Redaktor
26.12.2025 13:12
142
4 milyonluq dələduzluq: İşdə yüksək vəzifəli şəxslərin adı hallanır - Biri Federasiya prezidentidir
Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirməkdə ittiham olunan Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Valyuta.az "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynlinin vəkili Radil Xəlilov vəsatətlə çıxış edib.
Bundan əvvəlki iclasda barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunan Cavid Hüseynlinin vəkili mətbuat nümayəndələrinin məhkəmə zalından çıxarılmasını istəyib.
Bununla bağlı məhkəməyə vəsatət təqdim edən vəkil iddia edib ki, onlar zərərçəkmiş Quvat Beybutov ilə barışıq əldə etmək istəyirlər, ona dəymiş ziyanı ödəmək niyyətindədirlər. Amma mətbuat nümayəndələrinin prosesdə iştirak etməsi buna mane olur.
Vəkilin sözlərinə görə, mətbuat nümayəndələrinin iclasda iştirakı gələcəkdə zərərçəkmişlə razılıq əldə etmələrinə mənfi təsir ola bilər.
Maraqlıdır ki, vəkil prosesin qapalı keçirilməsini yox, qanunsuz olaraq yalnız jurnalistlərin zalından çıxarılmasını istəyib.

Vəkilin bu təklifi ilə digər həmkarları əvvəlcə razı olmayıblar və bu məsələni məhkəmənin mülahizəsinə buraxıblar. Lakin təqsirləndirilən şəxslərin hər biri mətbuat nümayəndələrinin iclasda iştirakını istəmədiklərini bəyan etdikdən sonra vəkillər öz fikirlərini qısa müddətdə dəyişiblər. Onlar da jurnalistlərin zaldan çıxarılmasını istəyiblər.
Dövlət ittihamçısı Elvin Mirzəyev isə bu məsələnin məhkəmənin mülahizəsinə buraxdığını deyib. Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.
Hakim Zaur Hacıyev bildirib ki, qanunvericilikdə jurnalistlərin zaldan çıxarılması üçün heç bir hal nəzərdə tutulmayıb: "Proses iki halda keçirilir. Bir qapalı, digər halda isə açıq keçirilməsi nəzərdə tutulur. Biz də bu iclasın açıq keçirilməsi barədə qərar qəbul etmişik. Buna görə də digər şəxslər kimi jurnalistlərin də prosesdə iştirakı üçün heç bir maneə yoxdur. Bu səbəbdən vəsatət əsaslı deyil”.

Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar.
İstintaq sənədlərinə görə, bu işin görülməsində əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləmiş Seymur Məhərrəmovun vədləri olub. O, Prezident Administrasiyasında guya vəzifəli tanışlarının iştirakı ilə bu məsələni həll edəcəyini deyib.
İttihama münasibət bildirən Seymur Məhərrəmov, Rüstəm Qafarov və Zaur Qurbanov özlərini ittiham üzrə təqsirli bilməyiblər.
Cavid Hüseynli və Ceyhun Əşrəfov isə özlərini qismən təqsirli biliblər. Əşrəfov bildirib ki, ona qarşı mütəşəkkil dəstə tərkibində bu işi görmək barədə ittihamda yazılanlarla razı deyil. Onun sözlərinə görə, bu işdə əvvəlcə yalnız Rüstəm Qafarovu tanıyıb, digər şəxslərlə isə sonradan tanışlıqları yaranıb. O, tərəfindən zərərçəkmişə dəymiş ziyanı tamamilə ödədiyini də diqqətə çatdırıb.
Daha sonra hakim məhkəmə istintaqının aparılması qaydası ilə bağlı tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin, daha sonra isə zərərçəkmiş və şahidlərin dindirilməsini təklif edib.

Təqsirləndirilən şəxslərin vəkilləri dövlət ittihamçısının təklif etdiyi qaydada prosesin aparılmasına etiraz etməyiblər. Hakimlər də tərəflərin təklif etdiyi qaydada prosesin aparılmasına razılıq veriblər.
İlk olaraq siyahı üzrə ilk təqsirləndirilən Seymur Məhərrəmova ifadə vermək təklif edilib. O, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Daha sonra Cavid Hüseynli ifadə verərək təqsirləndirilən digər şəxslərə tanış olmaqlarından danışıb. O, ilk olaraq Zaur Qurbanovla, onun vasitəsi ilə Seymur Məhərrəmovu, lap sonda isə Ceyhun Əşrəfovu tanıdığını deyib.
Onun sözlərinə görə, hüquqşünas olduğu üçün zərərçəkmiş Quvat Beybutova hüquqi yardım göstərib. Bildirib ki, şirkətin hüquq işlərini gördüyü müddət Nəsimi rayonunda yerləşən ərazidə 2 bloklu binanın tikintisi üçün razılıq əldə etmək istəyiblər: "Həmin ərazidə 41 sot torpaq sahəsi olub, onun 20 sotunda tikinti aparılıb. Qalan 21 sotda isə qanuni yolla tikinti aparmağa razılıq əldə etməyin mümkün olmadığı üçün başqa yollara əl atmalı olublar”.
Cavid Hüseynlinin bildirdiyinə görə, vaxtı ilə hüquq firması olduğu üçün zərərçəkmişlə hüquqşünas kimi tanış olub:
"Tikinti aparılması üçün hüquqi müstəvidə yollar axtarmağa başladıq. Bu zaman Zaur Qurbanovu tanıdıq. O, Prezident Administrasiyasında tanışı olduğunu, onun vasitəsi ilə bu məsələnin həll olunmasının mümkünlüyünü dedi. Biz də Seymur Məhərrəmovla bu məsələni müzakirə etdik. O, problem olmadığını, bu işin müəyyən vəsait hesabına həll etdirməyə köməklik edəcəyini dedi.
Həmin ərazidə tikinti aparılması üçün qadağa var idi. Vətəndaşlar Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin müvafiq qurumlara göndərdiyi məktub əsasında həmin ərazidə tikinti aparılmasına "stop” qoyulmuşdu. Amma Quvat Beybutov sonra vətəndaşlarla özü danışdı, onların razılığını aldı. Bundan sonra Seymur Məhərrəmovun işə qarışması nəticəsində müvafiq qurumlar da işin görülməsinə qarışmadılar.
İlkin mərhələdə işə heç bir qurum mane olmadı. Ərazidə çəpərləmə aparıldı, katlavan qazıldı, beton töküldü. 2024-cü ilə kimi heç bir narahatçılıq olmadı. Torpaq sahəsi Nəsimi rayonunda olduğu üçün rayonun icra hakimiyyəti işə qarışa bilərdi. Onlar da bu işin görülməsinə qarışmadılar. Yalnız icra hakimiyyətinin hüquq şöbəsindən mənimlə əlaqə saxladılar, sənədlərlə maraqlandılar. Bu müddətdə gecə beton maşınları ərazidə işlədi, binanın bünövrəsi qoyuldu. Daha sonra birinci mərtəbənin qaldırılması üçün lesalar quraşdırıldı.
Bu zaman Fövqəladə Hallar Nazirliyindən gələrək işi dayandırdılar və şəhərsalmadan sənəd alınmasını tələb etdilər. Bundan sonra məsələnin həll olunması üçün yenidən Seymur Məhərrəmovla əlaqə saxladıq. Çünki o, ilkin mərhələdə sözünün üstündə durmuşdu, işin həll olnmasını təmin etmişdi. O, problem olmayacağını dedi.
Daha sonra o, ölkədə "COP” beynəlxalq tədbirin keçirildiyini, tədbirdən sonra bu məsələ həll olunacağını söylədi. Amma tədbir bitsə də, məsələ yoluna qoyulmadı. 2024-cü ilin dekabrında biz yenə də görüşdük. Sonradan zərərçəkmişin tanışı Ceyhun işə qarışdı. Bu minvalla onu da tanıdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib və onlar sözügedən idarədə sorğu-sual ediliblər: "Həmçinin Seymur Məhərrəmovun barəsində Prezidentin Təhlükəsizlik Xidmətinə müraciət olundu. Xidmətin həmin dövrdə rəisi olan Bəylər Əyyubovun göstərişi ilə daxili araşdırma aparıldı. Xidmətin rəisi dəyişdiriləndən sonra sənədlər həmin qurum tərəfindən Baş Prokuror yanında Korrupsiya İdarəsinə göndərildi. Mənim zərərçəkmiş şəxsə 4 milyon 19 min manat ziyanın dəyməsi barədə yazılanlara etirazım yoxdur. Öz üzərimə düşən ziyanı ödəyirəm”.
Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, zərərçəkmişdən aldığı 3 milyon 300 min manatın 1 milyon 152 min manatını Seymur Məhərrəmova işin görülməsi üçün verib: "Qalan 2 milyon 148 min manatı isə məndə qaldı. Həmin pulu öz şəxsi ehtiyaclarıma xərcləmişəm. Mənim dələduzluq niiyyətim olmayıb. Məbləğ işin görülməsi üçün verilmişdi”.
Sorğu-sual zamanı Quvat Beybutov bu işin görülməsi üçün 16 milyon manat xərc çəkdiyini, babasından qalan, sertifikatı olan "Yaqut” daşı girov qoyduğunu deyib. Onun sözlərinə görə, qiymətli daşı girov qoyan zaman şirkətlə müqavilə də bağlayıblar.
Cavid Hüseynli əlavə edib ki, sonradan həmin qiymətli daşı onun özünə qaytarıblar və onun tərəfindən dəymiş ziyanın ödənilməsi tələb edilib.
Ceyhun Əşrəfovun vəkili Nail İbadov vəsatətlə çıxış edib. Vəkil deyib ki, müvəkkili Sindo-ryu və Pençak Silat Federasiyasının prezidentidir və bir sıra idman tədbirlərində iştirak etməlidir: "Onu bu tədbirlərə İndoneziya dövləti dəvət edir, amma barəsində olan ev dustaqlığı qətimkan tədbiri ilə bağlı iştirak səfərə çıxa bilmir".
Vəkil həmçinin diqqətə çatdırıb ki, Gəncə və Xankəndi şəhərlərində bu idman növü üzrə təbirlər olacaq: "Ceyhun Əşrəfov həmin tədbirə dəvət alsa da, iştirak etməsi mümkün deyil. Hüquqlarını müdafiə etdiyim şəxs zərərçəkmişə dəymiş ziyanı tamamilə ödəyib, ziyanın əlli faizi məbləğində də dövlət nəfinə ödəniş edəcək. Buna görə də onun barəsində ev dustaqlığı qətimkan tədbirini polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunmasını istəyirik”.

Müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin ediblər. Ceyhun Əşrəfovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması barədə istintaq orqanının qərarı var, həmin qərar qüvvədə saxlanılıb.
Növbəti proses fevralın 5-də davam edəcək.
Qeyd edək ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. İttihama görə, 2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub.
Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib.
Onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar.
Lakin onlar verdikləri vədə əməl etməyiblər, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.
Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib.
C.Əşrəfov 500 min manat ödəniş edib və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İstintaq dövründə digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun barəsində isə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslərdən biri Seymur Məhərrəmov hərbi qulluqçudur. O, əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləyib və hazırda təqaüdə olan hərbi qulluqçudur.
Şərhlər
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRuslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
26.12.2025Bakıda müəllimlər 1088 manat maaş alırlar - RƏSMİ
26.12.2025“Meqa Sığorta”nın sığorta yığımlarında 2 milyonluq itki
26.12.2025Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi
26.12.2025
Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - TOP 10
26.12.2025Prezident bu idmançılara ev verdi - FOTOLAR
26.12.2025Bu sığorta növləri şirkətlərə çox qazandırıb - SİYAHI
26.12.2025İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
26.12.2025Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
26.12.2025Şükürbəylini seldən qorumaq üçün 7,1 milyon manat ayrıldı
26.12.20252025-ci ildə süni intellektin formalaşdırdığı milyarderlər - SİYAHI
26.12.20254 milyonluq dələduzluq: İşdə yüksək vəzifəli şəxslərin adı hallanır - Biri Federasiya prezidentidir
26.12.2025Sabahın hava proqnozu
26.12.2025“Kargo” startapı 42 milyon dollar investisiya alıb
26.12.2025Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 7,4 mlrd. manata düşüb
26.12.2025Şərurlu İsfəndiyar "dələduz" sözünə görə bəraət aldı
26.12.2025"Ödənişli parklanma yerlərində avtomobillərin sığortalanmaması hüquqi boşluqdur"
26.12.2025"Sürüşkən iş rejiminə keçək" - Deputatdan təklif
26.12.2025Bu rayonun icra hakimiyyətinin şöbə müdiri hakim təyin edildi
26.12.2025Böyük bank rəhbərləri süni intellektin işçi sayına təsiri barədə nə deyirlər?
26.12.2025Məzənnə
Yüklənir...