Redaktor
Apple kimi dividend ödəyən 5 səhmdar şirkət
Əvvəllər texnologiya şirkətlərinin dividend ödəməsi nadir hal idi. Lakin müasir dövrdə daha yetkin mərhələyə keçmiş texnologiya şirkətləri səhmdarlara birbaşa gəlir təqdim etmək üçün dividend siyasətinə daha çox diqqət ayırmağa başlayıb.
Hazırda ABŞ-ın sevilən texnologiya nəhəngi və S&P 500 indeksində 2-ci ən böyük şirkət olan Apple, 2025-ci ilin noyabrına olan məlumata görə, hər səhm üçün illik 1,04 dollar dividend ödəyir. Bu isə o deməkdir ki, əgər bir investorun 100 ədəd Apple səhmı varsa, o, şirkətdən ildə 104 dollar nağd gəlir əldə edəcək. Hərçənd, dividend gəlirliyi cəmi 0,39% təşkil edir — Apple-ın güclü pul ehtiyatları nəzərə alınarsa, bu ödənişi gələcəkdə artırmaq üçün geniş imkan mövcuddur. Şirkətin dividend gəlirini aşağı səviyyədə saxlaması isə pul vəsaitlərini daha çox gəlir gətirən istiqamətlərə — məsələn, elmi-tədqiqat və inkişaf fəaliyyətinə yönəltməyə imkan verir. Əgər siz Apple kimi profili olan — yüksək səviyyəli reputasiya, güclü və proqnozlaşdırılan pul axını, aktiv kapital artımı və dividend artımı potensialına malik şirkətlər axtarırsınızsa — aşağıda təqdim olunan səhmlər araşdırmaya başlamaq üçün yaxşı nümunə sayıla bilər.
Broadcom (AVGO)
İllik dividend: 2,36 dollar
Dividend gəlirliyi: 0,66%
Bazar kapitallaşması: 1,687 trilyon dollar
Broadcom, Apple qədər tanınmasa da, S&P 500-də 6-cı ən böyük şirkət sayılır. Şirkət Apple ilə müqayisədə təxminən 50% daha yüksək dividend gəlirliliyi təklif edir və eyni zamanda texnoloji sektor səviyyəsində böyümə potensialına malikdir.
Meta Platforms (META)
İllik dividend: 2,10 dollar
Dividend gəlirliyi: 0,33%
Bazar kapitallaşması: 1,573 trilyon dollar
Facebook-un ana şirkəti olan Meta, S&P 500-də 8-ci ən böyük şirkətdir. Meta yalnız 2024-cü ildən etibarən dividend ödəməyə başlayıb və hazırkı gəlirlilik Apple-dan daha aşağıdır. Lakin şirkət güclü pul axını yaradır və gələcəkdə Apple modeli üzrə dividend artımını davam etdirməsi gözlənilir.
Cisco Systems (CSCO)
İllik dividend: 1,64 dollar
Dividend gəlirliyi: 2,27%
Bazar kapitallaşması: 238,397 milyard dollar
Cisco texnoloji şirkətlər arasında dividend lideri sayılır. Onun 2,27%-lik dividend gəlirliliyi Apple və digər texnoloji nəhənglərin ödənişlərini ciddi şəkildə üstələyir. Şirkət gəlirinin təxminən 56%-ni abonentlik (subscription) əsaslı xidmətlərdən əldə edir ki, bu da pul axınını daha sabit edir və dividendlərin asanlıqla ödənilməsinə şərait yaradır. Cisco həm dividend gəliri, həm də artım potensialı olan şirkət axtaran investorlar üçün balanslı seçimdir.
Microsoft (MSFT)
İllik dividend: 3,64 dollar
Dividend gəlirliyi: 0,72%
Bazar kapitallaşması: 3,754 trilyon dollar
Microsoft uzun illərdir texnologiya sektorunun lideridir. Şirkətin məhsullarından demək olar ki, hər kəs istifadə edir. Dividend.com məlumatına görə, Microsoft ardıcıl 24 ildir dividend ödənişlərini artırır, və bu siyasət şirkətin genişlənən pul axını ilə paralel şəkildə inkişaf edir.
Texas Instruments (TXN)
İllik dividend: 5,68 dollar
Dividend gəlirliyi: 3,54%
Bazar kapitallaşması: 145,371 milyard dollar
Əgər yüksək dividend ödəyən texnologiya səhmi axtarırsınızsa, Texas Instruments ən uyğun nümunələrdən biridir. Şirkət Apple qədər populyar olmasa da, çip istehsalı bazarında əvəzolunmaz rol oynayır və bu, ona sabit pul axını və yüksək dividend ödəmək imkanı verir. Morningstar məlumatına görə, Texas Instruments texnologiya sektorunda 1985-ci ildə dividend ödəməyə başlayan ilk şirkətlərdən biri olub.
Müqayisə: Dividend Aristokratları
Yuxarıdakı texnoloji şirkətlərin dividend ödəməsi müsbət haldır, lakin "ənənəvi dividend investorları" üçün bu səhmlər çox vaxt siyahıya belə daxil edilmir. Çünki S&P 500-də orta dividend gəlirliliyi 1,17% təşkil edir — Apple və Microsoft kimi şirkətlərin 0,3–0,7%-lik dividendləri bu səviyyənin xeyli altındadır.
Dividend gəlirliliyinə görə daha cazibədar hesab olunan şirkətlər arasında:
Coca-Cola – 2,89%
PepsiCo – 3,99%
Procter & Gamble – 2,91%
Johnson & Johnson – 2,76%
Target – 5,03%
Hormel Foods – 5,24%
Bu kateqoriyaya daxil olan şirkətlər adətən 25 ildən artıq müddətdə hər il dividend ödənişlərini artıran “Dividend Aristokratları” adlanır.
Tənzilə Ağabalayeva