Redaktor
Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir
Kəndlinin torpaqdan soyudulması aqrar sahəyə zərbədir.
Valyuta.az "Modern.az"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, kəndlilər əvvəllər torpaqları birbaşa dövlət və ya bələdiyyələrdən götürür, bunun müqabilində münasib məbləğdə icarə haqqı ödəyirdilər. Eyni zamanda aldıqları subsidiyalar hesabına öhdəliklərinin bir hissəsini qarşılaya, təsərrüfatlarını davam etdirə bilirdilər.
“Lakin sonrakı dəyişikliklər nəticəsində kəndlilər torpaqları artıq dövlətdən deyil, digər qurumlardan icarəyə götürməyə başlayıblar. Bu isə onların ödəyə bilməyəcəyi səviyyədə – əvvəlkindən dəfələrlə yüksək icarə haqları ilə üzləşməsinə səbəb olub. Digər tərəfdən isə bir çox hallarda subsidiyalara çıxış imkanları da məhdudlaşıb.
Bu vəziyyət kənd təsərrüfatı ilə məşğul olan insanların sosial-iqtisadi durumunu daha da ağırlaşdırır. Qanunvericilikdə müəyyən uyğunlaşdırmalar aparılsa da, mövcud problemlərin aradan qaldırılması üçün hüquqi-normativ aktlarda əlavə dəyişikliklərin edilməsi vacibdir”.
Ə. Məsimli vurğulayıb ki, xüsusilə kənd təsərrüfatının çətin dövr keçirdiyi bir zamanda torpağa bağlı insanların müxtəlif mexanizmlərlə torpaqdan uzaqlaşdırılması, gəlirlərinin əhəmiyyətli hissəsini itirməsi və subsidiyalardan kənarda qalması aqrar sahənin inkişafına ciddi zərbə vura bilər. Buna görə də hüquqi-normativ bazada və təşkilati mexanizmlərdə bu məsələlərin nəzərə alınması zəruridir”.