Mədəniyyət işçilərinin maaşı artacaq? -AÇIQLAMA
“Mədəniyyət sahəsində çalışan şəxslər çox kiçik maaşla işləyirlər”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı? Heç kimə sirr deyil ki, bu sahədə çalışan adamlarımız, aktyorlarımız, sənət adamlarımız, yazıçılarımız, rəssam və bəstəkarlarımız, kitabxana və muzey işçilərimiz çox kiçik bir maaşla çalışırlar. Həqiqətən bu insanlar çox fədakardır. Onlar bəzən öz işlərini atıb başqa işlə məşğul olurlar ki, gəlirlərini yaxşılaşdırsınlar. Gənclərin bu səbəbdən başqa istiqamətlərə yönəlməsi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir. Sənədli və bədii film çəkmək istədikdə texniki personal çatışmır. Düşünürəm ki, öz insan kapitalına sərmayə qoymalıyıq. 65 yaşa çatan müəllimlərimiz, kitabxana işçilərimiz, aktyorlarımız var. Onların təcrübəsindən yararlanmaq lazımdır. Vaxtilə elə aktyorlarımız olub ki, 85 yaşında teatr səhnəsinə çıxıb. Məncə bu, yaşla əlaqəli deyil. Düşünürəm ki, Əmək Məcəlləsinə yenidən baxmaq lazımdır. Mütləq yeni mexanizmlərin tapılması vacibdir”, - deyə Günay Əfəndiyeva bildirib.
Parlamentdəki müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılması məsələsinə baxılsın: “Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaq”.
©Qafqazinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay