"Eyni CV-ni 50 yerə göndərmək ciddi səhvdir"

Redaktor

13.01.2026 09:45
52

"Eyni CV-ni 50 yerə göndərmək ciddi səhvdir"

“İş tapa bilmirəm” ifadəsi bu gün cəmiyyətin demək olar ki, bütün yaş qruplarında tez-tez eşidilir. Bəziləri qısa müddətdə iş tapdığı halda, digərləri aylarla, hətta illərlə iş axtarır. Maraqlıdır ki, bu qrupun içərisində ali təhsilli, xüsusi bacarıqlara malik insanlar da var. Bəs problem nədədir? İş axtaranlar harada səhv edir? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan İnsan resursları üzrə mütəxəssis Asim Həsənov bildirib ki, iş tapılmamasının əsas səbəblərindən biri düzgün karyera planlamasının olmamasıdır.

Onun sözlərinə görə, karyera planlaması əslində məktəbin yuxarı siniflərindən başlamalıdır: “Şəxs artıq 8-9-cu siniflərdə özünə sual verməlidir: Mən hansı sahədə inkişaf edəcəyəm, hansı istiqamətdə mərhələli addımlar atmalıyam? Bu planlamanı etməyən insanların sonradan karyera həyatında ciddi çətinlikləri yaranır".

A.Həsənov bildirir ki, hər kəs karyerasını əvvəlcədən planlamır: "Bəziləri valideynlərinin yolunu davam etdirir, bəziləri ailə biznesinə qoşulur. Lakin fərqli yol seçmək, öz bacarığını kəşf edib onu inkişaf etdirmək istəyənlər üçün karyera planlaması xüsusilə vacibdir. Bu zaman yalnız istəklər yox, real bacarıqlar əsas götürülməlidir. Əgər insanın bacarıqları seçdiyi sahəyə uyğun deyilsə, o zaman bacarıqların imkan verdiyi istiqamətdə inkişaf etmək daha məqsədəuyğundur".

Ekspert universitet dövrünün də çox vaxt düzgün qiymətləndirilmədiyini vurğulayır. Onun sözlərinə görə, iş tapmağı çətinləşdirən əsas amillərdən biri tələbəlik illərində könüllülük fəaliyyətlərində, təcrübə proqramlarında iştirak edilməməsidir: "Tələbələrin əksəriyyəti sadəcə diplom almağa fokuslanır. Amma bu gün həm dövlət, həm də özəl sektor tərəfindən dəstəklənən çoxsaylı karyera sərgiləri, konfranslar və proqramlar var. Aktiv tələbələr burada seçilir və könüllü və ya təcrübəçi kimi dəvət alırlar. Bu isə iş mühitini öyrənmək baxımından çox önəmlidir”. 

İşçi yaxşı işləsin deyə maaş istəyir, müdir maaş artırsın deyə yaxşı iş –  İlk addımı kim atmalıdır?

A.Həsənov qeyd edir ki, universitet mərhələsində düzgün addımlar atıldıqdan sonra növbəti mərhələ CV-nin düzgün hazırlanmasıdır. Onun fikrincə, bir CV-ni hazırlayıb 30-50 yerə eyni formada göndərmək ciddi səhvdir: "İş axtarışı planlı olmalıdır. Namizəd əvvəlcə özünə sual verməlidir: Mən harada işləmək istəyirəm, hansı şirkətlər mənim üçün maraqlıdır və tələblərimə uyğundur? Bir CV-ni 50 yerə göndərib cavab gözləmək nəticə vermir”.

O əlavə edib ki, təkcə iş elanlarını izləməklə iş tapmaq bu gün çox çətindir: "Demək olar ki, hamı eyni üsulla iş axtarır. Bu halda namizədi digərlərindən fərqləndirən nə isə olmalıdır. Əgər fərqləndirici bacarıq varsa, lakin CV-də bunu göstərmək mümkün deyilsə, o zaman şəxsi brendinq ön plana çıxır. Seminar və təlimlərdə iştirak etmək, peşəkar mühitlərdə fikir bildirmək, sahə üzrə tanınmış insanlarla düzgün ünsiyyət qurmaq vacibdir. Burada məqsəd sadəcə tanışlıq yaratmaq deyil, dəyərli əlaqə qurmaqdır".

Ekspert həmçinin CV göndərildikdən sonra motivasiya məktubunun və müsahibəyə hazırlığın vacibliyini qeyd edir. Onun sözlərinə görə, müsahibələrdə namizədlərin ən çox çətinlik çəkdiyi suallardan biri “niyə məhz bu şirkət?” sualıdır. Bu sualın cavabı yoxdursa, müraciət hədəfsiz hesab olunur.

A.Həsənov vurğulayır ki, bu gün ən vacib amillərdən biri də rəqəmsal görünürlükdür: "Təkcə CV ilə namizədi tanımaq çətindir. Ona görə də portfel, görülmüş işlər, layihələr və sənədlər olmalıdır".

Ümumi sahələrdə iş axtaranlar üçün təkcə diplom həlledici deyil. Ən effektiv öyrənmə üsulu təcrübə yolu ilə öyrənməkdir. Əgər insanın konkret bacarığı yoxdursa və yeni sahədən başlamaq istəyirsə, ilk mərhələdə maaş əsas məqsəd olmamalıdır. Əsas məqsəd öyrənməkdir. Kiminsə yanında təcrübə keçmək, xidmət təklif etmək və zamanla bacarıq qazanmaq uzunmüddətli baxımdan ən uğurlu yoldur", - deyə A.Həsənov bildirib.

Sərvanə Rəmixanova 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...