"İşçi şirkətin əmlakına zərər vurarsa, pulunu özü ödəməlidir"

Redaktor

12.01.2026 09:18
107

"İşçi şirkətin əmlakına zərər vurarsa, pulunu özü ödəməlidir"

İş yerlərində bəzən elə hallar yaşanır ki, işçi istəmədən işəgötürənə məxsus əmlaka zərər yetirir. Məsələn, gündəlik iş prosesi zamanı işçiyə istifadəsi üçün verilmiş noutbuk ehtiyatsızlıq nəticəsində sıradan çıxır. Bu zaman bəzi işəgötürənlər dəymiş zərərin ödənilməsini birbaşa işçinin üzərinə qoyur və məbləği onun aylıq əməkhaqqından tutur.

Lakin zədələnən əmlakın dəyəri çox vaxt işçinin aylıq əməkhaqqından xeyli yüksək ola bilir. Nəticədə bu cür tutulmalar işçi üçün ciddi maliyyə yükünə çevrilir. Belə vəziyyətlərdə maddi məsuliyyət kimə məxsusdur - işçiyə, yoxsa işəgötürənə?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Valyuta.az-a bildirib ki, əmək münasibətləri çərçivəsində işçi tərəfindən işəgötürənin və ya müəssisənin əmlakına zərər vurulduqda, ümumi qayda olaraq işçi maddi məsuliyyət daşıyır: "Bu məsələ Əmək Məcəlləsinin 32-ci fəsli ilə tənzimlənir. Burada əsas diqqət edilməli məqam işçi ilə işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilənin olub-olmamasıdır. Əgər belə bir müqavilə bağlanmayıbsa, bu zaman işçinin orta aylıq əməkhaqqı həddində məsuliyyət müəyyən olunur. Məsələn, ehtiyatsızlıq nəticəsində müəssisənin əmlakına 3 000 manat məbləğində zərər vurulubsa və işçinin aylıq əməkhaqqı 1 000 manatdırsa, işçi yalnız 1 000 manat həddində zərəri qarşılayır".

İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?

C.Qasımzadə qeyd edir ki, Əmək Məcəlləsinin 199 və 200-cü maddələrində isə tam maddi məsuliyyət haqqında müqavilə anlayışı nəzərdə tutulur: "Əgər işçi ilə işəgötürən arasında belə bir müqavilə mövcuddursa, bu halda işçi dəymiş zərəri tam məbləğdə ödəməlidir. Bununla belə, zərərin ödənilməsi prosesi də özbaşına həyata keçirilə bilməz. Əgər işçi zərərin onun təqsiri üzündən baş vermədiyini iddia edirsə və tərəflər arasında mübahisə yaranırsa, işəgötürən mütləq məhkəməyə müraciət etməlidir. Bu halda yalnız məhkəmə qərarı əsasında zərərin tutulmasına yol verilir".

"Əgər tərəflər arasında razılaşma varsa və işçi təqsirini qəbul edirsə, bu zaman tutulma işçinin əməkhaqqına yönəldilə bilər. Lakin burada da qanunla müəyyən edilmiş ciddi məhdudiyyətlər mövcuddur. Əmək Məcəlləsinə əsasən, əməkhaqqından tutulmalar aylıq maaşın 20 faizi həddində, maksimum isə 50 faizə qədər ola bilər", - deyə C.Qasımzadə əlavə edir.

Ekspert vurğulayır ki, məsələn, dəymiş zərər 3 000 manatdırsa, işçinin aylıq əməkhaqqı 1 000 manatdırsa, hər ay maaşından 200 manat tutulmaqla zərər mərhələli şəkildə ödənilə bilər: "Tutulma heç bir halda əməkhaqqının yarısından artıq ola bilməz".

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...