Redaktor
Britaniya şirkətlərə Rusiya neftini sığortalamağı qadağan etmək istəyir
Böyük Britaniya Rusiya neftinin dəniz yolu ilə daşınmasına qadağanı dəstəkləyir və ABŞ-ın dəstəyi olmasa belə, gələcək sərt tədbirlərdə Avropa İttifaqı ilə birlikdə hərəkət edə bilər.
Valyuta.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə nazir və yüksək vəzifəli hökumət rəsmisi bildirib.
Nəşrin izahına görə, qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan Britaniyanın sığorta və gəmiçilik sektorlarının Rusiya nefti ticarətinə xidmət göstərməsini qadağan edən istənilən addım hazırkı qiymət məhdudiyyəti siyasətindən kənara çıxacaq. Mövcud qaydalara əsasən, əgər Rusiya neftinin qiyməti bir barel üçün 44,10 ABŞ dollarından yüksəkdirsə, şirkətlərə ona xidmət göstərmək qadağandır.
Britaniyanın ticarət naziri Kris Brayantdan soruşulub: "Əgər Aİ buna hazırdırsa, ABŞ-ın istəksizliyi bizim hərəkət etməyimizə mane olmayacaqmı?"
O isə cavabında bildirib: "Bəli, bu doğrudur".
Eyni zamanda, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu ayın əvvəlində Aİ-nin 20-ci sanksiya paketi çərçivəsində “Rusiya xam nefti üçün dəniz xidmətlərinə tam qadağa” təklif edib. Lakin Macarıstanla Avropa liderləri arasında Rusiya neftinə çıxış məsələsi ilə bağlı yaranmış mübahisə səbəbindən bu planlar təxirə salınıb.
Hazırda Aİ-nin Rusiya neftinə qiymət məhdudiyyəti siyasətində olduğu kimi, bütün G7 tərəfdaşları ilə birlikdə hərəkət edib-etməyəcəyi də aydın deyil.
Britaniya Parlamentinin Ticarət və Biznes Komitəsinin sədri Liam Birn isə hesab edir ki, amerikalılar hələ buna hazır deyillər.
Almaniyanın insan haqları təşkilatı "Urgewald"ın sanksiyalar üzrə fəalı Aleksandr Kirk bildirib: "Böyük Britaniyanın seçimi var. O, növbədə gözləyə və ya liderliyi öz üzərinə götürə bilər. Dəniz xidmətlərinə qadağa dərhal və xəbərdarlıq edilmədən tətbiq olunmalıdır. Qəti addım Putinin hərbi maşını üçün şok effekti yaradacaq. Daha çox gecikmə Kremlə əlavə cəsarət verir və Britaniyanın öz təhlükəsizliyini sarsıdı".
Paşa Məmmədli