Universiteti yarımçıq qoyub Azərbaycanda rəqibi olmayan startap qurdu

Redaktor

12.11.2025 11:17
2,074

Universiteti yarımçıq qoyub Azərbaycanda rəqibi olmayan startap qurdu

Universiteti yarımçıq qoydu, cəmi sıfır maliyyə ilə öz startapını qurmaq qərarına gəldi. Ailəsindən və dostlarından aldığı 30 min dollar, eləcə də investorlardan əldə olunan 50 min dollar sayəsində indi o, brendlərə fiziki məhsulları rəqəmsal dünyaya daşımaq imkanı verən startapı yaratdı. Söhbət "Tryverse" startapının həmtəsisçisi Orxan Məmmədovdan gedir. Qeyd edək ki, layihənin digər ortağı Emin Vəliyevdir.

Valyuta.az olaraq Orxan Məmmədov ilə layihələri haqqında söhbətləşdik.

- Orxan bəy, hansı universitetdə və hansı ixtisas üzrə təhsil almısınız?

- Bakı Mühəndislik Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışam, lakin bitirmədən ayrılmışam.

- Universiteti yarımçıq qoyma qərarını verməyiniz necə oldu?

- 2-ci kursdan etibarən proqramlaşdırma sahəsinə marağım artdı və bu istiqamətdə öyrənməyə, işləməyə başladım. Proses irəlilədikcə, mən universitetdən ayrılmaq qərarını verdim.

"Heç vaxt yaxşı proqramçı olmamışam"

- Proqramlaşdırma sahəsi ilə tanışlığınız məhz tələbə vaxtı oldu?

- Yox, məktəb vaxtlarımdan proqram təminatı və texnologiya tarixinə marağım olub. Elə bu maraqdan çıxış edərək özüm-özümə öyrənməyə (self-study) başlamışam və bu sahədə işləməyə cəhd etmişəm. Amma heç vaxt yaxşı proqramçı olmamışam. Əsas məqsədim bu sahənin potensialını öyrənmək və təcrübə qazanmaq idi.

- "Tryverse" ideyasının yaranması necə oldu?

- 2018-ci ildə AR texnologiyası ilə yaxından tanış olmuşdum və böyük potensialı olduğuna inanırdım. Həmin vaxtı indiki həmtəsisçim Emin Vəliyevlə digital agentlikdə işləyirdik. İlk dəfə bunu yerli mebel markalarına 3D və AR göstərən bir tətbiq kimi təklif etmək istədik. Maraq olsa da, büdcə uyğunsuzluğundan layihə reallaşmadı. Daha sonra bir müddət fasilə verdik, 2021-ci ildə layihəni daha effektiv reallaşdıra bilmək üçün Azərbaycan Beynəlxalq Bankının İnnovation inkubasiya proqramına müraciət etdik və qəbul aldıq. Bu dövr ərzində inkubasiya və təcrübəli mentorların dəstəyi ilə məhsulun prototipini və biznes modelini təkmilləşdirə bildik və bunu veb üzərindən daha rahat tətbiq olunan bir alət kimi mebel markalarına təklif etməyə başladıq. Bir neçə prototip yaradıb, "upwork" və "fiverr" kimi platformalara yerləşdirdik. İlk müştərimiz 2022-ci ildə Almaniyadan SPA məhsulları satan marka oldu, tamamilə fərqli sahədən idi. Hələ prototip halında ikən ilk satışlarımızı etdik, bunun sayəsində əlavə investisiya aldıq və komanda quraraq MVP platformanı yaratdıq.

Bu dövr ərzində bir neçə brendlə işləyərək fiziki məhsulların 3D və rəqəmsal əkizlərinin yaradılmasının brendlərə nə qədər fayda yaratdığını gördük. "Tryverse"i fiziki məhsul satan markalara öz məhsullarının 100% reala yaxın 3D rəqəmsal əkizlər yaratmaq və bu texnologiyanı satış, dizayn, marketinq kimi bütün mərhələlərdə istifadə etməyə imkan verən platformaya çevirdik.

“Tryverse" markalara məhsullarını real dünyadan rəqəmsal dünyaya daşımaq və orada yaşatmaq imkanı yaradır, bu isə xərcləri azaltmaq, müştəri təcrübəsini yaxşılaşdırmaq və satışları artırmaq imkanı verir"

- İstəyərdim bu texnologiyaların sadə dildə izahı ilə bizneslərə necə fayda qatdığından danışaq.

- Biz markalara məhsullarının tam dəqiq 3D rəqəmsal əkizlərini qurmaq və bu əkizləri dizayn, satış, marketinq, istehsal və müştəri dəstəyi kimi bütün mərhələlərdə istifadə etməyə imkan veririk. Sadə dillə desək, 3D rəqəmsal əkiz – hər hansı bir fiziki məhsulun eyni görünüşə və xüsusiyyətlərə malik virtual (rəqəmsal) surətidir. Yəni bir şirkətin istehsal etdiyi məhsulun tam dəqiq 3 ölçülü modeli xüsusi texnologiyalarla yaradılır. Bu model məhsulun forma, rəng, ölçü, material kimi bütün detalları ilə real versiyasını tam şəkildə təkrarlayır. Məsələn, bir ayaqqabı brendi öz yeni modelinin 3D rəqəmsal əkizini yaradır.

Bu əkiz sayəsində dizaynerlər onun formasını dəyişə, marketinq komandası onu onlayn reklamda göstərə, müştərilər isə onu virtual şəkildə geyinib baxa bilərlər. Bu, heç real məhsul istehsal olunmadan mümkündür.

Bu, sadəcə 3D modellər deyil: məhsulun rəqəmsal varlığıdır. Marka bir dəfə məhsulun rəqəmsal əkizini yaradır və onu istənilən platformada - vebdə, artırılmış reallıqda, reklamda və hətta interaktiv satış məkanlarında istifadə edə bilir.

Xidmətlərimizə 3D modelləşdirmə və fotoreal vizuallaşdırma, AR və 3D veb inteqrasiyası (Shopify, WooCommerce və s.), AR (Augmented Reality – Azərbaycan dilində “artırılmış reallıq” deməkdir) daxildir. Bu texnologiya real dünyanı virtual elementlərlə birləşdirir. Yəni, sən telefonu və ya planşeti bir obyektə tuşlayırsan və ekran vasitəsilə həmin obyektin üzərinə rəqəmsal görüntülər, yazılar, 3D modellər əlavə olunmuş formada görürsən. Məsələn, telefon kamerasını masanın üstünə tutursan və ekranda həmin masanın üzərində rəqəmsal bir məhsulun 3D modeli peyda olur. Məsələn, bir brendin çantasını, saatını və ya mebelini reallıqda sanki oradadırmış kimi görürsən, fırlada, yaxınlaşdıra və hər tərəfdən baxa bilirsən.

“Tryverse" markalara məhsullarını real dünyadan rəqəmsal dünyaya daşımaq və orada yaşatmaq imkanı yaradır, bu isə xərcləri azaltmaq, müştəri təcrübəsini yaxşılaşdırmaq və satışları artırmaq imkanı verir.

- Niyə “Tryverse” adını seçdiz?

- “Tryverse” iki sözün birləşməsidir: Try (cəhd et) və universe (kainat). Demək olar 3 dəfə ad dəyişmişik. İlk ad ArHome, daha sonra İmajin. Əvvəlki adlar çox aydın anlaşılmır və insanlar necə yazıldığını anlaya bilmirdilər deyə, 2024-də bir neçə nümunədən arasından “Tryverse” adını seçdik. Təcrübə etmək və kainat sözlərinin birləşməsindən yaranıb. Fiziki məhsulların virtual məkanlarda təcrübə edilməsi imkanı verdiyimiz üçün bu adın uyğun olduğunu düşündük.

- Startapın ideyasından danışdıq. Bəs bu ideyanın tətbiqi bizneslərə nə qazandırır?

- Ən fundamental problem odur ki, fiziki məhsullar rəqəmsal dünyada hələ də parçalanmış formada yaşayır, dizayn ayrı sistemdə, satış başqa, marketinq isə tamam fərqli platformalarda və formatlarda. Nəticədə markalar məhsulları barədə məlumat, görüntü və kommunikasiya bütövlüyünü itirir. Biz bu problemi rəqəmsal əkiz ekosistemi ilə həll edirik. “Tryverse”in yaratdığı rəqəmsal əkizi dizayndan istehsala, satışdan müştəri dəstəyinə qədər hər mərhələdə istifadə edə bilirlər. Yəni, bir dəfə məhsulun rəqəmsal versiyası yaradılır və o, istənilən platformada - vebsaytda, sosial şəbəkədə, oyunlarda və ya “virtual mağazalarda” istifadə oluna bilir. Bu yanaşma satışları artırır, dizayn prosesini daha tez və rahat edir, istehsalda səhvlərin qarşısını alır, marketinq işlərini avtomatikləşdirir və ən əsası, brendi gələcəyin virtual ticarət dünyasına hazır vəziyyətə gətirir.

- Layihənin ən cəlbedici tərəfi nədir?

- "Tryverse"in ən cəlbedici tərəfi odur ki, biz fiziki və rəqəmsal dünyaları birləşdiririk. Yəni məhsul artıq yalnız istehsal və satış mərhələsində deyil, ən başdan rəqəmsal formada doğulur və bütün həyat dövrü boyu markaya xidmət edir. Bir dəfə yaradılan 3D rəqəmsal əkiz dizaynda, istehsalda, reklamda və satışda istifadə olunur. Bu, həm xərcləri azaldır, həm vaxt qazandırır, həm də markaya tam nəzarət imkanı verir. Ən maraqlısı isə odur ki, bu texnologiya yalnız satış aləti deyil, brendlərin gələcəyin “virtual kommersiya” dünyasına keçidi üçün əsas infrastruktur rolunu oynayır. Yəni “Tryverse” sadəcə məhsulları göstərmir: onlara yeni bir rəqəmsal həyat verir.

- Nə qədər vaxtdır fəaliyyətə başlamısınız? 

- Rəsmi olaraq 2023-cü ilin əvvəlində fəaliyyətə başladıq.

- Ortaqlarınız varmı?

- Layihədə ilk illərdə iki nəfər idik, mən və ortağım Emin. Daha sonra vizual və texniki tərəfləri gücləndirmək üçün komandaya bir neçə peşəkar 3D artist və proqramçı qoşuldu. Onları ideyanın potensialı, gələcəyin 3D olduğunu inandırmaqla cəlb edə bilmişik.

- Startapa başlayanda ilkin kapital nə qədər idi?

- Vəsait olaraq 0. Sadəcə əsasən vaxtımızı və biliklərimizi xərcləyərək ilk prototipi yaradıb satmağı hədəfləmişdik.

- Maliyyəni necə tapdız?

- Başlanğıc kapitalı ilk satışlarımızdan əldə etdik. Həmçinin ABB-nin İnnovasiya İnkubasiya proqramı vasitəsilə investorlara çıxış tapdıq. Bu il isə Google for Startups - Silkway Accelerator proqramları vasitəsilə mentorluq, texniki dəstək qazandıq, satışlarımızı artıra bildik. Hazırda isə yeni investisiya raunduna çıxmağa hazırlaşırıq.

- Azərbaycanda investisiya tapmaq çətindir?

- Bəli, çətindir, amma mümkünsüz deyil. Burada investorlar daha çox ənənəvi bizneslərə üstünlük verir. Onsuz heç kim 95% uğursuz olma ehtimalı olan, ancaq böyük vəd verən şəxslərə və ya komandalara yatırım etmək istəmir. Risk kapitalının az olmağı və venture üzrə hüquqi mexanizmlərin olmamağı da işləri çətinləşdirir. Amma son illər bu sahədə müsbət dəyişikliklər hiss olunur.

Ən vacibi kiçik başlayın, amma böyük düşünün. Heç vaxt mükəmməl anı gözləməyin.

- Ən çox nə qədər investisiya almısınız və bu günə kimi nə qədər maliyyə cəlb etmisiniz?

- 2023-də pre-seed mərhələsində ümumilikdə 80 min ABŞ dolları həcmində ilkin investisiya dəstəyi almışıq. 30 min dolları ailə və dostlardan, 50 min dolları isə 2 mələk investordan və bir xarici vençur kapital fondlarından aldıq. Ancaq bu, biz artıq satışlar etməyə başladıqdan sonra baş verdi. Hazırda seed mərhələsində yeni investisiya roundu başlatmışıq.

- “Tryverse”in qarşılaşdığı ən böyük çətinlik nə olub?

- Ən böyük çətinlik, insanları 3D və rəqəmsal əkizlərin əhəmiyyətinə inandırmaq deyərdim (Gülür). Bir çox şirkət hələ də "bu sadəcə vizualdır" kimi düşünür, amma əslində bu texnologiya satış, dizayn və istehsal zəncirini birləşdirir.

- Gənc startapçı kimi maliyyə dəstəyi taparkən ən çox hansı çətinliklərlə qarşılaşdınız?

- Biz satış edənə qədər investor axtarmağa çox da vaxt ayırmamışıq. Region, ölkə reallığı odur ki, burda yenilikçi ideyaya investisiya çox edilmir. Daha çox müştəri tapmağa çalışırdıq ki, ancaq texnologiya yeni olduğu üçün yerli müştəri tapmaq belə çətin idi, qaldı ki investor. İlk müştərimiz də, ilk investorumuz da xarici olub (ailə və dostları çıxsaq). ABB-nin inkubasiya mərkəzi bizə çox dəstək olub, ilk investorlarımızı da onların köməkliyi ilə tapmışdıq. Düşünürəm ki, bu kimi mərkəzlər nə qədər çox olsa, çətinliklər azalar.

- Startapla bağlı hansı hədəfləriniz var?

- Hazırda Türkiyə və körfəz ölkələri bazarına çıxmaq üçün fəaliyyət göstəririk. Önümüzdəki 1-2 il ərzində Çində fabriklərlə əməkdaşlıq qurmaq, “Shopify” və “Amazon” kimi platformaların partnyoru olmaq kimi hədəflərimiz var. Uzunmüddətli hədəfimiz isə "Tryverse"i qlobal 3D-commerce platformasına çevirməkdir.

- Azərbaycan bazarında rəqibləriniz varmı və kimlərdir?

- Hazırda Azərbaycanda bu sahədə birbaşa rəqibimiz yoxdur. Xaricdə isə CGTrader, Threekit və VNTANA kimi şirkətlər var, amma bizim üstünlüyümüz daha çevik, miqyaslana və fərdiləşdirilə bilən xidmət təklif etməyimizdir.

- Gənc startapçılara tövsiyəniz nədir?

- Ən vacibi kiçik başlayın, amma böyük düşünün. Heç vaxt mükəmməl anı gözləməyin. Sadəcə başlayın, sınayın, düzəldin və davam edin. Uzun müddət davam edə bilmək startap üçün ən vacib faktordur, ancaq zombi kimi yox, aktiv şəkildə uyğunlaşaraq. Əgər ideyanıza özünüz inanmasanız, heç kim inanmayacaq.

Tənzilə Ağabalayeva
 
 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...