3 milyardlıq holdinqin təsisçisi Valyuta.az-da: Müəllimlərindən borc götürüb fabrik almışdı

Redaktor

24.11.2025 09:40
430

3 milyardlıq holdinqin təsisçisi Valyuta.az-da: Müəllimlərindən borc götürüb fabrik almışdı

Atasının ona verdiyi dərs sayəsində elə 1-ci kursdan pul qazanmaq haqqında düşünür və ilk işini qurur. Dəfələrlə qurduğu biznesləri uğursuz olur, iş qurduğu adamlar tərəfindən aldadılır, yaxud gözlənilməz risklər sayəsində işləri getmir. Lakin o təcrübələr sayəsində sonradan biznesi böyüyən istiqamətdə davam edir. Söhbət “Repie” İnvestisiya Holdinqinin həmtəsisçisi, türkiyəli iş adamı Mehmet Ali Ergindən gedir. Hazırda 3 milyard dollarlıq yatırımı idarə edən “Repie Holding”ə 100-dən artıq fond və şirkət daxildir.

Qısa müddətlik Bakıda olan Mehmet Ali Ergin Valyuta.az-ın suallarını cavablandırdı.

- Mehmet bəy, biznes düşüncəsinin təməlindən danışaq. Hər şey necə başladı?

- Atamın bizə yanaşmasını deyərdim. Atam dövlət işçisi idi. Qardaşım ali təhsilinə başlayanda, atam ona dedi ki, hər ay sənə göndərdiyim pulu qızıl deyə hesablayacam. Təhsilini başa vuranda, o qızılları mənə ödəyərsən. Mən Boğaziçi Universitetində təhsil almağa başlayanda, atam mənə də eynisini tətbiq etdi. Dedi ki, 5 il hər ay sənə pul göndərəcəm və sənə yazacam ki, göndərdiyim məbləğ neçə qram qızıl edir? Universitet bitəndən sonra o qızılları mənə ödəyəcəksən. Başa düşdüm ki, pul qazanmaq lazımdır. 

Bizdə təhsil 5 illik idi. Birinci il ingilis dili öyrənirdik. Həmin il elektron ticarət saytı qurdum. Kitab satışı ilə başladım, sonra məişət əşyalarının onlayn satışını aparırdım. Bir satış təmsilçisi var idi, mənə uyğun qiymətə məhsul verirdi, ondan alıb satırdım. İşlərim çox yaxşı gedirdi, amma o həmin satış təmsilçisi işdən uzaqlaşdı və mənim biznesim batdı (Gülür).

İngilis dili öyrəndiyim üçün düşündüm ki, ixrac işinə başlayım. Bu işi gördükcə xarici ölkələrlə əlaqələrim yarandı. İdxal işinə də başlamaq qərarı verdim. Bir şirkətdən bir tır məhsul sifariş verdik, gəldi, pulunu sonra ödədik. Sonra 4 tır istədik, dedi 100 min dollar göndərin, sonra məhsulu göndərək. 100 min dollar göndərdim, amma nə 100 000 dollar gəldi, nə də məhsul. Pulum batdı (Gülür).

- Başlanğıclarda belə olur, deyəsən.

- Hələ nələr var. İxracla məşğul olduğum dövrdə bir fabrikin istehsalı olan zeytun yağlarının ixracını təşkil edirdim. Sonra onlar dedilər ki, fabriki satacaqlar. Dedim ki, olmaz. Çinə gedib çin dilini öyrənəcəm, Çində zeytun yağı satacam. Dedim ki, fabriki mən alıram. Dedilər ki, ala bilməzsən. 3-cü kursda oxuyurdum. Universitetdəki müəllimlərdən, atamdan, dost-tanışdan kimdən borc ala bilərdimsə, aldım. 100 min dollar toplayıb fabrikin yarısını aldım.

Çinə getdim, müxtəlif şəhərlərdə zeytun yağı satışı üçün danışıqlar apardım. Zeytun yağı Türkiyədə oktyabr, noyabr aylarında olur. İyun, iyul, avqust - 3 ay Çini gəzdim, danışıqlar apardım. Bizim fabrikin istehsal gücü 500 ton idi. Mən 3 000 ton yağın satışını danışdım. Dedim ki, qalanını da başqa fabriklərdən alıb sataram. Sonra mənə zəng edib dedilər ki, Türkiyədə quraqlıqdır, ona görə məhsul yoxdur. Yenidən Çinin şəhərlərini bir-bir gəzib danışdığım şirkətlərə dedim ki, məhsul yoxdur. Zeytun işi belədir ki, bir il məhsul olur, bir il yox. Mən başladığım il məhsulun yaxşı olacağı il idi, amma quraqlığa görə olmadı. O gündən kənd tərərrüfatı işinə girmirəm (Gülür).

Universiteti bitirməyimə 1 il qalıb, borclar yığılıb, müəllimlərdən borc almışam. Atam puldan göndərir, onları da geri qaytarmaq lazımdır. 100 min dollar itirmişəm. Həmin dövrdə inşaat işinə girmək təklifi gəldi. Birinci dedim ki, mən inşaatdan nə bilirəm? Sonra borcları fikirləşib təklifi qəbul etdim. Bir, iki, üçüncü binanı tikdik. 2008-ci il oldu, böhran baş verdi və böhran bizi vurdu (Gülür).

- Bəs hər şey nə zaman qaydasına düşməyə başladı?

- Sonra indiki ortaqlarımdan olan Caner Bingöl (Caner memardır) ilə tanış olub birlikdə işlər görməyə başladıq. Onunla daşınmaz əmlak işinə başladıq.
Daha sonra “Soyak Holding”in o zamankı CEO-su və eyni zamanda universitet müəllimi olan Emre Çamlıbel bizə qoşuldu. Onunla başladığımız işləri alış-veriş mərkəzləri, texnologiya və digər sektorlarla genişləndirdik.

“Repie”nin səhm kapitalı hazırda 700 milyon dollardır. Önümüzdəki 5 ildə onu 5 milyard dollara çatdırmağı hədəfləyirik"

- Sonra işlər böyüyür, artıq investisiya idarəedilməsi istiqamətinə də yönəlirsiniz.

- Biz iş dünyasında aktivləşdikcə, bizə çox adam müraciət edirdi. Onlar da iş qurmaq, hansısa layihələrdə ortaq olmaq, investisiya yatırmaq istəyirdi. Dedik ki, artıq bizə bir fond idarəetməsi lazımdır. 2012-ci ildə Avropa birliyində AIFMD (Alternative Investment Fund Managers Directive) qərarı verildi. Bununla Avropa Birliyinə üzv bütün ölkələr eyni fondların idarə olunmasını vahid qaydalarla tənzimləyəcəkdi. Təxminən 2 il sonra biz Türkiyədə aktivlərin idarə olunması ilə bağlı şirkət qurduq. “Repie” aktivlərin idarə olunması şirkəti belə quruldu.

İnvestisiya idarə edilməsi şirkəti olaraq çox gəlirli yatırımlar etdik. Türkiyədə 2018-2024-cü illərdəki girişim yatırımlarının çoxunu biz etdik. “Colendi”, “Easycep”, “Türknet”, “Ace Games”, “Moda nisa”ya yatırımlar etdik. Bu gün “Repie” aktivlərin idarə olunması fondu 3 milyard dollarlıq maliyyəni idarə edir.
Eyni zamanda başqa yatırımlar da etdik. Fərqli şirkətləri - “Link Bilgisayar”, “Doğan Burda” və s. aldıq. “Doğan Burda” 96 jurnal yayımını həyata keçirən media şirkətimizdir. 
GSYO-nu qurduq (daşınmaz əmlakla məşğul olan bir fond), “Goldtag”a ortaq olduq, TGS Dış Ticaret-i aldıq. 
Zamanla genişləndik və “Repie” investisiya holdinqi olduq. İndi bütün şirkətlərimiz “Repie” İnvestisiya holdinqi adı altında fəaliyyət göstərir. Holdinqin daxilində yüzdən çox fond var. Bunlar daşınmaz əmlak, girişim, maliyyə bazarları və s. sektorlara yatırımı hədəfləyən fondlardır.

- Bəs hədəflər nələrdir?

- Gələn ilin sentyabrında “Repie” birjada səhmlərini satışa çıxaracaq. İlkin olaraq 100 milyon dollarlıq səhm satışı nəzərdə tutmuşuq. Bundan sonra daha çox yatırım edə biləcəyik. “Repie”nin səhm kapitalı hazırda 700 milyon dollardır. Önümüzdəki 5 ildə onu 5 milyard dollara çatdırmağı hədəfləyirik. Ondan başqa, mədən işinə giririk, enerji işləri görəcəyik, data mərkəzi tərzində işimiz olacaq, bir də qonaqlama sektoruna giririk.

- Başlanğıcda səhviniz çox olur və uğursuzluqlar görürsünüz. İndi isə uğur ardınca uğur gəlir. Uğurlu təcrübədən sonra danışsaq, sizcə, nəyi səhv edirdiniz?

- Birincisi, öyrənməlisən ki, sən düz ola bilərsən, amma hər kəs düz deyil. Kimlə iş görəcəyin, kimlə ortaq olacağın çox önəmlidir. Kimə güvənəcəyini bilməlisən. İkincisi, mənim işim investisiya idarəedilməsidir. Mən başqasının pulunu idarə edirəm. Əgər açıq və şəffaf olsan, insanlar sənə güvənir. Hər işdə yaxşı pul qazanmaya da bilərsən. Bəzən iş pis gedir. Məsələn, İsmayıl fondumuza pul yatırıb, amma işimiz yaxşı getməyib. De ki, İsmayıl, üzrlü hesab et və işlərin pis getmə səbələrini məntiqli şəkildə izah etməlisən. Əgər sən şəffaf olsan, işinə də bağlısansa, işlərin yaxşı gedər.
Üçüncüsü, tək bir tədarükçüdən asılı olmamaq. Mənim ilk biznesimdə işimin 80 faizi bir satış təmsilçisindən asılı idi. O işdən çıxan kimi mənim biznesim də batdı.

- Maraqlıdır, atanızın sizə verdiyi qızılları ödədiniz?

- Atam mənə qazanmağı öyrətdi. Əgər “al pul, gəz oğlum” desəydi, bəlkə bu gün burada olmazdım. Mən isə sadəcə söz verdiyim üçün o pulu geri qaytardım.

- Qardaşınız da ödədi?

- 2 qardaşım ödəmədi (Gülür). Qardaşım Amerikada məşhur həkimdir. Yəni yaxşı yerə gəlib. Yutubda 1 milyon izləyicisi var. Mən sadəcə söz vermişdim deyə, ödədim.

"Mən özümü heç bir sektorda mütəxəssis hesab etmirəm. Yəni, nə tekstili bilmirəm, nə də enerji, mədən, qida və s. Amma bilən adamları tapıram"

- Biznes dünyasındayıqsa, nələri bilməliyik?

- Dünyanı izləmək, dünyanın hara getdiyini bilmək lazımdır. Amma çox da özümüzə yüklənməyək. Məndən bir Mark Zükerberq, Elok Mask çıxmaz. Gərək də yoxdur, amma təcrübən olduqca, dünyanı izlədikcə, biznesləri çox rahat analiz edirsən. Ortaqlarımla bir biznesə baxanda anlayırıq ki, orda problem nədir? Biznesin sahibi onu görmür, bilmir. Biz bilirik ki, bu problemi həll etsək, biznes uğurlu gedər. Çox yaxşı getməyən şirkətləri də alırıq.

- Yəni işləri yaxşı getməyən biznesi də sonra uğurlu etmək olur?

- Niyə yaxşı getmədiyinə baxmaq lazımdır. Təhlil etməyi bilməlisən. Əgər iş pisdirsə, mən də almaram. İş, sektor, məhsul, xidmət yaxşı, amma böyüdə bilmirsə, bəlkə o adam yanlış istiqamətə baxır. Bəlkə yanlış insanla iş görür. Bəlkə yeri düz seçməyib. Bəzən baxırıq ki, sadəcə idarəetmə problemi var, idarə etsək, gedər. “Əgər nəyi dəyişdirsəm, iş yaxşı gedər” sualının cavabını bilirsənsə, o biznesi ala bilərsən. Dolayısı ilə bir sektorda hara getdiyini bilmək, yaxşı sektor seçmək, yaxşı ortaq, yaxşı insan tapmaq lazımdır. İnvestisiyada bir də strateji investor yanaşması var. Deyirik ki, İsmayıl bəyin bu işdən yaxşı başı çıxır, onu dəvət edirik ki, bizə ortaq olsun. Yəni bəzən maliyyə ortaqlığı olur, bəzən strateji ortaqlıq. İşə görə dəyişir.

- Güclü tərəfiniz nədir?

- Mən özümü heç bir sektorda mütəxəssis hesab etmirəm. Yəni, nə tekstili bilmirəm, nə də enerji, mədən, qida və s. Amma bilən adamları tapıram. Həyat elə gətirdi ki, heç bir işdə 5 il keçirmədim. Biz deyirik ki, bir işdə 3-5 il keçir, o işin mütəxəssisi ol. Mənim həyatdakı mütəxəssisliyim investisiyadır. Adam tanı, gözünə bax, analiz et ki, buna güvənmək olar yoxsa yox.

- İnsanları necə analiz edirsiniz? Deyək ki, sizinlə ortaq olmaq istəyən bir şəxsi kofeyə dəvət etmisiniz.

- Hər sirrimi deməyəcəm (Gülür). Amma əlimi necə sıxmağından, danışarkən gözümə necə baxmağından, söhbət zamanı suallara verdiyi cavablardan analiz etmək olur. Özünə güvənirmi? Danışığında yalan varmı? Ailəsini soruşaram. Ailə keçmişi mənim üçün çox önəmlidir. Bir saat ərzində müəyyən edə bilərsən ki, bu adamla bir də görüşməyə dəyər, yoxsa yox. Ortaqlıq işi evliliyə bənzəyir. Əgər ilk görüşdə nəyisə bəyənmirsənsə, ikinci görüşə getmirsən. Ya da deyirsən ki, bir şans da verim. Ortaqlıqda da bir neçə görüşdən sonra qərar verə bilirsən.

- Sizin şirkətə maliyyə üçün ən çox bizneslər, yoxsa startaplar müraciət edirlər?

- Hər ikisi də olur. “Repie” Amerikadakı “Black Stone” kimi şirkətdir, hər iki tərəfi dəstəkləyirik.

- Ənənəvi bizneslərə yatırımda maraqlısınız?

- Maraqlıyıq. Un məmulatları fabrikinə də yatırım etmişik. Niyə? “Hər kəs bu suyu 10 lirəyə istehsal edir, mən bu suyu 5 lirəyə istehsal edirəm” deyirsənsə, bunun üçün öz üsulun, texnologiyan və s. varsa, mən sənə yatırım edərəm.

"Hər gün Türkiyədə 5 şəhərə gedirdik. Bir ara baxdım, bəzi illər 200 uçuş etmişəm"

- Bu gün ideya çoxdur. Yatırım edəcəyiniz layihələri necə edirsiniz?

- Yatırım qərarında çox şeyə diqqət edilir. Birincisi neçə ortaq var? Bir təsisçidirsə, problemdir. 2-3 ortaq varsa, onların keçmişləri maraqlıdır. Problemləri olubmu, olubsa necə həll ediblər? 2-3 ortaq olanda, baxmaq lazımdır ki, anlaşa biləcəklərmi? Onlar əgər sırf bu layihə üçün bir araya gəliblərsə, o da riskdir. Onlar hələ bir-birini işdə tanımır. Ortaqlıq evlilik kimidir. Problem olanda kim altdan alır? Sonra ailələri, keçmişləri, oxuduğu universitetlər, təcrübələri və s. hamısına baxılır.

Sonra iş analizi edilməlidir. Bu işin bazarı varmı? Dövlət bu işə qarışırmı? Rəqiblər kimdir? Rəqiblərə qalib gələ biləcəksənmi? Türkiyə kənarına çıxma şansı varmı? Çünki biz deyirik ki, Azərbaycanın 10 milyon, türk cümhuriyyətləri 50-60 milyon, Türkiyə 85 milyon vətəndaşı var, amma bu yetməz. Niyə Amerikadakı şirkətlər sürətli uğurlu olurlar? Çünki çox insan var, bazar, iqtisadiyyat böyükdür. Amerikada başlayanda, Kanadaya, Panamaya sürətli gedə bilir. Türkiyədən çıxma şansın varmı? Oyun işi niyə Türkiyədə sürətli gedir? Oyun yaxşıdırsa, “App store”, “Play store”a qoyan kimi sürətli olaraq düyaya yayılır. Hər bir işin ayrıca incələməlisən. Asan deyil.

- Azərbaycanda startaplar daha çox yatırım alandan sonra diqqətə gəlirlər. Yatırım alan startaplar nələrə diqqət etməlidir?

- Bəzən bir şəxs layihə ilə gəlir, deyir ki, 5 milyon dollar sərmayə lazımdır. Deyirəm ki, bu pulla nə edəcəksən? Deyir ki, biznesin inkişafı, işçilər və s. Sonra deyirəm, bu maliyyə sənə neçə ay bəs edəcək? Deyir ki, 20 ay. Deyirəm ki, 20 ay sonra gəlirin necə olacağını planlayırsan? 20 ay sonra təkrar investisiya almaq şansın varmı? Əgər pulu aldın, ondan sonra təkrar investisiya alacaq halda olacaqsan, yoxsa gərək qalmayacq qədər yaxşısan? Yəni elə səviyyəyə gəlməlisən ki, ya özün gəlir qazanasan, investisiyaya ehtiyacın olmasın. Ya da özünü elə inkişaf etdirməlisən ki, digər yatırımçılara müraciət edəndə, analiz etsinlər, görsünlər ki, sən əvvəl aldığın investisiya ilə nələr etmisən, hansı nəticəyə gəlib çıxa bilmisən. Bu işə pul yatırılırsa, iş planında geri dönüşü də qeyd olunmalıdır. Yəni o pul səni hara gətirəcək?

Müştəri tapmaq, məhsul çeşidlərini artırmaq, istehsalı sürətləndirmək və s. kimi məsələlərlə bağlı planın olmalıdır. Aldığın pulla növbəti investisiya cəlb etmək turuna çıxmaq üçün yaxşı hazırlıq görməlisən. Əks halda həm sənin zamanına, həm də yatırım edən şəxsin puluna heyifdir.

- İnvestisiya alandan sonra investorlarla davamlı əlaqə saxlamaq lazımdır?

- Mütləq, yatırımçı artıq sənin ortağındır. Ən azı 3 ayda bir, mümkündürsə, ayda bir hesabat verməlisən. Ortağından kömək də istəyə bilərsən. Bəzən investoruna deyirsən ki, filankəslə mənim əlaqəm yoxdur, sənin əlaqən var, ona bir zəng vursan bir onlarla danışığa gedərdik. Əlaqələr, müştəri gətirmək üçün də kömək istəmək olar.

- İndiyə qədər fond olaraq etdiyiniz ən gəlirli yatırım hansılar olub?

- Biz “Getir”ə 100 milyon dollarlıq dəyərləndirmə ilə girmişdik. 1,5 milyard dollarlıq dəyərləndirilmə ilə satıldı. “Colender”i 10 qat baha, “Türknet”i 8 qatına satdıq.

- Belə yanaşma var, deyirlər ki, bir yerə gəlmək üçün çox işləməlisən. Çox işlədinizmi?

- İçi beni yakar, dışı seni. Bizim Caner bəylə 2009-2016-cı illər arası hər gün Türkiyədə 5 şəhərə gedirdik. Bir ara baxdım, bəzi illər 200 uçuş etmişəm. Xanım uşaqları mənsiz böyütdü (Gülür). Son bir neçə ildir artıq işləri qaydaya salmışam. Ən böyük uğur düzgün iş görmək, xoşbəxt, sakit ailə qurmaq, uzun və sağlam yaşamaqdır.

- Günlük gördüyünüz işlərdən ən çox nədən zövq alırsınız?

- Mən başlanğıc adamıyam, icra edən yox. Mən başlamağı sevirəm. Öncə Allahın lütfü təqdiri, sonra mənim şansım ortaqlarımın doğru olmasıdır. O mənada ki ortaqlarım isə icra adamlarıdır. Mən başlanğıclar etməyi sevirəm. Bunu alaq, buna başlayaq, bunu edək, o olsun, bu olsun. 6 ay sonra deyirəm ki, bu işi qurdum, hər şey qaydasına düşdü, mən sıxılıram, bunu başqası idarə etsin. Bu cəhətdən bir-birimizi tamamlayırıq.

- Ortaqlarınızla yola getməyiniz necədir?

- Çox dava edirik, amma bir-birimizi sevirik. Bizim idarə heyətimiz var. Hər kəsin fərqli baxış nöqtəsi var və bu çox gözəldir. Ona görə çox mübahisəli iclaslar edirik. Ən son qərar veririk, iclas bitdi, gedək yeməyə deyirik. İşin üçün olan mübahisələrdir. Hər kəs ideyasını iş üçün irəli sürür. Sənin də fikrin var, mənim də. Ya sən məni razı salacaqsan, ya mən səni. Bir-birimizi razı sala bilmədiksə, o işi etmirik. 3 ortaqdan biri “yox” desə belə, o işə girmirik.

- Sürətli danışdıq, adama elə gəlir ki hər şeyi qısa müddətdə əldə etmisiniz.

- (Gülür) Vallah elə olmadı, 20 il keçdi.

Aygün Asimqızı

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...