Redaktor
"Lamborghini" əvvəllər traktor istehsal edirdi, "Samsung" isə balıq ticarəti ilə məşğul idi - SƏHƏR OXUSU
Bu gün qlobal bazarda lider sayılan bir çox şirkət fəaliyyətə tamamilə fərqli istiqamətlərdə başlayıb. Sonradan strategiyalarını dəyişərək yeni imkanlara uyğunlaşmaları isə onların uğurunun əsas səbəbinə çevrilib.
Valyuta.az tamailə fəaliyyət istiqamətlərini dəyişən məşhur brendləri təqdim edir:
Kitab satışı ilə başlayıb texnologiya nəhənginə çevrilən "Amazon"
1994-cü ildə Jeff Bezos tərəfindən onlayn kitab mağazası kimi yaradılan şirkət sonradan məhsul çeşidini genişləndirərək elektron ticarət liderinə çevrildi. Daha sonra "Amazon Web Services" (AWS), "Prime" və "Kindle" kimi xidmətlər şirkətin texnologiya ekosistemini qurdu. Şirkət ilk 4 ildə satışlarını 1 milyard dollara, 20 il ərzində isə 100 milyard dollardan çox səviyyəyə çatdırdı.
"Starbucks" əvvəlcə qəhvə satmırdı
1971-ci ildə qurulan "Starbucks" ilk vaxtlar yalnız qəhvə dənələri və çay satışı ilə məşğul idi. 1980-ci illərdə Howard Schultz-un rəhbərliyi ilə şirkət Avropa tipli “coffeehouse” modelinə keçərək bugünkü qlobal şəbəkəyə çevrildi.
"Nokia" kağız zavodundan mobil telefon liderinə qədər
1865-ci ildə Finlandiyada sellüloz istehsalı ilə fəaliyyətə başlayan "Nokia" sonradan kabel, elektronika və telekommunikasiya sahələrinə daxil oldu və 1990-cı illərdə dünyanın ən böyük mobil telefon istehsalçısına çevrildi.
"3M" uğursuz mədən layihəsindən innovasiya şirkətinə çevrildi
1902-ci ildə mədən şirkəti kimi yaradılan "3M" keyfiyyətsiz xammal səbəbilə istiqamətini dəyişərək yeni məhsullar hazırlamağa başladı. Bu gün şirkət tibbi materiallardan elektron cihazlara qədər minlərlə məhsul istehsal edir.
"Wrigley" sabun satmaq istəyirdi, saqqız imperiyası qurdu
1891-ci ildə sabun və qabartma tozu istehsal edən şirkət müştərilərə hədiyyə etdiyi saqqızın daha populyar olduğunu görərək bütün diqqətini bu sahəyə yönəltdi.
"Avon" kitab satışı ilə başlayıb kosmetika brendinə çevrildi
1886-cı ildə qapı-qapı kitab satışı edən şirkət müştərilərə təqdim etdiyi ətir nümunələrinin daha çox maraq doğurduğunu anlayaraq gözəllik məhsullarına fokuslandı.
"Hasbro" tekstil qalıqlarından oyuncaq nəhənginə qədər
1923-cü ildə tekstil materialları istehsal edən şirkət sonradan oyuncaqlara keçərək "Transformers" və "G.I. Joe" kimi məşhur məhsullar yaratdı.
"IBM" mexaniki avadanlıqlardan süni intellekt və bulud texnologiyalarına
1911-ci ildə biznes maşınları istehsal edən şirkət zamanla kompüter sənayesinin əsas oyunçularından birinə çevrildi və bu gün bulud texnologiyası, süni intellekt və kvant hesablamalarına fokuslanır.
"Samsung" qurudulmuş balıq ticarətindən elektronika nəhənginə
1938-ci ildə kiçik ticarət şirkəti kimi fəaliyyətə başlayan "Samsung" illər ərzində elektronika sahəsinə yönələrək smartfon və məişət texnikası bazarının liderlərindən biri oldu.
"Lamborghini" traktor istehsalından lüks idman avtomobillərinə
1948-ci ildə traktor istehsalı ilə məşğul olan "Ferruccio Lamborghini" 1963-cü ildə idman avtomobilləri istehsalına başlayaraq avtomobil sənayesində prestijli markaya çevrildi.
Sərvanə Rəmixanova