
Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş
Konfort zonasının mərkəzində qalaraq heç bir zaman uğura çatmaq mümkün deyil. Beynimiz elə bir quruluşa malikdir ki, bir az stress yaşamadan hərəkətə keçməsi çox çətindir. Konfort zonasından çıxanda aktivliyiniz artır. Sərhədlərinizi aşmaq üçün Everestə qalxmaq lazım deyil. Əsas dəyişikliklər gündəlik əlavə cəhdlərlə baş verir. Əgər fəaliyyətsizlik və tənbəllikdən şikayət edirsinizsə, bir az fədakarlıqla sizi narahat edərək performansınızı artıracaq və nəticədə uğura aparacaq bir neçə vərdişə yiyələnməyiniz vacibdir.
Valyuta.az sizi uğura aparacaq həmin vərdişlərdən bir neçəsini təqdim edir:
Səhər tezdən oyanın - Əgər erkən oyanmağa alışmamısınızsa, hər zaman oyanmağa öyrəşdiyiniz saatdan daha tez oyanmaq sizi konfort zonasından çıxarır. Bu, gün ərzində görəcəyiniz işləri planlamağa vaxt qazandırır. İşdən işə tələsib qaçmaq əvəzinə, daha planlı bir gün keçirirsiniz. Həmçinin idman və sağlam səhər yeməyi üçün daha çox zamanınız olar. Bütün bunlar sağlam bədən və zehin üçün vacibdir.
“İmkansız” görünən bir işi bacarın - Heç vaxt edə bilməyəcəyinizi düşündüyünüz bir şeyi bacarmaq qədər insana xoşbəxtlik verən çox az şey var. Bu, marafon qaçmaq, boğazı üzərək keçmək və ya bir konfransda açılış nitqi söyləmək ola bilər. Bu cür işlərə sərf etdiyiniz əmək, sizə qat-qat geri dönəcək. Meditasiya edin Əgər günləriniz çox gərgin keçirsə, bəzən nə etdiyinizi və niyə etdiyinizi düşünməyə fürsət tapmırsınız. Meditasiya bu mənasız dövrü qırır və özünüzə dönməyinizə kömək edir. Harvard Universitetində işləyən nevroloq Sara Lazarın araşdırmasına görə, meditasiya beyində fiziki dəyişikliklərə səbəb olur və beynin problem həlli və çevikliklə əlaqəli bölgələrini inkişaf etdirir.
Eyni anda yalnız bir işə fokuslanın - Tam diqqətinizi bir məsələyə yönəltmək risklidir. Çünki bütün enerjinizi sərf etdiyiniz iş uğursuz olarsa, zəhmətiniz boşa çıxmış olar. Digər tərəfdən “multi-tasking”, yəni bir neçə işi eyni anda görmək məhsuldarlığınızı azaldır. Stanford Universitetində aparılmış araşdırmaya görə, eyni anda bir neçə işlə məşğul olan insanlar, bir işə fokuslananlardan daha az səmərəlidir. Yəni “bir qoltuqda iki qarpız” məsələsi effektiv deyil. Qarpızları bir-bir daşımaq həm sizin, həm də qarpızlar üçün daha sağlam nəticə verər.
Könüllü olun - Kaş ki hər kəs bir məqsəd uğrunda könüllü ola biləydi… Amma hər birimizin fərqli prioritetləri var və bu da normaldır. Lakin işdən çıxıb evdə pişik videolarına baxmaq əvəzinə, məsələn, bir uşaq fondunda könüllü olub uşaqlara ingilis dili öyrətsəniz, özünüzü daha yaxşı hiss edər və gözəl insanlarla tanış olarsınız.
Toplum qarşısında danışmaq məşqləri edin - Çox insan kütlə qarşısında danışmaqdan çəkinir. Eyni anda 100 nəfərə xitab etmək, əlbəttə ki, asan deyil. Lakin bu bacarığı qazandıqda, karyeranız üçün əhəmiyyətli üstünlük əldə etmiş olursunuz.
Tanımadığınız insanlarla söhbət edin - Əgər çox ünsiyyətcil biri deyilsinizsə, yeni insanlarla tanış olmaq çətin ola bilər. Çoxumuz üçün yeni biri ilə söhbətə başlamaq asan deyil. Amma nə olursa olsun, yeni insanlarla tanış olun və söhbət edin. Sosial təmas sizi yaxşı hiss etdirər, çevrənizi genişləndirər və yeni fikirlər öyrənmənizə səbəb olar.
Susmaq lazım olan yeri bilin - Özünüzü ifadə etmək və ya dolmuş hisslərinizi birdən açmaq bəzən yaxşı hiss etdirə bilər. Amma bu hiss keçicidir. Bugün belə etdiniz, bəs sabah nə olacaq? İnsan təbiəti etibarilə haqlı olduğunu sübut etmək istəyər. Amma hisslərinizi və sözlərinizi nəzarətsiz ifadə etdiyinizdə, münasibətlərdə dərin yaralar açıla bilər. Onun əvəzinə düşünün, ani reaksiyalardan qaçın.
“Yox” deməyi bacarın - Kaliforniya Universitetində aparılan araşdırmaya görə, “yox” deməkdə çətinlik çəkən insanlar stress və depressiyaya daha meyllidirlər. “Xeyr, təşəkkür edirəm” demək bir çox insan üçün çətin olsa da, bu vərdişi qazanmaq vacibdir. “Baxarıq, inşallah, bəlkə” əvəzinə sadəcə “yox” deyin. Yerinə yetirə bilməyəcəyiniz sözlər vermək uzun müddətdə sizə daha çox zərər verər. Enerjinizi və zamanınızı aparacaq şeylərə “yoxr” demək, üzərinizdən böyük bir yük alacaq.
Təxirə salmayın - Dəyişmək və özünü inkişaf etdirmək çətindir. Buna görə də etməli olduğumuz bir çox şeyi təxirə salırıq. Həmişə “sabah edərəm, bazar ertəsi başlayaram” deyirik. Amma nə hikmətdirsə, o sabahlar və bazar ertələri bir cür gəlmir. Sabah etməyin, indi edin. Həvəsiniz qaça bilər, başqa işlər çıxar. Amma bu günün işini sabaha qoymayın.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay