
İşdə enerjinizi qoruyacaq 8 davranış
İşdə enerjinin bitməsi hissi çox insana tanışdır. Bəzən işi sevməyimizə baxmayaraq, enerjimiz tükənir və işimizə fokuslana bilmirik. Bu hiss iş fəaliyyətimizə də mənfi təsir göstərir. İşdə necə enerjik olaq? Enerji hissimizi necə qoruyaq?
Valyuta.az işdə enerjik qalmağın yollarını təqdim edir.
İşdə enerjik qalmaq üçün həm fiziki, həm də zehni aspektləri balansda saxlamaq vacibdir.
1. Yuxu rejiminə diqqət
Yuxusuzluq problemi dünya üzrə getdikcə geniş bir hal alır. Tədqiqatlar göstərir ki, pandemiyadan sonra yuxusuzluq halları 50%-ə yaxın artıb. Ona görə də yuxusuz qalmağınıza təsir göstərən nə varsa, aradan qaldırmağa çalışın. Gecə 7-8 saat keyfiyyətli yuxu beynin və bədənin enerjisini bərpa edir.
2. Günə hərəkətlə başla
Günə hərəkətlə başlamağın həm bədənə, həm də beyinə müsbət təsirləri var.
Səhər 5-10 dəqiqəlik yüngül idman, gərilmə və ya sadə gəzinti qan dövranını sürətləndirir, enerjini artırır.
3. Fasilələr ver
Araşdırmalara görə, insan beyni 90-120 dəqiqəlik dövrlərlə işləyir. Bunlara ultradian ritmlər deyilir. Bu ritmlərə uyğun olaraq, bir müddət fokuslanıb, sonra qısa fasilə vermək enerji səviyyəsini qorumağa kömək edir. “Harvard Business Review” yazır ki, fasiləsiz 4-5 saat işləmək yerinə, dövrlərlə işləmək produktivliyi 30-40% artırır. Hər 60-90 dəqiqədən bir qısa fasilə götürmək zehnə müsbət təsir göstərir. Bundan başqa tədqiqatlar göstərir ki, sadəcə 5 dəqiqəlik gəzinti belə beynin kreativliyini 60% artırır. Ofisdə yalnız oturmaq əvəzinə gündə bir neçə dəfə qalxıb gəzmək, pilləkənlərlə çıxmaq və ya sadəcə pəncərə önündə durmaq belə enerjini yüksəldə bilər.
4. Sağlam qidalan
Şəkərli və ağır yeməklər əvəzinə protein, meyvə, tərəvəz və bol su qəbul etmək enerji ehtiyatınızı artıracaq. Karbohidratların çoxu yorğunluq verir. Ona görə də yüngül qidalar qəbul etmək daha faydalı ola bilər.
5. Prioritetlərini müəyyənləşdir
İşdə etməli olduğunuz vacib işləri həll edin. Ən vacib işləri günün əvvəlində etmək motivasiyamızı artırır. Bu uğur hissi iş müddətində enerjinizi yüksək tutacaq. Əlavə olaraq, iş prosesində kiçik uğurlar, “tapşırıq tamamlandı” hissi dopamin ifrazını artırır, bu da motivasiya və enerji deməkdir. Ona görə tapşırıqları bölmək və hər birini tamamladıqca özünü mükafatlandırmaq (kiçik fasilə, sevimli mahnı, qəhvə) beyində motivasiya dövrünü gücləndirir.
6. Stressi idarə et
İş yerində stressin idarə olunması məhsuldarlıq və psixoloji sağlamlıq üçün kritik əhəmiyyət daşıyır. American Psychological Association (APA)-nın məlumatına görə, mütəmadi stress beyin funksiyalarını zəiflədir və qərarvermə qabiliyyətini azaldır. Stress yaşadıqda qısa nəfəs məşqləri, meditasiyalar və ya musiqi zehni rahatlandıra bilər.
7. Mühitə diqqət et
İş mühitinin işıqlandırma, səs səviyyəsi və hava keyfiyyəti kimi fiziki faktorları əməkdaşın kognitiv performansına və enerjisinə birbaşa təsir edir. İsveçdəki Karolinska İnstitutunun araşdırmasına görə, təbii işıqda çalışan işçilər daha az yorğunluq və stress yaşayır, bu da onların iş gününü daha enerjili keçirməsinə səbəb olur. Araşdırmalar göstərir ki, süni işıq altında çalışanlarla təbii işıq görənlərin performansı arasında fərq 20%-ə qədər ola bilər. Təbii gün işığı serotonin ifrazını gücləndirərək əhvalı qaldırır.
8. Sosial enerji
İnsan sosial varlıqdır. Google kimi şirkətlər əməkdaşların sosiallaşmasını təşviq edir, çünki bunun enerji və motivasiyaya təsiri elmi olaraq sübut olunub. Qısa bir zarafat, fikirlərin bölüşülməsi və ya sadəcə gülümsəmək belə iş mühitində “enerji dövranı” yaradır.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay