Redaktor
"Google" ilk dəfə istifadəçilərə "Gmail" ünvanını dəyişməyə icazə verəcək
“Google” tarixində ilk dəfə olaraq istifadəçilərə @gmail.com domenli elektron poçt ünvanını yeni hesab yaratmadan və mövcud məlumatları itirmədən dəyişməyə imkan verəcək.
Valyuta.az xəbər verir ki, hazırda əsas "Gmail" ünvanını dəyişmək faktiki olaraq mümkün deyil – istifadəçilər yeni hesab açmalı, məktubların yönləndirilməsini qurmalı və bütün yazışma tarixinin vahidliyini itirməklə barışmalı olurlar. Lakin “9to5Google” nəşrinin yazdığına görə, yenilənmiş texniki sənədlərdə “Google” artıq mövcud hesab daxilində yeni "Gmail" ünvanı seçməyə imkan verən mexanizmi təsvir edib.
Məlumata əsasən, istifadəçi poçt adını dəyişə biləcək və bu zaman bütün məlumatlar, o cümlədən məktublar, fotolar və mesajlar saxlanılacaq. Köhnə ünvan isə ləğv olunmayacaq. Məktublar eyni poçt qutusuna daxil olacaq və hesaba giriş hər iki ünvan vasitəsilə mümkün olacaq.
Bununla belə, müəyyən məhdudiyyətlər var. Ünvanı yalnız 12 ayda bir dəfə dəyişmək mümkün olacaq və ümumilikdə hesabın mövcudluğu ərzində maksimum üç dəfə bu əməliyyata icazə veriləcək.
Ehtimal olunur ki, texniki dəstək səhifəsindəki bu məlumat planlaşdırılandan daha tez yayımlanıb. Şirkət yeniliyi mərhələli şəkildə tətbiq edir və hələlik funksiya bütün istifadəçilər üçün əlçatan deyil.
Bundan əvvəl "Gmail"də bütün spam abunəliklərindən eyni anda imtina etməyə imkan verən faydalı funksiya təqdim olunmuşdu. Həmçinin poçt müştərisi “Gemini AI” vasitəsilə uzun məktubları bir-iki cümləlik xülasə şəklində ümumiləşdirə bilir.
Paşa Məmmədli