Mir Cəfər Bağırov - cəllad, yoxsa xilaskar?
16.09.2025 23:17
1,018

Mir Cəfər Bağırov - cəllad, yoxsa xilaskar?

Elşən Bədirxanov
     İdarəetmə üzrə konsultant, təlimçi, mentor

Sabah doğum günü olan və Azərbaycana 20 il rəhbərlik etmiş (1933-1953) bu şəxsə qiymət verəndə fikrimcə, aşağıdakılar nəzərə alınmalıdır.

O dövr ölkəni idarə edən yeganə şəxs Stalin idi. Qalanları sadəcə onun göstərişlərini icra edirdi. Kütləvi repressiyaların təşəbbüskarı da məhz Stalin olub – bu barədə onun imzası ilə müvafiq sənədlər var, sonradan hər respublikaya hətta bu istiqamətdə “plan” da qoyulurdu.

Respublika rəhbərliyində bu “planlara” açıq etiraz edəcək insan qala bilməzdi. Hətta Bağırov özü də millətçi və nərimanovçuların müdafiəsinə görə 1937-ci ildə həbs edilmiş və 10 gün ev dustağı olmuşdu. Bağırov olmasaydı, bu funksiyanı başqası, çox güman ki, başqa millətin nümayəndəsi yerinə yetirəcəkdi. Çünki o, Nərimanovdan sonra Azərbaycana real rəhbərlik etmiş ilk azərbaycanlı idi. Gəlin əvvəlki rəhbərlərin siyahısına baxaq: Naneyşvili, Stasova, Dumbadze, Kaminski, Kirov, Mirzoyan, Gikalo, Polonski, Rubenov (Mkrıtyan).

Yəni, o zamanlar respublika rəhbərinin repressiya siyasətinə qarşı çıxması onun özünün güllələnməsi və başqası ilə əvəzlənməsinə gətirib çıxaracaqdı, amma vəziyyəti dəyişməyəcəkdi. Deməli, biz bu şəxsin fəaliyyətini onun yerində ola biləcək digər hipotetik şəxslə müqayisədə qiymətləndirməliyik. Düzdür, tarix “əgər” yanaşmasını qəbul etmir, amma bəzi faktlar və məntiq müəyyən nəticələrə gəlməyə imkan verir.

Gəldiyim nəticə budur: çox şanslıyıq ki, cəlladımız məhz Mircəfər Bağırov olub. Əks halda başımıza bundan qat-qat çox bəlalar gələcəkdi. Özünüz qərar verin. O dövrün repressiyaları, əlifbamızın və xalqın adının dəfələrlə dəyişdirilməsi, Bağırovun zalımlığı barədə çox yazılıb. Mən isə çoxlarının bilmədikləri digər məqamlar barədə yazacam:

1.   Yuxarıdakı siyahıda göründüyü kimi Bağırov olmasaydı, Azərbaycana rəhbərliyi çox güman ki, başqa millətin nümayəndəsi olacaqdı ki, onların da milli, torpaq təəssübkeşliyi heç olmayacaqdı və nəticələr xeyli dərəcədə daha faciəvi olacaqdı (sonrakı bəzi bəndlər buna nümunədir).

2.   Əsas mövqelərə Moskva öz adamlarını yerləşdirirdi. Məsələn, 30-40-cı illər Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədrləri bunlar olub: Frinovski, Aqrba, Sumbatov, Yuvelian, Rzayev-Kamenski, Yemelyanov.

Bu şəxslər Bağırovdan çəkinsələr də, onların fikirlərini qulaqardına vurmaq asan deyildi (çünki Moskvaya şikayət edilirdi). Repressiyalar da əsasən bu şəxslərə müxtəlif “şikayətlər” nəticəsində baş verirdi.

3.   Bağırovun Beriya ilə dostluğu və Stalinin ona yaxşı münasibəti imkan verirdi ki, bəzən bir çoxları həll edə bilməyəcək məsələləri həll edə bilsin (sonra nümunələr gtirəcəm, amma bu həmişə alınmırdı).

4.   1943-44-cü illərdə iki dəfə azərbaycanlıların bütünlüklə Qazaxstana və Sibirə köçürülməsi barədə Siyasi Büronun qərarını Bağırov ləğv etdirə bilmişdi.

5.   Bağırov bir çox tanımış və tanınmamış insanı repressiyadan xilas edib, yaxud ciddi dəstək olub. Yalnız bəzilərini qeyd edim: 

-    Üzeyir Hacıbəyov, 
-    ADR Parlament üzvü olmuş Əlibəy Zizikski (güllələnmə qərarı Bağırovun müdaxiləsi nəticəsində ləğv edilmiş, amma Bağırovun Azərbaycandan kənara göndərilməsindən istifadə edərək, ittiham yenidən qaldırılmış və güllələnmişdir),
-    Əli Əsədullayev (Şəmsi Əsədullayevin oğlu),
-    Əminə Dilbazi bəy qızı idi deyə sıxışdırırdılar (komsomola keçirmirdilər). Bağırova məktub yazır və dəstək alır.
-    Xan Şuşinski,
-    Firudin Şuşinski,
-    1922-ci ildə Cəfər Cəbbarlını pantürkist, musavatçı kimi həbs edirlər. Bağırov xəbər tutanda, şəxsən kameraya gedib onu azad edir.
-    Əliağa Vahid,
-    Nigar Rəfibəylinin anası və özü. Anası ADR-in ilk səhiyyə nazirinin qızı idi.
-    Səməd Vurğun (həbsi üçün bütün materialları hazırlayıb imzalamaq üçün Bağırova göndərilmişdi; onu dəvət edib yaradıcılığını aktivləşdirməyi tələb etmişdi).

Üzeyir bəy barədə yalnız bir misal gətirim. Təsəvvür edin, Müsavat hökuməti dövründə “Müsavat” partiyasının üzvü, “Azərbaycan” qəzeti redaktorunun, ADR dövründəki Azərbaycan himninin müəllifi olan, qardaşının düşmən sayılan Türkiyədə yaşadığı bir şəxsin repressiya dövründə sağ qalmaq şansı ola bilərdimi? Bağırovun himayəsi bir çoxlarını qıcıqlandırırdı və onlar müxtəlif instansiyalara şikayətlər yazırdılar. Məsələn, 1937-ci ildə Azərbaycan Dövlət Konservatoriyası və Musiqi Məktəbinin partiya komitəsinin milliyyətcə erməni olan katibi Kiranov və Filarmoniyanın Həmkarlar İttifaqı Komitəsinin sədri Akopyan kimi. Sonuncusu ürəyini boşaldıb bildirirdi ki, bələ şəxs SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa namizəd ola bilməz.

Bütün bu məktublar Moskvadan araşdırılması üçün Bakıya qaytarılırdı. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Sumbatov Hacıbəyovun namizədliyinin geri götürülməsi təklifini Bağırova göndərir. O isə məsələni ləngidir ki, bəstəkar “Koroğlu” operasını bitirsin, nüfuzu bir qədər də artsın və yekunda Hacıbəyovun deputat olmasına nail olur. Yeri gəlmişkən, opera Stalinin çox xoşuna gəlir.

6.   Bağırov dəfələrlə ermənilərin fitnəkarlığı və özbaşnalığına qarşı sərt reaksiya göstərib. Bu faktların bir qismi Bağırovun məhkəməsində ittiham kimi ona bildirilmişdi. Məsələn: öz əsərində Qarabağı erməni torpağı, azərbaycanlıları geridəqalmış köçərilər kimi qələmə verdiyinə və Naxçıvana göz tikdiyinə görə Marietta Şaginyan 1947-ci ildə Bakıya gəldiyində onu qəbul etməyib, hətta ünvanına təhqiramiz sözlər deyib. 

-    Kür-Araz İnşaat İdarəsinin rəisi olmuş marşal Baqramyanın qardaşını “qudurduğuna” görə təhqir edib hədələmişdi. 

-    Stepan Şaumyanın oğlunu, arxivlərdə sənədləri götürərək, daşnakların vaxtilə törətdiyi cinayətləri ört-basdır etmək istədiyinə görə Bakıdan qovmuşdu. Deyilənə görə, o edə bilmədiyini 1965-ci ildə Mikoyan etmişdi (arxivlərimizdən 4 çemodan sənədi Moskvaya aparmışdı).

-    1947-ci ildə Bağırov eşidir ki, Elmlər Akademiyasının işçisi Köçəryan gizlincə Azərbaycanın 163 atlasını Yerevana aparıb. Nəticədə xəritələr vətənə qaytarılır, günahkar isə cinayət məsuliyyətinə cəlb olunur.

-    İnstitutların birində kafedra müdiri Mosesov dərsdə azərbaycanlı tələbəyə (“xalq düşməninin” oğlu idi) sillə vurur. Məsələ çatır Bağırova, o da müəllimi cəzalandırır və vəzifəsindən kənarlaşdırır.

-    Ermənilər bir neçə dəfə “Arşın mal alan”ı öz adına yazmağa çalışıblar (2 dəfə xaricdə). Bağırovun Molotova müraciəti nəticəsiz qaldıqda Stalinlə bu barədə danışıb. Stalin də deyib ki: “Yeganə kömək o olar ki, özünüz “Arşın mal alan” filmini yüksək səviyyədə çəkib dünyaya nümayiş etdirəsiniz”. Film belə çəkilib.

-    Mikoyan barədə dəfələrlə tənqidi fikirlər bildirib, Partiya İnstitutunun köhnə adı ilə (Şaumyan) adlandırılmasına sərt etiraz edirdi.

-    Layihə lap əvvəldən təsdiqlənsə də, Bağırov dövründə 26 Bakı Komissarlarına həsr olunmuş kompleks ucaldılmadı.

7.   Azərbaycan torpaqlarının Ermənistana verilməsinin qarşısını almışdı. 

1945-ci ildə Ermənistan KPMK-nin katibi Arutyunov Stalinə göndərdiyi məktubundan Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini qaldırmışdı. Bağırovun cavabı belə oldu ki, DQMV-nin Ermənistanla heç ümumi sərhədi yoxdur. Amma təkid olunsa, buna etiraz etmir, bir şərtlə ki, Ermənistan, Gürcüstan və Dağıstanda əsasən azərbaycanlıların yaşadığı ərazilər Azərbaycana birləşdirilsin. Bundan sonra Stalin məsələni bağlamışdı.

8.   Vəzifəsindən sui-istifadə etmirdi: rüşvət almır, mənzilini yenisinə dəyişmir, qohumlarını işə düzəltmirdi və s. 
Birinci oğlu, Cahangir, təyyarəçi idi, müharibədə qəhrəmancasına həlak olub - ilk taran etmiş azərbaycanlıdır. Moskvadan ona Sovet İttifaqı Qəhrəmanı adının verilməsi istəyi barədə eşidəndə xahiş etmişdi ki, bu ad verilməsin. Özünə edilmiş hədiyyələri Bağırov Stalin müzeyinə təhvil verirdi. 1946-cı ildəki siyahıda 6 ədəd almaz, 15 ədəd firuzə və digər hədiyyələr vardı.

9.    Adi insanlara çoxsaylı xeyirxahlıq nümunələri var.

10.  Tofiq Quliyev xatirələrində danışır ki, Azərbaycanda ilk caz kollektivi Bağırovun göstərişi əsasında yaradılmışdı. Müsiqi rəhbəri Tofiq Quliyev, bədii rəhbəri Niyazi oldu.

11.  Milli kadrların çoxalmasına və rəhbər mövqelərə çəkilməsinə çalışırdı. 2 misal gətirim yalnız:

- APİ-nin o dövrkü rektoru Əhməd Seyidov yazırdı ki, qəbul planında Azərbaycan dili və ədəbiyyatı fakültəsinə 25 nəfər, erməni dili və ədəbiyyatı fakültəsinə isə 75 nəfər nəzərə tutulmuşdu. Düşünüb ki, mexaniki səhvdir, rəqəmlərin yerini dəyişdirib və həngamə qopub, məsələ hətta Bağırova gedib çatıb. O da dəvət edir rektoru, xoş söhbətdən sonra məsələ barədə soruşur, sonra yola salır gözləməyə və yenidən dəvət edəndə otağında Dövlət Plan Komitəsinin şöbə müdiri (erməni) də olurmuş. Yekunda Bağırov Əhməd Seyidova öz nömrəsini verir ki, müəyyən vaxt ona zəng etsin və o zaman bildirir ki, bu şöbə rəisini göndərdi “istirahətə” (həbs elətdirmişdi).

- Əvvəllər Azərbaycan Kommunist Partiyası MK üzvlərinin əksəriyyəti başqa millətlərin nümayəndəsi olurdusa, 1949-cu ildə MK-in beş katibinin hamısı azərbaycanlı idi. Bağırovdan bir müddət sonra rus əsilli şəxs Moskva tərəfindən siyahıya daxil edilirdi.

12.    Bağırov 1941-ci ildə Stalinə yazdığı məktubda, Polşa ərazilərinin Ukrayna və Belarusiya torpaqlarına birləşdirilməsi modelinə istinad edərək, İrandakı Azərbaycan əyalətlərinin Sovet Azərbaycanının tərkibinə daxil edilməsi təklifi ilə çıxış etmişdir. SSRİ-nin Xarici İşlər üzrə Xalq Komissarı işləmiş Molotov da öz kitabında o vaxtkı Azərbaycan SSR rəhbərliyinin İranın azərbaycanlılar yaşayan hissəsinin Azərbaycana birləşdirilməsi üçün SSRİ rəhbərliyinə təzyiq göstərdiyini yazmışdı.

13.    Bağırov “Kitabi-Dədə Qorqud” dastanının araşdırılmasını təşviq edir, lakin 50-ci illərin əvvəlində bu işlə məşğul olan Azərbaycan və Türkmənistan alimləri Moskvanın təzyiqi ilə, millətçilikdə ittiham olunaraq, çox ciddi tənqidlərə məruz qalırlar. Amma bütün türkmən alimləri 25 illik həbs olunduğu zaman, Azərbaycan alimlərinin heç biri həbs olunmur.

14.    1930-cu ildə ADU ləğv edilir. Bağırov onu 1934-cü ildə yenidən yaradır.

15.    Böyük Sovet Ensiklopediyasındakı Azərbaycana aid əsas məqalələri şəxsən baxır və o zamankı ideologiyaya zidd olmayan tarixi təhriflərin qarşısını alırdı.

16.    Kinoteatrlarımızın adları milliləşdirilir:

-   “Xudojestvennıy” olur “Nizami”, 
-    “Bakkomuna” əvvəl “Forum”, sonra isə “Bakı” olur, 
-    “Proletari” – “Vətən”, 
-    “Qızıl Şərq” – “Azərbaycan”, 
-    “Spartak” – “Araz”.

17.    Bağırov dövründə yaradılmış bəzi obyektlər və yaşanmış bəzi hadisələr:

-    Bakı metropoliteninin tikintisi hələ 2 Dünya Müharibəsindən qabaq Bağırovun təşəbbüsü ilə Bakının baş planına daxil edilmişdi (açılışı 1967-ci ildə olmuşdu).
-    Dövlət Musiqili Komediya Teatrı.
-    İlk Azərbaycan baleti “Qız qalası”.
-    Samur-Dəvəçi kanalının birinci növbəsi.
-    Azərbaycan Elmlər Akademiyası.
-    Nizami adına Ədəbiyyat muzeyi.
-    Daşkəsən şəhərinin əsası qoyulmuşdu.
-    Sumqayıt şəhərinin əsası qoyulmuşdu.
-    Mingəçevir şəhərinin əsası qoyulmuşdu.
-    Əli Bayramlı şəhərinin əsası qoyulmuşdu.
-    Mingəçevir SES.
-    Azərbaycan Politexnik İnstitutu.
-    Qaradağ sement zavodu.
-    Naxçıvan duz mədəni.
-    Hökumət evi.
-    Respublika stadionu.
-    Şəhriyar adına klub.
-    Axundov adına kitabxana.
-    DİN binası.
-    İndiki İstiqlal (əvvəlki Lenin) muzeyinin binası.
-    Dövlət Dram Teatrının binası.
-    Gəncə toxuculuq kombinatı, 
-    Yağ-piy zavodu, 
-    Sumqayıt istilik elektrik stansiyası, Boru prokat zavodu və Sintetik kauçuk zavodu
-    Lökbatan, Neft daşları, Zığ kimi neft yataqları kəşf olunmuşdur və s.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...