Redaktor
Orxan Məmmədov: "Dünyada 2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq"
"Əmək bazarı ilə bizneslərin ehtiyacları arasında düzgün və proqnozlaşdırılan əlaqələrin təmin edilməsi hökumətlərin qarşısında duran mühüm çağırışlardan biridir".
Valyuta.az xəbər verir ki, bu fikirləri Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, sürətli texnoloji yeniliklərin və bazar dinamikasında gözlənilməz dəyişikliklərin baş verdiyi bir mühitdə bizneslərin çevik adaptasiya olması və inkişaf etməsi əhəmiyyətli dərəcədə onların malik olduğu işçi qüvvəsindən asılıdır:
"Bu baxımdan, kadrların peşəkar hazırlığı strategiyası təkcə işçilərin mövcud vəzifələrini yüksək səviyyədə yerinə yetirməsi üçün deyil, ümumilikdə iqtisadiyyatların gələcək çağırışlara hazır olması baxımından vacibdir.
Lakin bu gün müşahidə etdiyimiz olduqca dinamik transformasiyalar və elmi yeniliklərin biznes proseslərinə çevik keçidi işçi qüvvəsinə və peşələrə olan ehtiyacların proqnozlaşdırılmasını və ona hazırlığı bir qədər də çətinləşdirir. Əvvəllər peşələrin köhnəlməsi və yenilərinin yaranması üçün yüzilliklər və dekadalar tələb olunurdusa, indi bu artıq, sadəcə, illərlə ölçülür.
Ümumdünya İqtisadi Forumunun son hesabatına əsasən, 2030-cu ilə qədər yeni qlobal makromeyillər nəticəsində 170 milyon yeni iş yeri yaradılacaq. Bu dövrdə texnoloji inkişaf, yaşıl keçid, iqtisadi və demoqrafik dəyişikliklər fonunda qlobal əmək bazarı əhəmiyyətli formasiyaya məruz qalacaq. Qeyd edilən meyillər, həmçinin 92 milyon iş yerinin itməsinə gətirib çıxaracaq. Generativ süni intellekt texnologiyalarının təsiri altında 2030-cu ilə qədər işçi qüvvəsinin baza bilik və bacarıqlarının 40%-ə yaxın həcmdə dəyişikliyə məruz qalacağı gözlənilir.
Bəs bu yeni şəraitə bizneslər necə adaptasiya ola birlər? Davamlı öyrənmə, ixtisasartırma və ixtisasdəyişmə proqramlarına xüsusi diqqətin yetirilməsi gələcək bilik və bacarıq tələblərinin daha effektiv idarəedilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz effektiv liderlər və güclü rəqəmsal, analitik və ünsiyyət bacarıqlarına malik istedadlar bizneslərin gələcəyə hazırlığını müəyyən edən əsas amillərdir".
O.Məmmədov əlavə edib ki, iri müəssisələrlə müqayisədə KOB subyektləri daha məhdud resurslara malik olur ki, bu da adekvat insan resurslarına olan ehtiyacın qarşılanmasını bir qədər çətinləşdirir:
"Azərbaycanda da KOB sektoru məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malikdir və muzdlu işçilərin 44%-i KOB subyektlərində çalışır. Qeyd etdiyim bu amillər nəzərə alınmaqla, KOB-ların peşə və biznes təlimlərinə cəlb edilməsində bütün maraqlı tərəflərin, xüsusilə də dövlətin iştirakı və dəstəyi vacibdir.
KOBİA olaraq biz də KOB subyektlərinin bilik və bacarıqlara çıxışının artırılması istiqamətində müxtəlif işlər həyata keçiririk.
İlk növbədə, bizneslərin təlim və kadr ehtiyaclarının öyrənilməsi və adekvat cavab strategiyasının hazırlanması məqsədilə mütəmadi sorğular həyata keçiririk. Ötən il ölkə üzrə həyata keçirilmiş sorğunun nəticələri KOB subyektlərinin biznes təlimlərinə marağını göstərmişdi. Belə ki, respondentlərin 40%-ə yaxını ötən bir il ərzində işçilərin təlimlərdə iştirak etdiyini və 85%-i bu və ya digər səviyyədə təlimlərin effektiv olduğunu bildirib. Rəyi soruşulanların 44%-i təlimlərin şirkət büdcəsi hesabına maliyyələşdirildiyini, 52%-dən çox hissəsi isə pulsuz təlimlərdə iştirak edildiyini qeyd edib. Sorğunun digər maraqlı nəticələrindən biri peşəkar işçi heyətinin tapılmasında çağırışlarla bağlıdır. Bizneslərin 73%-i müvafiq sahədə çətinliklə üzləşdiyini diqqətə çatdırıb".
O.Məmmədov qeyd edib ki, KOBİA tərəfindən KOB subyektlərinin biznes və yumşaq biliklərinin artırılması məqsədilə iki mühüm infrastruktur vasitəsilə dəstək təmin edilib:
"Bunlar KOB İnkişaf Mərkəzləri və KOB Model Müəssisəsidir.
Müxtəlif regionlarda 2020-ci ildən fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərində pulsuz təlim, məsləhət və mentorluq xidmətləri təmin edilir. Mərkəzlərin təşkil etdiyi müxtəlif təlimlərdən indiyə qədər 60 000 nəfərdən çox sahibkar və biznes fəaliyyətinə başlamaq istəyən şəxslər faydalanıb.
Təlimlərin əlçatanlığını artırmaq məqsədilə onlayn platforma yaradılıb və burada 180-dən çox təlim videosu və özünüqiymətləndirmə testi yerləşdirilib.
Dövlət, özəl sektor və universitet əməkdaşlığı çərçivəsində yaradılmış və ötən il istifadəyə verilmiş KOB Model Müəssisəsi sahibkarlıq subyektlərinin inkişafı üçün "görmə, eşitmə və icraetmə" konsepsiyası əsasında fəaliyyət göstərən, praktiki bilik və təcrübənin birləşdiyi unikal mərkəzdir. 2025-ci ilin ötən dövrü ərzində 1 400-ə yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssis KOB Model Müəssisəsinin xidmətlərindən istifadə etmişdir. Müəssisənin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır.
Müasir peşələrə yiyələnmiş və biznes təlimləri keçmiş şəxslər bizim üçün təkcə KOB-ların işçi qüvvəsinə olan ehtiyacını ödəyən resurslar deyil, eyni zamanda, potensial sahibkarlardır. Biz müxtəlif əhali qrupları arşında biznes düşüncə tərzinin təbliğinə xüsusi diqqət yetirir və dövlət və özəl sektoru təmsil edən tərəfdaşlarımızla hədəfli proqramlar həyata keçiririk. Bu sahədə Dövlət Məşğulluq Agentliyi ilə məhsuldar və faydalı əməkdaşlıq əlaqələri formalaşıb. Gənclərin biznes emalatxanası və Qarabağ KOB-ları kimi layihələr çərçivəsində özünüməşğulluğun təmin edilməsi və yeni mikrobizneslərin yaradılması məqsədilə birgə işlər aparılır".
©Oxu.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜç tələbə "Facebook"u klonlayıb öz sosial şəbəkələrini yaratdı
15.12.2025Alimentdən yayınan valideynləri nə gözləyir?
15.12.2025"Fed"ə namizəd "Hassett"dən mesaj: Tramp qərarlara təsir göstərə bilməz
15.12.2025Balakənin icra başçısı rüşvəti belə yığıb - DTX video yaydı - VİDEO
15.12.2025Dərman istehsalında 5 milyonluq artım - Statistika
15.12.202561 min manat vergi borcu olan şirkət ləğv olunur
15.12.2025Azərbaycanda kolbasa istehsalı artıb
15.12.2025Bu şəxslərə əlavə 150 manat maaş hesablanacaq
15.12.2025İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
15.12.2025Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
15.12.2025Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı
15.12.2025Alkoqolsuz içki istehsalı artıb
15.12.2025Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi
15.12.2025Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
15.12.2025Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə
15.12.2025