ki, Hindistandan çıxmalıyıq. Mən soruşdum: "Niyə?" O isə dedi: “Hindistan sənin üçün çox rahatdır, özünü çətin bir mühitdə sınamalısan”. Dubaya köçdük. O dövrdə Dubay çox çətin və gərgin yer olsa da, düşündüm ki, burdayam, öhdəsindən gəlməliyəm. İlk il çox çətin keçsə də, bir ildən sonra “Marlboro” şirkəti məni işə dəvət etdi. Onlar məni əvvəlcə marketinq meneceri, daha sonra isə regional menecer təyin etdilər. Daha sonra “Cəbəl-əli” Azad Zonasında Fars körfəzi bölgəsində ilk siqaret fabrikini qurduq. Ardınca öz konsultasiya şirkətimi yaratdım və sonra o şirkət vasitəsilə Azərbaycana dəvət etdilər.

- Azərbaycana gəlməyinizdən də danışarıq, amma maraqlıdır, atanızın biznesi hansı sahədə idi?

- Atam Hindistanda restoranlara sahib idi. 

- Restoran biznesinin içinə böyümüsünüz ki…

- Bəli, məktəbdən sonra əvvəlcə oynamağa, sonra atamın restoranına gedirdim. 14-15 yaşımdan sonra artıq atama kömək etməyə başladım. Həm atamdan, həm də restoranın əməkdaşlarından çox şey öyrəndim.

- Hindistanda ancaq ailə bizneslərində oldunuz?

- Əvvəl atamın restoranlarında çalışdım, amma universiteti bitirəndən sonra əmim məni fabrikində menecment üzrə təcrübə keçməyə dəvət etdi. Bu çox ağır iş idi. Əmim mənim qohumum olduğuma görə heç bir güzəşt etmədi. Əksinə, mənə başqalarından 10 dəfə çox iş gördürdülər və maaş da çox az idi.

Bilirdim ki, atamın biznesi bir gün mənim olacaq, amma gənc olanda insan istəyir ki, özü nəsə etsin. Ona görə də öz biznesimə başladım. Bu çətin idi, amma bir neçə aydan sonra işlər uğurlu getməyə başladı. Sonra Dubaya köçdüm, sonra da Bakıya.

- Bakıya gəlməyiniz iş təklifi ilə oldu?

- İçki sahəsində dünyanın ən böyük ixracatçı şirkəti olan “Diageo”dan mənimlə əlaqə saxladılar. Soruşdular ki, Azərbaycana gəlib onların bütün əməliyyatını qurmağım mümkün olarmı? “Yaxşı ödəniş olarsa, bu işi görərəm” dedim (Gülür). Dedilər ki, pul problem deyil və gəldim.

- Ailəniz də sizinlə gəldi?

- Mən Dubayı qızlarım orta məktəbi bitirəndən sonra tərk etdim. Onlar təhsillərini davam etdirmək üçün həyat yoldaşımla birlikdə Kanadaya köçdülər. Mən isə Bakıda qalırdım, sonradan həyat yoldaşım da bura köçdü. Biz Azərbaycanı sevirik.

- Neçə il sizi Azərbaycana dəvət edən şirkətdə işlədiniz?

- 4-5 il işlədim. Bizim razılaşmamıza görə ayın 20 günü onlar, 10 günü isə özüm üçün işləyirdim. Çünki bu, daimi iş deyil, konsultant fəaliyyəti idi. Bakıya gələndən 1 il sonra paralel olaraq Bakıda ilk restoranımı açmışdım.

- İlk olaraq Hindistan restoranı açdınız?

- Yox, amerikan üslubunda bir restoran idi. Bu, eyni zamanda Bakıda filippinli musiqiçilərin çıxış etdiyi ilk restoran idi. Onları Filippindən gətirmişdim və burada çıxış edirdilər.

- İlk restoranınız nə qədər müddət fəaliyyət göstərdi?

- O məkanda təxminən bir il yarım fəaliyyət göstərdi. Daha sonra icarəçi ilə problemlər yaşadıq. Ona görə oranı tərk etdik və şəhər mərkəzində spot bar formatında məkan açdıq. Sonra Bakıda ilk Meksika restoranını, sonra ilk tay restoranını və ardınca yapon, italyan restoranını açdım. Hind restoranı da daxil olmaqla bir çox ölkə mətbəxlərinə aid fərqli restoranlar açmışam. Hazırda meksikan və hind mətbəxini təqdim edən iki restoranım var.

- Azərbaycanda insanlar hansı ölkənin mətbəxini daha çox sevirlər?

- Yapon mətbəxi çox populyardır. Ardınca türk, italyan, sonra isə meksikan mətbəxi gəlir. 

- Yapon mətbəxinə tələb var, sizin də yapon restoranınız olub. Bəs niyə bağlandı?

- “Akasaka” adlı yapon restoranım çox populyar idi. Rusiya səfirliyinin yanında yerləşirdi. Hətta “Teppanyaki” masaları var idi. Aşpazlar yeməyi müştərilərin qarşısında bişirirdi, şou göstərirdilər. Amma bir gün restoranın qarşısında parklama qadağan edildi. Bütün müştərilərim varlı insanlar idi və maşınla gəlirdilər. Parklanma problemi işimizə mənfi təsir etdi. Nəticədə restoran bağlandı.

- Özünüz Hindistandansınız, hind restoranınız da var, amma vaxtınızı daha çox Meksika restoranına sərf edirsiniz.

- Çünki mən meksika yeməklərini və latın musiqisini çox sevirəm. Müxtəlif millətlərin mədəniyyətlərinə marağım var, fərqlilik xoşuma gəlir.

- Meksikan mətbəxindən yemək istəyən sizin restorana gəlir…

- Bəli, biz Bakıda yeganə meksikan restoranıyıq. Bu restoranı açanda Bakıda daha üç meksika restoranı var idi. Amma bir il ərzində onların hamısı bağlandı. İnsanlar həm də ona görə bura gəlirlər ki, bütün ədviyyat və sousları ABŞ-dan gətiririk. Buradan isə yalnız təzə meyvə, mal əti, toyuq və tərəvəzlər alırıq. Həmçinin bizim yeməklər çox acı deyil, bu da azərbaycanlılar üçün uyğun gəlir.

- Aşpazınız azərbaycanlıdır?

- Bəli, iki azərbaycanlı baş aşpazımız var. Onlar Meksika və Kolumbiyadan olan dostlarım tərəfindən təlim alıblar.

- Ən çox hansı meksikan yeməkləri satılır?

- “Nachos” və “Taco” daha çox sifariş verilir.

- Hind restoranını nə vaxt açmısınız?

- Hazırda fəaliyyət göstərdiyi məkanda il yarım əvvəl açılıb. Amma bundan əvvəl 20 il ərzində başqa ünvanlarda hind restoranlarımız olub.

- Hind restoranı üçün də məhsulları Hindistandan gətirirsiniz?

- Hind məhsulları ilə bağlı vəziyyət daha asandır. Çünki burada fəaliyyət göstərən hind şirkətləri həmin məhsulları Dubaydan və Hindistandan gətirir, biz də onlardan alırıq.

- Müştərilərinizin neçə faizi azərbaycanlılardır?

- Meksika restoranında müştərilərin təxminən 75, hind restoranında isə 2 faizi azərbaycanlılardır. Hindistanda tropik iqlim olduğuna görə, hind mətbəxində çoxlu ədviyyatlardan – zəfəran, zəncəfil, sarımsaq və s. istifadə olunur. Bu isə azərbaycanlıların gündəlik istifadəsinə uyğun gəlmir. Mən azərbaycanlı dostlarımı hind restoranına apardıqda, əvvəl deyirlər: “Yox, yox, hind mətbəxi çox acıdır, yemək olmaz”. Sonra isə izah edirəm ki, hind yeməkləri çox acı olmaq məcburiyyətində deyil, sadəcə ləzzətlidir. Acılıqla ləzzət fərqli anlayışlardır. Dadına baxdıqdan sonra isə “Bu əladır” deyirlər.

- Hansı restoran daha çox gəlir gətirir: hind, yoxsa meksikan mətbəxi?

- Bu, dövrdən asılıdır. Hind restoranı daha böyük dövriyyə ilə işləyir, çünki turizm yaxşı olanda, Bakıda hind turistləri çox olur. Onlar böyük qrup turları ilə gəlirlər. Əvvəllər Bakıda 8-10 hind restoranı var idisə, pandemiyadan sonra turizm bərpa olunmağa başlayanda, bu rəqəm 45-ə çatdı. Sonra bəziləri bağlandı, hazırda 30 hind restoranı var. Təsəvvür edin, təkcə “Boulevard Hotel”də 900 otaq var və hamısı hind turistlərlə dolu idi. Digər otellər də eyni vəziyyətdə idi. Bir naharı mənim restoranımda yeyirlər, birini başqa restoranda və s. Biz eyni zamanda tam vegetarian yeməklər üzrə ixtisaslaşmışıq. Hindlilərin çoxu vegetarian olduğuna görə bu onlar üçün böyük üstünlükdür. Yəni əsas qonaqlarım hindistanlı turistlərdir.

- Hazırda həyat yoldaşınızla birlikdə Azərbaycanda yaşayırsınız?

- Bəli.

- O nə işlə məşğuldur?

- Müəllimdir, uzun illər Azərbaycanda özəl məktəblərdə çalışıb. Bu yaxınlarda təqaüdə çıxıb. Hazırda ABŞ-da qızım və nəvələrimizin yanındadır. İnşallah, gələn ay mən də gedəcəm və 2-3 həftə onlarla birlikdə olacağam.

- Hindistan və Dubayda biznes təcrübəniz var. Müqayisədə Azərbaycanda iş qurmaq necədir?

- Azərbaycanda biznes qurmaq çox asandır. Öz işini qurmaq kifayət qədər rahatdır. Yeganə çətinliklərdən biri bəzən sənədlərin və ya qaydaların şərhində ortaya çıxır. Eyni səhifəni iki nəfər fərqli cür anlaya bilər. Əslində, bütün dünyada dövlət sənədləri çox mürəkkəb yazılır. Bu isə müəyyən hallarda çətinlik yaradır. Ümumilikdə, mən 27 ildir ki, burada işləyirəm və heç bir ciddi problem yaşamamışam.

- Azərbaycanda dostlarınız var?

- Bəli, burada həm yerli, həm xarici dostlarım var. Bu illər ərzində azı 40 ölkədən dostlarım yaranıb.

- Həmin şəxslərlə restoranlarınızda tanış olmusunuz?

- Bəli, restoranda hər gün yeni insanlarla tanış oluram. İnsanlarla ünsiyyət qurmağı çox sevirəm. Hətta o qədər şanslı olmuşam ki, prezident İlham Əliyevlə də görüşmək fürsətim olub.

- Bu, nə vaxt olub?

- Uzun illər əvvəl.

- Görüşü necə xatırlayırsınız?

- Görüşdən bir gün əvvəl gedib ən bahalı mağazalardan kostyum aldım, hər şey mükəmməl olsun deyə hazırlaşdım. Prezidentin ofisinə daxil olanda isə, gördüm ki, o çox rahat, qalstuksuz geyimdədir, əhvalı yüksəkdir.
Əlbəttə ki, cənab prezident mükəmməl ingilis dilində danışır. Bizim planımız cəmi 10 dəqiqəlik görüş idi, amma söhbət bir saat davam etdi. Çox rahat və səmimi atmosfer var idi.
Mən tay mətbəxinə aid restoranımı açanda prezident, birinci xanım və övladları restoranıma gəlmişdilər. Dünyanın başqa ölkələrində bir nazirlə belə görüşmək mümkün olmur, prezidentdən danışmağa dəyməz. Mən kiməm ki, adi bir iş adamıyam. Özümü çox kiçik biri hesab edirəm, amma Azərbaycanda gördüyüm hörmət və münasibət məni çox təsirləndirdi. Bu, unudulmaz və çox dəyərli təcrübə idi.

- Restoran biznesində sizin sirriniz, yanaşmanız nədir?

- Biz meksikan restoranında elə yeməklər təqdim edirik ki, onları siz Los-Ancelesdə və ya Meksikada yeyə bilərsiniz. Orijinallığı qoruyanda, insanlar bunu anlayır və dəyərləndirir.
Əlbəttə ki, bu işi təkbaşına görmürəm, mənim əla komandam var. Restoranı divarlar yox, insanlar məşhur edir. Qonaq yaxşı qarşılanırsa, xidmət və yeməklərdən razı qalırsa, uğurun sirri budur.
Bundan əlavə, biz Bakıda ən yaxşı marqarita içkilərini hazırlayırıq. Hər cümə günü latın gecəsi təşkil edirik. Həftənin müxtəlif günlərində müxtəlif tədbirlər keçiririk. Bu da xüsusilə gənclərin marağına səbəb olur.

- Bütün qonaqlarınızla ünsiyyət qurursunuz?

- Restorandan olanda, bəli, şəxsən masalara yaxınlaşıram, soruşuram: “Necəsiniz? Yeməklər xoşunuza gəlirmi? Hər şey qaydasındadırmı?”

- Bəzən müştəri deyir ki, yeməyi bəyənmədim.

- Dərhal üzr istəyirik, hesab almırıq. Müştəri həmişə haqlıdır, səhv olsa belə.

- İndiyə qədər neçə nəfərdən hesab almamısınız?

- Son 3 ildə təxminən 6-7 nəfər olar. Bilirsiniz, bəzən yeməkdə problem olmur, sadəcə olaraq fərqli mətbəxdir, sınayır və bəyənmir.

- Bakıda indiyə qədər neçə restoran açmısınız?

- 12 restoranım olub.

- Bütün restoranları öz maliyyəniz ilə açmısınız, yoxsa investor olub?

- Bəli, öz pulumla açmışam. Əslində, restoran açmaq üçün çox da pul lazım deyil. O mənada ki, bu ölçüdə bir restoranı Dubayda açmaq istəsəniz, minimum 700-800 min manat tələb olunur. Çünki orada icarə çox bahadır, təmir isə çox yüksək xərclidir. Dubayla müqayisədə Azərbaycanda qiymətlər daha münasibdir. Məsələn, eyni restoranı Dubayda açsam və işlər yaxşı getməsə, müflis olaram. Eyni restoranı Bakıda açsam və uğurlu olmasa belə, müflis olmuram, idarə edə bilirəm. Fərq budur. Böyük şəhərlərdə risk çox böyükdür, Moskva, İstanbul hər biri çox bahalıdır. Azərbaycan isə bu baxımdan daha münasibdir.

- 71 yaşınız, 50 ildən çox biznes təcrübəniz var. Maraqlıdır, son illərdə biznes sahəsində nə öyrəndiniz?

- Əvvəllər çox ambisiyalı idim. 24 saat işləyirdim, özümü yorurdum. Amma pandemiya başladı, bir gündə hər şey bağlandı və əlimdə heç nə qalmadı. Bu zaman anladım ki, həyat təkcə pul və uğurdan ibarət deyil.  Bir çox zəngin hindli dostlarım deyir: “Gəl, Mumbayda belə bir restoran aç, bütün pulu qoyuruq, böyük iş görək”. Amma deyirəm ki, pul istəmirəm. Mənə bəsdir. Dostlarımla otururam, söhbət, zarafat edirik. Daha ambisiyalı deyiləm, olduğum vəziyyətdən razıyam. Əvvəllər səhər işdə olurdumsa, indi hər gün axşamtərəfi 5-6-da restoranıma gəlirəm, səhərlər isə evdə dincəlirəm. Evdə pişiyim var. Həyatdan həzz alıram.

- Hindistana gedirsiniz?

- 15 ildir getmirəm. Qızımın biri İspaniyada, digəri ABŞ-da yaşayır. Mən də onlara baş çəkməyə gedirəm.

- Azərbaycanca danışa bilirsiniz?

- Dil öyrənmək mənə çox çətindir. Uzun müddət ərəb ölkələrində yaşadım, amma dillərini öyrənə bilmədim. Azərbaycanca da çox zəif bilirəm. 3 dəfə öyrənməyə cəhd etdim, bir ay sonra müəllimlər dedilər ki, sizdən heç nə alınmaz.

- Azərbaycanda müxtəlif ölkələrin mətbəxinə aid restoranlar açmısınız. Bəs Azərbaycan mətbəxi ilə aranız necədir?

- “Piti”, “Buğlama”, “Kabab”, “Qutab”, “Dolma” və s. hamısını sevirəm. Hətta deyə bilərəm ki, yemək baxımından artıq hindliyə yox, azərbaycanlıya bənzəyirəm. Gündəlik bəzən sadəcə qutab yeyirəm. Tək-tük hind yeməklərini həftədə bir dəfə yeyirəm.

- Atanızın biznesində olduğunuz zaman öyrəndiyiniz əsas dərs nədir ki, indi öz işinizdə tətbiq edirsiniz?

- Atamdan öyrəndiyim ən vacib dərs insanları idarə etmək oldu. Çünki istənilən biznesdə uğur insanlardan asılıdır. Əgər insanları düzgün idarə edə bilirsinizsə, demək, uğurun yarısını artıq əldə etmisiniz. İnsanları öyrətmək, onlarla birgə işləmək və liderlik etmək çox vacibdir. Çünki onlar lider axtarırlar. Əgər sən liderlik edirsənsə, səni daha çox hörmətlə qarşılayırlar və anlayırlar ki, sən özün də çətinliklərə hazırsan.

Aygün Asimqızı

Fotolar: Rəşad Mehdiyev

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...