Redaktor
"Apple"ın tarixi gəlir artımı RAM xərcləri ilə bağlı xəbərdarlıqla kölgədə qaldı
“Apple” bir müddətdir davam edən durğun performansını geridə qoyaraq maliyyə hesabatlarında ciddi yüksəliş nümayiş etdirib.
Valyuta.az xəbər verir ki, analitik gözləntilərini xeyli üstələyən şirkət 27 dekabr 2025-ci ildə başa çatan 2026 maliyyə ilinin birinci rüb nəticələrini açıqlayıb. Paylaşılan məlumatlara əsasən, “Apple” ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım əldə edərək 143,8 milyard dollarla rekord gəlirə imza atıb.
Şirkətin xalis mənfəəti 42,09 milyard dollara çataraq tarixində ən yüksək səviyyəni görüb. Bu nəticələr “Apple”ın bazardakı mövqeyini qorumaqla yanaşı, daha da gücləndirdiyini göstərir.
Bu böyük böyümənin əsas hərəkətverici qüvvəsi, ənənəvi olaraq, “iPhone” satışları olub. Qlobal miqyasda “iPhone”a olan tələbat o qədər artıb ki, məhsul bütün coğrafi regionlarda satış rekordları qıraraq indiyə qədərki ən uğurlu rübünü yaşayıb. Xüsusilə Çin bazarında qeydə alınan 38 faizlik artım satışları 25,5 milyard dollara yüksəldərək diqqətçəkən nəticə yaradıb. “iPhone”dan əldə edilən ümumi gəlir 85,2 milyard dollara çatıb. Bu dövrdə “Mac” satışlarında 7 faiz, geyilə bilən texnologiyalar kateqoriyasında isə 2 faiz azalma müşahidə olunub. “iPad” seqmentində isə 6 faizlə nisbətən təvazökar artım qeydə alınıb.
“Apple”ın baş icraçı direktoru Tim Kuk dünya üzrə aktiv istifadə olunan “Apple” cihazlarının sayının 2,5 milyardı keçdiyini bildirib. Bu geniş istifadəçi bazası şirkətin xidmətlər bölməsini də gücləndirib və “Apple Music”, “iCloud” və tətbiq mağazası kimi xidmətlərdən əldə olunan gəlir 30 milyard dollara çataraq yeni zirvə müəyyən edib. Şirkətin yeni maliyyə direktoru Kevan Parek bu güclü performansın səhm başına qazancı 19 faiz artırdığını, əməliyyat nağd pul axınının isə 54 milyard dollar səviyyəsinə yüksəldiyini qeyd edib. Bu göstəricilər sayəsində “Apple” səhmdarlarına təxminən 32 milyard dollar geri ödəniş həyata keçirib.
Bununla belə, bütün göstəricilər müsbət deyil. İnvestorları narahat edən xərclərin artımı ilə bağlı Tim Kuk daha ehtiyatlı mövqe sərgiləyib. RAM qiymətlərindəki ciddi yüksəlişin ötən rübdə mənfəət marjalarına ciddi təsir etmədiyini bildirən Kuk, bu təsirin ikinci rübdə daha aydın hiss olunacağını deyib. “Apple” növbəti rüb üçün 13–16 faiz aralığında böyümə proqnozlaşdırsa da, açıqlanan güclü hesabat və müsbət gözləntilər fond bazarında gözlənilən reaksiyanı yaratmayıb və şirkət səhmləri ticarət saatlarından sonra sabit qalıb. Şirkət həmçinin fevral ayının ortalarında ödənilmək üzrə səhm başına 0,26 dollar nağd dividend paylanacağını da açıqlayıb.
Paşa Məmmədli