Redaktor
Tez-tez sıradan çıxan 10 avtomobil açıqladı - SİYAHI
Avtomobil almazdan əvvəl seçimə diqqətlə yanaşmaq tövsiyə olunur, çünki model seçimi nəqliyyat vasitəsinin nə qədər tez-tez təmirə ehtiyac duyacağını birbaşa müəyyən edir. Təəssüf ki, bəzi avtomobillər tez-tez nasazlıqlarla üzləşir.
Valyuta.az xəbər verir ki, "Engine Rev Up" bloqunun sahibi və mexanik Ceykob Karter "GOBankingRates" nəşrinə açıqlamasında 160 min kilometr yürüşə çatmadan sıradan çıxma ehtimalı yüksək olan avtomobillərin adlarını çəkib. Onun sözlərinə görə, bu modellərdən uzaq durmaq daha məqsədəuyğundur.
Hansı avtomobilləri almaq tövsiyə edilmir
"Nissan Altima"
Ekspert bildirib ki, "Nissan Altima" öz sinfi üçün kifayət qədər rahat avtomobildir və ümumi etibarlılığı pis deyil. Lakin modelin əsas zəif nöqtəsi vaxtından əvvəl sıradan çıxmağa meyilli olan pilləsiz ötürmə qutusudur.
"BMW 3 Series"
"BMW 3 Series" rahatlığı və idman xarakteri ilə seçilir. Buna baxmayaraq, Ceykob Karter bu modelin texniki xidmət xərclərinin yüksək olduğunu və bəzi mühərrik variantlarının tez-tez nasazlıq verdiyini qeyd edib.
"Land Rover Discovery"
Mexanik bu avtomobilin estetik baxımdan cəlbedici və yolsuzluq qabiliyyətinin yüksək olduğunu desə də, pnevmatik asqı, elektrik sistemləri və ötürmə qutusunun vaxtından əvvəl sıradan çıxması ilə bağlı problemlərə diqqət çəkib.
"Fiat 500"
Şəhər üçün uyğun, kompakt və dəbli avtomobil olan "Fiat 500" mühərrik problemləri ilə tanınır. Xüsusilə yağ sızması bu modeldə geniş yayılmış nasazlıq hesab olunur.
"Jeep Wrangler"
Əfsanəvi yolsuzluq avtomobili kimi tanınan "Jeep Wrangler" yüksək keçicilik qabiliyyəti təqdim etsə də, paslanma və asqı sistemində problemlərlə üzləşə bilir.
"Ford Fiesta"
"Ford Fiesta" manevr qabiliyyəti və az yanacaq sərfiyyatı ilə qiymətləndirilir. Lakin modeldə transmissiya və elektrik sistemləri ilə bağlı problemlər müşahidə olunur.
"Chrysler 200"
Ekspertin sözlərinə görə, "Chrysler 200" nisbətən az yürüşdə mühərrik, transmissiya və elektrik avadanlıqlarının təmirinə ehtiyac duyur. Rahatlıq səviyyəsi qənaətbəxş olsa da, etibarlılıq problemi sahibləri məyus edə bilər.
"Volkswagen Tiguan"
Alman markasının ən populyar modellərindən biri olan "Volkswagen Tiguan" 160 min kilometrdən sonra yüksək xərc tələb edən nasazlıqlarla üzləşə bilir.
"Mini Cooper"
Dizaynı və idarəetməsi ilə seçilən "Mini Cooper" da tövsiyə edilmir. Modeldə turbo sistemi, asqı və elektriklə bağlı davamlı problemlər qeydə alınır.
"Tesla Model S"
Ceykob Karter qeyd edib ki, "Tesla Model S" sürətlənməsi və qabaqcıl texnologiyaları ilə tanınsa da, akkumulyator batareyasının dəyişdirilməsi böyük maliyyə xərcləri tələb edir.
Paşa Məmmədli