Redaktor
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar
Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “Oilmar Shipping and Chartering” DMCC ətrafında müzakirələr keçmiş SOCAR rəsmisi və iş adamı Adnan Əhmədzadənin həbsi fonunda yenidən gündəmə gəlib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, şirkətin baş direktoru Yusif Məmmədov haqqin.az-a verdiyi geniş müsahibədə səhmdarlıq strukturu, SOCAR-la əlaqələr, “kölgə donanması” iddiaları və Rusiya nefti ilə bağlı suallara münasibət bildirib.
Məmmədovun sözlərinə görə, “Oilmar” 2015-ci ildə Dubayda azərbaycanlı sahibkar İlham Qədimzadə tərəfindən təsis edilib. Onun iddiasına əsasən, Adnan Əhmədzadə şirkətin qurucusu olmayıb və yalnız 2024-cü ildə pay alaraq passiv investor qismində iştirak edib. “Şirkətin faktiki olaraq ona məxsus olması barədə deyilənlər korporativ sənədlərlə təsdiqlənmir”, – deyə o vurğulayıb.
SOCAR-la əlaqələr və biznes modelinin dəyişməsi
Yusif Məmmədov bildirib ki, Əhmədzadə 2024-cü ildə SOCAR-dan ayrıldıqdan sonra özəl investisiyalar axtararkən “Oilmar”a sərmayə qoyub. Onun sözlərinə görə, həmin vaxt şirkət artıq SOCAR-la əməkdaşlığı dayandırmış və beynəlxalq bunker yanacağı ticarətinə fokuslanmışdı.
“Əhmədzadə operativ idarəetmədə iştirak etməyib. Şirkət hər zaman menecment komandası tərəfindən idarə olunub”, – deyə baş direktor qeyd edib.
Məmmədov əlavə edib ki, 2023-cü ildən etibarən “Oilmar” gəmiçilik və kommersiya idarəçiliyindən tam çıxaraq bunker yanacağı ticarətinə keçib. 2024-cü ildə isə şirkət brendini yeniləyərək adını “Oilmar DMCC” kimi rəsmiləşdirib.
Hazırda şirkətin əsas fəaliyyəti bunker yanacağının beynəlxalq ticarətidir. Məmmədovun sözlərinə görə, son bir ildə 1 milyon tondan artıq bunker yanacağı satılıb. O qeyd edib ki, gəlirlərin nominal artımı əsasən yanacaq qiymətlərindəki dəyişkənliklə bağlıdır və əməliyyat həcmini tam əks etdirmir.
Menecmentin payı alması: formal addım, yoxsa riskdən qorunma?
Əhmədzadənin həbsi sonrasında şirkət səhmlərinin menecment tərəfindən geri alındığı açıqlanmışdı. Bu addımın mümkün müsadirə riskindən yayınmaq məqsədi daşıyıb-daşımadığı sualına cavab olaraq Məmmədov bildirib ki, bu, “şirkətin sabitliyini qorumaq üçün qəbul edilmiş idarəetmə qərarı” olub.
Onun sözlərinə görə, hazırda “Oilmar DMCC” 100 faiz ona məxsusdur və digər benefisiar yoxdur. “Şirkət hüquqi və korporativ baxımdan keçmiş səhmdardan tam təcrid edilib”, – deyə o vurğulayıb.
“Kölgə donanması” və Rusiya nefti ilə bağlı iddialar
Şirkət rəhbəri “Oilmar”ın heç vaxt “kölgə donanması” ilə əlaqəsi olmadığını bildirib. O qeyd edib ki, şirkət Avropa və BƏƏ bankları tərəfindən maliyyələşdirilir və beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılır. Bu isə, onun fikrincə, sanksiya və komplayens rejimlərinə riayət olunduğunu göstərir.
Rusiya nefti ilə bağlı suallara cavab olaraq Məmmədov deyib ki, şirkət 10 illik fəaliyyəti ərzində bir barel belə xam neft almayıb və satmayıb. O, xüsusilə vurğulayıb ki, 2022-ci ilin fevralından sonra da hər hansı Rusiya mənşəli xam neft ticarətində iştirak etməyiblər.
Onun sözlərinə görə, Xəzər regionunda hasil olunan neftin daşınması ilə bağlı son əməliyyat 2019-cu ildə baş tutub və həmin vaxt birbaşa müqavilə tərəfi kimi “Lukoyl” çıxış etməyib.
Bazar və enerji keçidi kontekstində
Məmmədov qlobal enerji keçidi ilə bağlı bildirib ki, ənənəvi yanacaqdan tam imtina real deyil və proses mərhələli şəkildə aparılmalıdır. Şirkət aşağı kükürdlü yanacaq və bioyanacaq qarışıqları üzərində işləyir, eyni zamanda “yaşıl metanol” kimi alternativlərin logistikasını araşdırır.
Onun fikrincə, dekarbonizasiya yalnız texniki deyil, həm də maliyyə və sığorta mexanizmlərinin uyğunlaşdırılması ilə mümkündür.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026