Redaktor
"OpenEvidence" 250 milyon dollarlıq investisiya alıb
ABŞ mərkəzli "OpenEvidence" startapı 250 milyon dollarlıq D seriyası investisiya raundu çərçivəsində maliyyələşdirilib.
Valyuta.az xəbər verir ki, süni intellekt dəstəkli səhiyyə texnologiyaları üzrə fəaliyyət göstərən "OpenEvidence", bu raundla birgə ümumi investisiya məbləğini 700 milyon dollara çatdırıb.
Şirkət son investisiya çərçivəsində 12 milyard dollar səviyyəsində qiymətləndirilib.
Xatırladaq ki, "OpenEvidence" 2025-ci ilin oktyabr ayında da 200 milyon dollar həcmində investisiya almışdı. "OpenEvidence" rəhbərliyi bildirir ki, yeni cəlb olunan vəsait şirkətin məhsulunun ABŞ-dakı həkimlərin klinik iş axınlarına daha dərin inteqrasiyası, süni intellekt infrastrukturunun gücləndirilməsi və istifadəçi miqyasının artırılması məqsədilə istifadə ediləcək.
Şirkət Daniel Nadler və Zakari Ziqler tərəfindən təsis olunub. "OpenEvidence", həkimlər və səhiyyə mütəxəssisləri üçün hazırlanmış, süni intellekt dəstəkli tibbi informasiya və klinik qərar dəstəyi platforması kimi fəaliyyət göstərir. Platforma diaqnoz, müalicə seçimləri, dərman qarşılıqlı təsirləri və klinik protokollarla bağlı suallara elmi ədəbiyyata və etibarlı mənbələrə əsaslanaraq sübuta dayalı cavablar təqdim etməyi hədəfləyir.
Platforma birbaşa həkimlərin gündəlik klinik qərar qəbuluna yönəlib. Süni intellekt əsaslı axtarış və məlumat sintezi alətləri vasitəsilə istifadəçilərə milyonlarla tibbi nəşri ayrı-ayrılıqda araşdırmadan, sürətli və mənbəyə əsaslanan şəkildə çıxış imkanı yaradır. Ümumi məqsədli çatbotlardan fərqli olaraq, "OpenEvidence" birbaşa səhiyyə mütəxəssislərinə xidmət göstərir və sürət, dəqiqlik və elmi etibarlılığı əsas prioritet kimi təqdim edir.
Mayya Hüseynova