
Bildiyimiz sistemin bilmədiyimiz adı – Ekvayrinq nədir? - SƏHƏR OXUSU
Müasir dövrdə alış-verişin əsas hissəsi nağdsız, yəni kart vasitəsilə həyata keçirilir. Artıq cibimizdəki kağız puldan çox, plastik kartlar gündəlik həyatımızda üstünlük təşkil edir. Marketlərdə, apteklərdə, yanacaqdoldurma məntəqələrində və onlayn mağazalarda etdiyimiz ödənişlərin arxasında isə çox vacib və bir o qədər də az tanınan bir sistem durur. Bu sistemin adı ekvayrinqdir.
Bəs ekvayrinq nədir, necə işləyir və gündəlik həyatımıza necə təsir edir?
Valyuta.az bu yazıda ekvayrinqin mahiyyəti, iştirakçıları və üstünlükləri haqqında məlumatı təqdim edir:
Ekvayrinq – bank və ya maliyyə təşkilatının ticarət obyektlərinə POS-terminal və ya onlayn ödəniş sistemi təqdim edərək, bu ödənişləri emal etməsi xidmətidir. Başqa sözlə, mağazada və ya saytda kartla ödədiyiniz məbləğin satıcının hesabına çatmasını təmin edən sistem ekvayrinq adlanır.
Ekvayrinq prosesi bir neçə iştirakçının qarşılıqlı əlaqəsi ilə həyata keçirilir:
Bunlardan birincisi ödənişi həyata keçirən şəxs, yəni kart sahibi olan müştəridir.
Növbəti iştirakçı məhsul və ya xidmət təklif edən şəxs və ya müəssisədir.
Daha bir iştirakçı ekvayrinq bankı (ekvayrer), yəni POS-terminal və ya onlayn ödəniş sistemini təqdim edən bankdır.
Sonuncu iştirakçı isə kartı verən bank (issuer) və ya müştərinin istifadə etdiyi kartı çıxaran bankdır.
Ekvayrinq prosesinin necə işləməsi də maraq doğuran məsələlərdəndir.
Əməliyyatın texniki ardıcıllığı aşağıdakı kimidir:
- Müştəri kartını POS-terminala daxil edir və ya onlayn şəkildə məlumatları təqdim edir.
- Terminal bu məlumatları ekvayrinq bankına ötürür.
- Ekvayrinq bankı bu əməliyyatı kartı verən banka yönləndirir.
- Kart sahibinin hesabında kifayət qədər vəsait varsa, əməliyyat təsdiqlənir.
- Pul satıcının hesabına köçürülür və müştəri alış-verişini tamamlayır.
Bu proses 2-5 saniyə ərzində baş verir və müasir ticarətdə sürət və rahatlığın əsasını təşkil edir.
Ekvayrinqin 3 növü var. Bunlardan birincisi POS-ekvayrinqdir. Bu sistemlə fiziki ticarət nöqtələrində - marketlərdə, mağazalarda kartla ödənişlər üçün istifadə olunur. İnternet-ekvayrinq isə onlayn alış-verişlər üçün nəzərdə tutulmuş ödəniş sistemidir. Mobil ekvayrinqdə isə mobil cihazlar vasitəsilə ödənişlərin qəbuluna imkan verir
Ekvayrinq xidmətinin hər iki tərəf üçün bir çox üstünlükləri var.
Satıcı üçün üstünlükləri nağdsız ödəniş imkanları, gündəlik satışların avtomatik uçotu, müştəri məmnuniyyəti və etibarı, təhlükəsiz və izlənəbilən əməliyyatlar yaratmaqdan ibarətdir.
Müştəri üçün isə üstünlükləri rahat və sürətli ödəniş, pulqabısız alış-veriş, xərclərə nəzarət və bank bildirişlərinin olmasıdır.
Ekvayrinq xidmətləri ödənişsiz olmur. Adətən banklar hər ödəniş üçün satıcıdan 0.5% – 2% arasında komissiya haqqı alırlar. Bu komissiya bankın xidmət haqqı kimi çıxış edir və bəzi hallarda bu məbləğ məhsulun qiymətində də əks oluna bilər.
Azərbaycan qanunvericiliyinə əsasən, satıcıların müştərinin razılığı olmadan əlavə ödəniş tələb etməsi və ya POS-terminaldan imtina etməsi qanunsuzdur. Eyni zamanda, ekvayrinq əməliyyatları yüksək texnoloji təhlükəsizlik standartlarına (şifrələmə, 3D Secure, tokenizasiya və s.) əsasən həyata keçirilir.
Qeyd edək ki, ekvayrinq müasir ticarətin görünməyən amma vacib sütunlarından biridir. O, həm satıcıya, həm də alıcıya rahat, təhlükəsiz və şəffaf alış-veriş mühiti yaradır. Gələcəkdə nağdsız ödənişlərin artması ilə ekvayrinq sistemləri daha da inkişaf edəcək və rəqəmsal iqtisadiyyatın ayrılmaz hissəsinə çevriləcək.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay