Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

Redaktor

13.01.2026 14:00
358

Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

Banklar müxtəlif alış-veriş kateqoriyalarında kəşbek xidməti təklif edir və ödəniş zamanı müştəriyə “bu məbləğ bank tərəfindən qaytarılır” deyilir. Lakin bəzi fikirlərə görə, bankların əməkdaşlıq etdiyi mağazalar qiymətləri əvvəlcədən artırır və sonda bu vəsaiti “kəşbek” adı ilə alıcıya geri qaytarırlar.

Sual yaranır ki, bu pulları bizə kim verir - bank, tərəfdaş mağaza? Yoxsa bizim pulumuzu məhsulun üzərinə gəlib təzədən bizə qaytarırlar?                                                                      

İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirir ki, mağazaların hamısı eyni qaydada fəaliyyət göstərmir və fərqli yanaşmalar tətbiq edə bilir:

"Kəşbək məsələsində də müxtəlif formalar mövcuddur. Əsas mexanizm ondan ibarətdir ki, kəşbəki əslində mağaza təqdim edir, bank isə sadəcə bu məbləği müştəriyə ötürür. Mağaza kəşbək təqdim etdiyi halda, bu ödənişi qiymətə daxil etməklə kompensasiya edə bilər. Yəni, bu cür hallarda malın qiyməti artıq həmin xərcləri əks etdirə bilər. Lakin bütün mağazalar eyni şəkildə davranmır və bu fərqlilik müştəri tərəfindən asanlıqla müəyyən edilə bilər.

Əgər alıcı nağd ödəniş etdikdə qiymətdə endirim alırsa, bu o deməkdir ki, kartla ödəniş zamanı qiymətə əlavə xərclər – o cümlədən kəşbək – daxil edilib. Belə olan halda, faktiki olaraq kəşbək müştərinin öz cibindən ödənilən məbləğdən geri qaytarılmış olur. Əksinə, əgər qiymət həm nağd, həm də kartla ödənişdə dəyişməz qalırsa, bu zaman təqdim edilən kəşbək alıcının real qazancıdır. Çünki bu halda alıcı eyni qiymətə mal alır, lakin əlavə olaraq kəşbək əldə edir. Qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən, ödəniş formasından asılı olmayaraq qiymət dəyişməməlidir. Əgər mağaza nağd və kartla ödəniş zamanı fərqli qiymət tətbiq edirsə, bu, qanun pozuntusudur və eyni zamanda, təqdim edilən kəşbəkin “şişirdilmiş qiymət” üzərindən verildiyini göstərir".

"Ümumilikdə, istər kəşbək, istərsə də faizsiz kredit kampaniyaları (“indi al, 3 ay sonra ödə” və s.) alıcı üçün ilkin baxışda cəlbedici görünsə də, unutmaq olmaz ki, bu cür maliyyələşdirmə mexanizmləri satış qiymətlərinə əvvəlcədən əlavə olunur. Yəni, nə bank, nə də mağaza bu vəsaiti “öz cibindən” qarşılamır – bütün bu xərclər son qiymətə daxil edilir və nəticə etibarilə müştəri tərəfindən ödənilir", - deyə ekspert vurğulayıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...