Redaktor
2025-ci ildə biznes dünyasında önə çıxan texnologiya trendləri
2025-ci il süni intellekt sahəsində baş verən sürətli inkişaflarla biznes dünyasında dərin transformasiya ili kimi yadda qalıb. Şirkətlər məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və rəqabət üstünlüyü qazanmaq üçün texnologiyaya daha çox yatırım edib.
Valyuta.az xəbər verir ki, araşdırmalara görə, korporativ süni intellekt bazarı 2023-cü ildə 1,7 milyard dollar olduğu halda, 2025-ci ildə 37 milyard dollara yüksələrək SaaS (Software as a Service) bazarının təxminən 6 faizini təşkil edib. Bu göstərici texnologiya tarixində ən sürətli böyümə templərindən biri kimi qiymətləndirilir.
Generativ süni intellekt biznesi dəyişdi
"OpenAI"ın "ChatGPT" kimi böyük dil modelləri ilə sürət qazanan generativ süni intellekt 2025-ci ildə yüz milyonlarla istifadəçiyə çataraq biznes mühitində geniş tətbiq olunmağa başlayıb. "McKinsey"nin araşdırmasına əsasən, şirkətlərin 88 faizi ən azı bir biznes funksiyasında süni intellektdən istifadə edir, 62 faizi isə süni intellekt agentlərini pilot mərhələdə sınaqdan keçirir. Bu texnologiyalar marketinq, proqramlaşdırma və müştəri xidmətlərində məhsuldarlığı əhəmiyyətli dərəcədə artırıb.
Otonom süni intellekt agentləri
2025-ci ildə otonom süni intellekt agentləri “rəqəmsal işçi qüvvəsi”nin yeni mərhələsi kimi önə çıxıb. Bu sistemlər insan müdaxiləsi olmadan qərar qəbul edib prosesləri başdan sona icra edə bilir. Şirkətlərin 38 faizi bu agentləri test etsə də, yalnız 11 faizi onları tam istehsal mühitinə inteqrasiya edib. "Salesforce"un satış yönümlü süni intellekt köməkçiləri bu trendin əsas nümunələrindəndir.
Hiperavtomatlaşma sürət qazandı
Süni intellektlə robotik proses avtomatlaşdırmasının birləşməsi - hiperavtomatlaşma təkrarlanan işlərin daha sürətli və xətasız icrasını təmin edib. Hüquq, səhiyyə və maliyyə sektorlarında bu texnologiya minlərlə iş saatına və yüz minlərlə dollara qənaət edilməsinə imkan yaradıb.
Robotika və fiziki əməliyyatlar
2025-ci il süni intellektin fiziki iş proseslərinə də dərindən nüfuz etdiyi dövr olub. Amazon anbarlarında robot sayını 1 milyona çatdırıb, "BMW" isə istehsal xətlərində otonom daşıma sistemlərini genişləndirib. Bu yanaşma işçi çatışmazlığı fonunda şirkətlərə ciddi üstünlük verib.
Bulud, uç bilişim və infrastruktur
Artan süni intellekt istifadəsi texnoloji infrastrukturu da dəyişib. Şirkətlər yüksək xərclər səbəbindən hibrid modellərə - bulud, daxili server və uç bilişimin birləşməsinə üstünlük verməyə başlayıb. Xüsusilə maliyyə qurumları həssas məlumatları daxildə saxlayaraq real vaxt analizlərini uç bilişimlə həyata keçirib.
Kiber təhlükəsizlikdə süni intellekt
Süni intellekt 2025-ci ildə kiber təhlükəsizlikdə həm risk, həm də qoruyucu alət kimi çıxış edib. Saxta və avtomatlaşdırılmış hücumlar artsa da, müəssisələr maşın öyrənməsi əsaslı təhlükəsizlik sistemləri ilə bu risklərə qarşı müdafiəni gücləndirib.
Davamlılıq və “yaşıl” texnologiyalar
İqlim gündəmi texnologiya strategiyalarına da təsir edib. "Microsoft" karbon emissiyalarını izləmək üçün süni intellektdən istifadə edib, Unilever isə tədarük zəncirində süni intellekt və blokçeyn texnologiyalarını tətbiq edib. Nəticədə bəzi istehsal sahələrində enerji sərfiyyatı 15-20 faiz azalıb.
2026-cı ilə baxış
Ekspertlər hesab edir ki, 2025-ci ildə əsası qoyulan texnologiya trendləri 2026-cı ildə daha da dərinləşəcək. Süni intellekt agentləri pilot mərhələdən çıxaraq əsas biznes proseslərinin mərkəzinə yerləşəcək. Eyni zamanda etik qaydalar, tənzimləmə və məsuliyyətli süni intellekt anlayışı şirkətlər üçün əsas prioritetlərdən biri olaraq qalacaq.
Sərvanə Rəmixanova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİqtisadi Zonaların İnkişaf Agentliyi mühafizəyə 1.5 milyondan çox pul xərcləyəcək
10.01.2026Azərbaycan üzərindən Ermənistana şəkər göndəriləcək
10.01.2026"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb?
10.01.2026İşdən çıxarılan rəisin əvəzinə YENİ TƏYİNAT
10.01.2026Milyonlarla borcu olan "Kontakt Home"un direktoru yenidən cərimələndi
10.01.2026"Lüks alış-verişin 75%-ni aşağı gəlirli insanlar edir"
10.01.2026