Redaktor
Süni intellekt startapı 50 milyon dollar investisiya alıb
Sığorta sahəsinə yönəlmiş süni intellekt startapı "Liberate", B seriyası sərmayə turunda 50 milyon dollar yatırım cəlb edib.
Valyuta.az xəbər verir ki, tamamilə səhm formasında həyata keçirilən bu tur nəticəsində startapın bazar dəyəri 300 milyon dollar olaraq qiymətləndirilib.
2022-ci ildə keçirilmiş A seriyası sərmayə turunda 15 milyon dollar yatırım alan "Liberate"in ümumi investisiya məbləği 72 milyon dollara çatıb. Hazırda 50 nəfərlik komandaya sahib olan şirkət, yeni sərmayəni süni intellektin məntiqi nəticə çıxarma imkanlarını genişləndirmək və sığorta şirkətləri arasında yayılmanı artırmaq üçün istifadə edəcək.
Təxminən üç il əvvəl təsis edilən "Liberate", sığorta əməliyyatlarının avtomatlaşdırılmasına fokuslanıb. Şirkət, müxtəlif ölkələrdə fəaliyyət göstərən sığorta şirkətləri və agentliklərdə süni intellekt agentlərinin tətbiqini genişləndirməyi hədəfləyir. Əsas diqqət satış, müştəri xidməti və zərər tələblərinin idarə olunmasına yönəlib. Startap, əmlak və qəzaya qarşı sığorta ilə məşğul olan şirkətlər üçün xüsusi süni intellekt sistemləri inkişaf etdirir.
"Liberate"in süni intellekt agentləri yalnız suallara cavab verməklə kifayətlənmir, həm də gündəlik işlər, sığorta təkliflərinin hazırlanması, zərər tələblərinin işlənməsi və təsdiqlərin yenilənməsi kimi uçdan-uca tapşırıqları yerinə yetirir. Agentlər eyni zamanda SMS və e-poçt vasitəsilə də fəaliyyət göstərir. Bu da sığorta şirkətlərinə müştərilərlə müxtəlif kanallar üzərindən əlaqə saxlayaraq iş axınını daha da avtomatlaşdırmağa imkan yaradır.
"Liberate"in həmtəsisçisi və baş icraçı direktoru Amriş Sinq bildirib ki, ötən il ərzində şirkətin aylıq avtomatlaşdırılmış əməliyyat sayı 10 mindən 1,3 milyona yüksəlib. Bu əməliyyatlara həm səsli süni intellekt vasitəsilə aparılan birbaşa müştəri əlaqələri, həm də əsas sistemlərə inteqrasiya olunmuş süni intellekt agentləri tərəfindən yerinə yetirilən arxa ofis tapşırıqları daxildir.
Mayya Hüseynova