Redaktor
Süni zəka şirkəti 133,7 milyon dollar investisiya aldı
ABŞ mərkəzli süni zəka şirkəti "General Intuition" 133,7 milyon dollarlıq sərmayə raundunu uğurla tamamlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin açıqlamasına görə, yeni maliyyə vəsaiti tədqiqatçı və mühəndis komandasının genişləndirilməsi, eləcə də ümumi məqsədli süni zəka agentlərinin yaradılması üçün istifadə olunacaq.
"General Intuition" bu il "Pim de Vitte" tərəfindən təsis edilib. Şirkət video oyunlardan əldə olunan məlumatlar əsasında obyektlərin məkan və zaman daxilində hərəkətini anlamağı bacaran, insanabənzər qavrama qabiliyyətinə malik süni zəka agentləri üzərində çalışır.
"Medal" adlı oyun platformasından yaranan şirkət hər il 2 milyarddan çox video və 10 milyon aktiv istifadəçidən ibarət böyük məlumat bazasına sahibdir. Bu məlumatlar sayəsində "General Intuition"un agentləri müxtəlif oyun mühitlərində oyunçuların davranışlarını müşahidə edərək məkan-zaman məntiqi qurma bacarığı əldə edir.
Şirkətin hazırladığı modellər yalnız vizual məlumatlardan istifadə edərək oyun içi mühitdə oyunçu kimi hərəkət edə bilir və yeni səhnələrdə belə düzgün proqnozlar verə bilir. "General Intuition" bu texnologiyanı oyun dünyasının hüdudlarından çıxararaq robot qolları, avtonom nəqliyyat vasitələri və axtarış-xilasetmə dronları kimi real mühitlərdə tətbiq etməyi planlaşdırır.
Oyun sənayesində isə şirkət klassik, eyni davranışlara malik botların əvəzinə vəziyyətə uyğun reaksiya verən və oyunçunun səviyyəsinə uyğunlaşa bilən süni zəka personajları inkişaf etdirir.
Mayya Hüseynova