Redaktor
Necə edək ki, çox işləməyimiz ailədə problem yaratmasın?
Müasir dövrdə insanların qarşılaşdığı əsas problemlərdən biri iş və ailə həyatı arasında balansı qorumaqdır. Artan iş yükü, davamlı məsuliyyətlər və sürətli həyat ritmi bir çox insanın ailəsinə və özünə kifayət qədər vaxt ayıra bilmədiyini düşünməsinə səbəb olur. Bəs həqiqətən vaxt çatışmır, yoxsa problem vaxtın düzgün idarə olunmamasındadır?
"Holberton School Azerbaijan"ın CEO-su, Biznesin İnkişafı Meneceri Şəmsi Bayramzadə Valyuta.az-a bildirib ki, iş və ailə arasında sağlam balans yaratmağın ilk addımı prioritetləri düzgün müəyyənləşdirməkdir:
“İnsanlar tez-tez “ailəmə vaxt ayıra bilmirəm” və ya “özümə vaxt ayıra bilmirəm” deyirlər. Halbuki vaxt ayırmaq təsadüfən baş verən bir şey deyil. Bunun üçün ilk növbədə prioritet müəyyən edilməli, daha sonra isə həmin prioritet üçün zaman planlaşdırılmalıdır. “Ailəmlə vaxt keçirəcəyəm” dediyiniz anda əslində vaxt ayırmağa başlamış olursunuz. Əks halda isə həmişə görüləsi işlər və yeni məsuliyyətlər olacaq”.
Onun sözlərinə görə, bir çox insan bütün işlərin nə vaxtsa bitəcəyini və daha sonra ailəsinə vaxt ayıra biləcəyini düşünür. Lakin reallıqda iş və məsuliyyətlər heç vaxt tam başa çatmır:
“Rahat nəfəs alacağımız, ailəmizlə və özümüzlə keçirəcəyimiz zamanı əvvəlcədən planlaşdırmağı bacarmalıyıq”.
Şəmsi Bayramzadə hesab edir ki, hər şeyi çatdırmağa çalışmaq özü yanlış yanaşmadır:
“Heç kim özünü “Superman” kimi aparmamalıdır. Hamımızın gün ərzində cəmi 24 saatı və məhdud enerjisi var. Ailə ilə vaxt keçirmək sadəcə zaman məsələsi deyil, eyni zamanda enerji məsələsidir. Gün ərzində çox yorucu və gərgin işlə məşğul olub, axşam ailə ilə üç saat keçirmək mümkündür. Amma həmin üç saat ərzində enerjiniz yoxdursa, bu, keyfiyyətli zaman hesab olunmur. Balansın əsas hissəsi zamanın deyil, enerjinin düzgün idarə olunmasından ibarətdir. İstirahətin nə olduğunu özü üçün dəqiq müəyyənləşdirə bilən insanlar ailələrinə daha çox və daha keyfiyyətli vaxt ayıra bilirlər. Çünki onlar enerjilərini necə bərpa etməyi bilirlər. Yəni, məsələ daha çox vaxt keçirmək deyil, daha yaxşı vaxt keçirməkdir. Birlikdə yaradılan xatirələr, yaşanan xoş emosiyalar və unudulmayan anlar münasibətləri gücləndirən əsas amillərdir. Ailə üzvləri çox vaxt saatların sayını deyil, həmin saatların necə keçdiyini xatırlayırlar”.
Ailə üzvlərinin tez-tez səsləndirdiyi “bizi başa düşmürlər” fikrinə münasibət bildirən Şəmsi Bayramzadə qeyd edib ki, bu məsələdə tərəflər arasında açıq ünsiyyət böyük əhəmiyyət daşıyır:
“Ailədə hər kəsin gözləntiləri və ehtiyacları aydın şəkildə müzakirə olunmalıdır. Bir tərəf daha çox birlikdə vaxt keçirmək istəyə bilər, digər tərəf isə həftə sonlarını birlikdə keçirməyi kifayət hesab edə bilər. Bu gözləntilər danışılmalı və qarşılıqlı razılaşma əsasında formalaşmalıdır. Münasibətlərdə qarşı tərəfi anlamağa çalışmaq ən az başa düşülmək qədər vacibdir. Çox vaxt başa düşülmək istədiyimiz qədər başa düşməyə çalışmırıq. Halbuki sağlam münasibətin əsasında empati dayanır. Hər iki tərəf bir-birinin vəziyyətini anlamağa və qəbul etməyə çalışdıqda ortaq məxrəc tapmaq daha asan olur”.
Ailə psixoloqu Aynur İsmayılova Valyuta.az-a bildirib ki, iş və ailə həyatı bir-biri ilə sıx bağlıdır və bu sahələrdən birində yaranan problemlər digərinə də təsir göstərir.
Ailədəki münasibətlərin sağlam olması iş həyatındakı uğurlara da birbaşa təsir göstərir:
“Əgər bir insan ailədə dəyər görürsə, həyat yoldaşı tərəfindən dəstəklənirsə və gördüyü işlər qiymətləndirilirsə, bu, onun peşə fəaliyyətində də özünü göstərir. İnsan özünü dəyərli hiss etdikdə həmin müsbət enerjini və motivasiyanı iş mühitinə də daşıyır”.
Ekspertin sözlərinə görə, müasir dövrdə insanların işə həddindən artıq vaxt ayırması ailədaxili problemlərin artmasına səbəb ola bilir və bu da sonradan iş həyatına mənfi təsir etməyə başlayır:
“Bəzən insanlar işin özündən çox maddi nəticəsinə fokuslanırlar. Daha çox qazanmaq üçün bütün vaxtlarını işə sərf etdikdə ailə üzvləri ilə ünsiyyət azalır, problemlər paylaşılmır və münasibətlər zəifləməyə başlayır. Bu da zamanla ailədaxili narazılıqlar yaradır. Ailədə yaranan problemlər sonradan iş həyatına da mənfi təsir göstərir. İnsan ailədə yaşadığı gərginliyi istər-istəməz iş mühitinə daşıyır. Buna görə də iş həyatında uğur qazanmaq istəyən şəxs ilk növbədə ailə münasibətlərinə diqqət yetirməlidir”.
Onun fikrincə, ailə ilə keçirilən vaxtın həm miqdarı, həm də keyfiyyəti önəmlidir: “Əgər insan hər gün ailəsinə 45-50 dəqiqə və ya bir saat səmimi və keyfiyyətli vaxt ayıra bilirsə, bu münasibətlərin möhkəmlənməsi üçün kifayət edə bilər. Əsas məsələ həmin müddətdə ailə üzvlərinin bir-birinə dəyər verdiyini hiss etdirməsidir. Ailədən alınan dəstək və dəyər hissi isə son nəticədə iş həyatındakı uğurlara da müsbət təsir göstərir”.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır
25.06.2026Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı
25.06.2026"Google Play Store" 30%-lik komissiya modelini dəyişir
25.06.2026ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır
25.06.2026"Binance"in MiCA lisenziya müraciəti rədd edilib
25.06.2026Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir
25.06.2026“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb
25.06.2026Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət
25.06.2026Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib
25.06.2026"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"
25.06.2026İlham Əliyev onları təltif etdi
25.06.2026Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?
25.06.2026Kredit faizləri banklara nə qədər qazandırıb?
25.06.2026Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
25.06.2026Dövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026