Redaktor
“L’Oréal” “Kering”in gözəllik bölməsini 4 milyard avroya alır
Fransanın lüks moda konserni “Kering” öz gözəllik bölməsini “L’Oréal” şirkətinə 4 milyard avroya (təxminən 4,66 milyard ABŞ dolları) satmaq barədə razılıq əldə edib.
Valyuta.az xəbər verir ki, müqaviləyə əsasən, Clichy şəhərində yerləşən “L’Oréal” “Kering”in tərkibində olan “House of Creed” adlı yüksək seqmentli ətir brendini və həmçinin "Gucci", "Bottega Veneta" və "Balenciaga" kimi tanınmış markaların ətir və kosmetika istehsalı üzrə lisenziyalarını əldə edəcək.
Tərəflər bildiriblər ki, “Kering” və “L’Oréal” birgə strateji komitə yaradacaq. Komitə lüks brendlərlə gözəllik məhsulları arasında koordinasiyanı təmin edəcək və şirkətlər “wellness” (sağlam həyat tərzi) və “longevity” (uzunömürlülük) sahələrində birgə biznes imkanlarını araşdıracaq.
Xatırladaq ki, “L’Oréal” 2008-ci ildə “Kering”ə məxsus "Yves Saint Laurent Beauté" brendinin gözəllik lisenziyasını da əldə etmişdi.
“Kering”in icraçı direktoru Luca de Meo bildirib ki, bu addım iki şirkətin gücünü birləşdirərək lüks brendlərin gözəllik sahəsindəki potensialını daha da artıracaq:
“Dünyanın lider gözəllik şirkəti ilə birləşərək, markalarımızın ətir və kosmetika seqmentində miqyasını genişləndirəcəyik. Bu, onlara uzunmüddətli inkişaf imkanı yaradacaq".
Əməliyyat tam nağd şəkildə həyata keçiriləcək və 2026-cı ilin ilk yarısında tamamlanması gözlənilir. “L’Oréal” həmçinin lisenziyadan istifadə etdiyi müddətcə “Kering”ə royalti (faiz gəliri) ödəyəcək.
Sərvanə Rəmixanova