Redaktor
Kriptovalyuta üçün 2025-ci il hesabatı: 2,7 milyard dollar buxarlandı
Kriptovalyuta bazarı 2025-ci il ərzində investor gözləntilərini qarşılamaqda çətinlik çəkdiyi halda, kibercinayətkarlar üçün rekordların qırıldığı bir dövr yaşanıb.
Valyuta.az xəbər verir ki, blokçeyn analizi ilə məşğul olan şirkətlərin məlumatlarına görə, il ərzində oğurlanan kriptoaktivlərin ümumi dəyəri 2,7 milyard dollara çatıb.
"Chainalysis" və "TRM Labs" tərəfindən yayımlanan hesabatlarda kriptovalyuta oğurluqlarının həcminin əvvəlki illə müqayisədə 22,7 faiz artdığı bildirildi. Web3 təhlükəsizlik şirkəti "De.Fi"nin REKT məlumat bazası da 2025-ci ildə ümumi itkinin 2,7 milyard dollar səviyyəsində olduğunu təsdiqləyib.
İlin ən diqqətçəkən hadisəsi Dubay mərkəzli kriptovalyuta birjası "Bybit"ə qarşı həyata keçirilən hücum olub. Hakerlər təxminən 1,4 milyard dollar dəyərində kriptoaktiv ələ keçirərək təkcə 2025-ci ilin deyil, ümumilikdə kriptovalyuta tarixinin ən böyük fərdi oğurluğuna imza atıb.
Blokçeyn analiz şirkətləri və ABŞ Federal Təhqiqat Bürosu (FBI) hücumun Şimali Koreya ilə əlaqəli haker qrupları tərəfindən həyata keçirildiyini açıqlayıb. "Bybit" hadisəsi kripto sektorunu aşaraq maliyyə tarixindəki ən böyük rəqəmsal soyğunlar sırasında yer alıb.
Bundan əvvəl kripto dünyasında rekord hesab edilən hücumlar 2022-ci ildə "Ronin Network"ə qarşı 624 milyon dollarlıq və "Poly Network"ə qarşı 611 milyon dollarlıq oğurluqlar idi. "Bybit" hücumu bu hadisələri açıq fərqlə geridə qoyaraq yeni bir hədd müəyyənləşdirib.
"Bybit"dən başqa, il ərzində bir sıra iri kripto platformaları da hücumlara məruz qalıb. Ən çox diqqət çəkən hadisələr bunlardır:
* "Cetus" (mərkəzləşdirilməmiş birja): 223 milyon dollar
* "Balancer" (Ethereum əsaslı protokol): 128 milyon dollar
* "Phemex" (kriptovalyuta birjası): 73 milyon dollar
Məlumatlar kriptoekosistemdə təhlükəsizlik problemlərinin xroniki xarakter aldığını göstərir. 2023-cü ildə kriptovalyuta oğurluqlarının həcmi 2 milyard dollar olaraq hesablandığı halda, bu rəqəm 2024-cü ildə 2,2 milyard dollara yüksəlib. 2025-ci ildə isə 2,7 milyard dollarla yeni rekord qeydə alınıb.
Mütəxəssislərin fikrincə, hücumların böyük hissəsi ağıllı müqavilə boşluqları, şəxsi açarların idarə olunmasındakı zəifliklər, çarpaz-zəncir körpülərinin təhlükəsizlik problemləri və təchizat zənciri pozuntularından qaynaqlanır. 2025-ci il kriptovalyuta ekosistemi üçün təhlükəsizliyin yenidən ən əsas gündəm mövzusu olduğu bir dövr kimi tarixə düşüb.
Paşa Məmmədli