Redaktor
İsveçrə fondunun Cənubi Avropa üzrə direktoru Səbinə: “Startapda disiplinlə şans yaratmaq olar” - Müsahibə
Azərbaycanda 10 illik karyerası olur. Bu müddətdə Dünya Bankının layihələrində və “Deliotte” şirkətində çalışır. Sonra Türkiyəyə köçməli olur. Bu ölkədə fəaliyyətə başladıqdan qısa müddət sonra startap sektoruna keçid edir və özünü bu sahədə tapdığı üçün bu istiqamətdə davam edir.
Söhbət Valyuta.az-ın müsahibi “Tenity” qlobal investisiya fondu və innovasiya platformasının bölgə rəhbəri Səbinə Babayevadan gedir.
Qeyd edək ki, S.Babayeva Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr və magistr təhsili alıb.
- Səbinə xanım, tarix fakültəsində təhsil alsanız da, karyeranız fərqli istiqamətdədir. Tarix üzrə davam etmək istəmirdiniz deyə, yol bu cür gedib?
- Əslində, ilk işim öz sahəmlə bağlı idi. Mən şanslı adamam. Bakalavr təhsilimi bitirən kimi bir şirkətdə layihə idarəedilməsi ilə bağlı iş oldu, UNESCO tarixi layihələrlə bağlı idi. Şirkət daha çox Dünya Bankının layihələrini işləyirdi. İlk başladığım layihə Şəki Xan Sarayının və Naxçıvanda Qarabağlar və Möminə xatun türbələrinin restavrasiyası ilə bağlı idi. Bu tip tarixi layihələr üzərində çalışırdıq. İşim tarixi istiqamətdə olsa da, layihə idarəetməsi ilə bağlı təcrübə qazandım. 5 il o şirkətdə çalışdım. Tarixlə əlaqəsi olan layihələrdə başlasam da, sonra “Deloitte” şirkətinə keçdim, orda USAİD üçün dövlət investisiya, sərmayə proqramları ilə bağlı layihələr işlədik. Beləliklə, zamanla layihə idarəetməsinə yönəldim. Hiss etdim ki, layihə yönümlü çalışmaları daha çox sevirəm.
- Tələbəlik dövrünü necə keçirdiniz ki, karyera başlanğıcında çətinlik olmadı?
- İngilis dilinin bu cəhətdən köməyə gəldiyini düşünürəm. İngiliscə davamlı öyrənirdim, bu dildə layihə yazmaq mənə çox maraqlı idi. O zaman startap konsepsiyası olmadığı üçün, öz karyeramı beynəlxalq bir layihədə, yaxud qlobal şirkətdə görürdüm. Elə də oldu. “Deloitte”də USAİD layihələrində çalışanda, bir çox ölkələrdən olan ekspertlərlə bir araya gəlmək fürsətim oldu. Məncə, bu cəhətdən də şanslıyam. Fərqli mədəniyyətlərlə, onların işləmə tərzləri və təcrübələri ilə tanış oldum.
- İngilis dilini öyrənməyiniz qlobala çıxmaq həvəsi ilə bağlı idi?
- İngilis dilinə marağı məndə nənəm yaradıb. Ailəm bu məsələyə ciddi baxırdı və 6 yaşımızdan bizi ingilis dilinə yazdırmışdı. Ondan sonra ingilisdilli məktəbdə oxuduq. Universitetdə də şansım gətirdi. Bizim ingilis dili üzrə professorumuz var idi. Magistr işimizi ingiliscə istədi. Bu tərəfdən də özümüzü inkişaf etdirdik. Universiteti bitirib işə başlayanda, ingilis dili cəhətdən özümü çox rahat hiss edirdim.
- Türkiyəyə köçdüyünüzdə, 10 illik bir karyeranız var idi. Getdiyinizdə hansı vəzifədə idiniz?
- “Deliotte”də informasiya və Pr meneceri idim. Sonra ailə qurub Türkiyəyə köçdüm və 16 ildir bu ölkədəyəm.

Mənim həyatımda hər şey layihələrlə bağlıdır. Türkiyəyə köçdükdən sonra yeni açılan bir layihədən təklif gəldi.
- Ailə qurub köçmüsünüz. Siz Türkiyəyə karyera qurmaq üçün getməmişdiniz. Bu zaman başlanğıc çətin olmadı?
- İş tapmaq cəhətdən problem olmadı. İlk işimi qısa müddətdə tapdım. Sadəcə bəlli bir yerə gəlib sonra yenidən sıfırdan başlamaq və netvörk qurmaq çətin olur. Azərbaycanda buraxdığım netvörkinqim, buraxdığım ekosistemi orda toplamaq o qədər asan olmadı.
- Türkiyədə startap sektorunda davam edirsiniz...
- Mənim həyatımda hər şey layihələrlə bağlıdır. Türkiyəyə köçdükdən sonra yeni açılan bir layihədən təklif gəldi. O vaxt Türkiyədə yaşayan bir azərbaycanlı tanışım dedi ki, bir layihə başlayır, sən layihələrdə təcrübəlisən, bir layihə də görmək istəyərsən? Dedim ki, görmək istəyərəm (Gülür). Bu şirkət fərqli texnoloji məhsulların inkişafı və onların bazara təqdim olunması və s. ilə bağlı müxtəlif xidmətlər göstərirdi. O şirkətdə media və Pr sahəsində başladım, sonra isə şirkətin İnsan Resursları və Əməliyyatları direktoru vəzifəsinə keçdim.
2015-ci ildə dünya iqtisadiyyatında müəyyən iqtisadi çətinliklər yaşandı. Həmin ərəfədə o şirkət bağlansa da, startap sektoru aktivləşməyə başladı.
İlk olaraq Türkiyənin ən böyük media agentliyi olan “Anadolu Ajans”da işə başladım. 2500 işçisi olan media agentliyidir. O vaxtı agentlik inkubasiya mərkəzi yaratmağa qərar verdi. Bu mərkəzin qurulması və idarəsi mənə verildi.
Sonra “Hackquarters”a keçdim. Bu şirkət 2015-ci ildə qurulan startap akselerator mərkəzi idi. Format belə idi ki, startapları alaq, onlara investisiya edək və böyüdək. Zaman keçdikcə, iş modelimiz dəyişdi. Daha çox korporativ şirkətlərlə işləməyə başladıq. 2015-2024-cü illərdə fərqi korporativ şirkətlərlə 150 fərqli innovasiya proqramları gerçəkləşdirmək imkanımız oldu.
2 il bundan öncə “Hackquarters” “Tenity” ilə birləşdi və mən də bu şirkət daxilində davam ettim. “Tenity” İsveçrədə yerləşən bir investisiya fondudur.
- Startaplara investisiya edirsiniz?
- “Tenity” ümumilikdə fintek startaplarına investisiya edir. 15 ölkədə, əsasən Avropa və Sinqapurda 290-a yaxın startapda investisiyalarımız var. 6 ofisimiz var, mən Cənubi Avropa, Türkiyə və MENA bölgəsi rəhbəriyəm. Mən bölgə olaraq daha çox korporativ şirkətlərlə fərqli innovasiya proqramları gerçəkləşdirirəm. Startapları korporativ şirkətlərlə bir araya gətirərək onların arasında bir iş birliyi, əməkdaşlığı təmin edərək startapların böyüməsini dəstəkləyirik.

- Deyək ki, mənim bir startapım var, bu zaman sizin mərkəzin hansı imkanlarından yararlana bilərəm?
- Təklifimizin əsası inkişafın hər mərhələsində startapın ən böyük, ən aktual problemlərini həll etmək üçün nəzərdə tutulmuş 360 dərəcə dəstəkdir. İnvestisiyaları asanlaşdırmaq üçün startapları qlobal hovuzumuzdan hədəf investorlarla birbaşa bir araya gətiririk. Məhsullarını təkmilləşdirməyə hazırlaşan şirkətlərə biz intensiv təlim modulları və texniki dəstək təqdim edirik, bunu qlobal mentor netvörkümüzdən təcrübə əldə etmək imkanı ilə birləşdiririk. Hüquqi dəstək, bazara giriş və satış kanallarını gücləndirmək üçün onları hədəf ölkədə həm dövlət, həm də özəl partnerlərlə bir araya gətiririk.
- Azərbaycanda olan startaplar sizə müraciət edə bilər?
- Birincisi, bütün startaplar üçün biz regional böyümə üçün aydın yol təklif edirik. Əgər startap Türkiyə, MENA, Cənubi Avropa bazarlarına çıxmaq istəyirsə, proqramlarımızın çərçivəsi onlara yerli məhsullarını eyni yüksək inkişaf edən regionlara uğurla genişləndirmək üçün lazım olan qlobal şəbəkə, mentorluq və böyümə dəstəkləri vermək üçün nəzərdə tutulub. Eyni zamanda təcrübə göstərir ki, Azərbaycandan bizim proqramlarımıza artıq qoşulmuş və onları bitirmiş çox yüksək potensiallı startaplar var.
Hər bir startap Azərbaycanı satış və böyümə üçün yüksək potensiallı bir bazar olaraq görür.
- Fərqli ölkələrdən olan şirkətlər və startaplarla işləyirsiniz. Xarici startaplar Azərbaycan bazarında fəaliyyətə nə qədər maraqlıdırlar?
- Azərbaycan bir çox xarici startapların regional üstünlük üçün strateji əhəmiyyətli olduğunu və yüksək potensiallı miqyaslı fürsəti təmsil edir. Onlar təkcə Azərbaycan əhalisinə baxmırlar, onlar onu daha geniş, bir-biri ilə əlaqəli Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxış üçün giriş nöqtəsi və strateji mərkəz kimi görürlər. Avropa və ya Amerikadan fərqli olaraq, bu bölgə tez-tez daha az rəqabətə malik, daha yüksək erkən satışlar və sürətli müştəri cəlbi vəd edən “mavi okean” ərazisi kimi nəzərdən keçirilir. Biz bütün proqramlarımızda bunu görürük: hər bir startap Azərbaycanı satış və böyümə üçün yüksək potensiallı bir bazar olaraq görür. Azərbaycan startapları daha çox Amerika və İngiltərəyə çıxmağı hədəfləyir. Bu da məntiqlidir. Çünki o ölkələri startap ekosisteminin mərkəzi olaraq adlandırırıq.

- Bunu bəzən biz neqativ qarşılayırıq. Düşünürük ki, startapımız dünyaya öz bazarımızda uğurlu olandan sonra çıxmalıdır.
- Startap yerli iş deyil. Startapın hədəfi böyümək, miqyaslanmaqdır. Miqyaslanma isə hər hansı bir ölkədən daha böyük bazar tələb edir. Bir ölkəyə, bir bazara diqqət yetirsəniz, "rahatlıq tələsinə" düşmək riskiniz var: daxili uğur sağ qalmaq üçün kifayətdir, lakin beynəlxalq miqyasda genişlənmənin çətin işini gecikdirirsiniz. Daha ağıllı yol ilk gündən dünya üçün dizayn etməkdir. Kiçik ölkələrin şirkətləri bunu təbii şəkildə başa düşürlər. Onların daxili bazarı böyük ölçüyə çatmaq üçün çox kiçik olduğundan, dərhal qlobal məhsul yaratmağa məcbur olurlar. Bu qlobal hazırlıq onların böyüməsini daha çevik, möhkəm və əsas beynəlxalq investorlar üçün cəlbedici edir.
- Qadın startapçılardan danışaq. Deyirlər ki, qadınlar risk almağı sevmirlər, ona görə qadın startapçıların sayı azdır. Startapı olan qadınlarla çox ünsiyyətdə olursunuz. Həqiqətən risk almağı sevmirlər?
- Azərbaycanla bağlı əlimdə statistika yoxdur, amma Türkiyədə startapçıların 16-20 faizi qadındır. Bizim şirkət bu istiqamətdə də aktivdir. Qadınlarla bağlı “WomanUp” adında bir platforma qurmuşuq. Orda 250-yə yaxın qadın var, əsasən texnoloji sahədə qadınlar, startap təsisçiləri, investorlar, korporativ şirkətlərdə çalışan qadınlar, konsaltinq üzrə ekspertlər, mentorlardır.
Risk məsələsinə gəlincə, böyük problem budur. Qadınlar doğrudan risk almağı sevmirlər. Yaxud belə desək daha doğru olar ki, onların riskə yanaşması fərqlidir. Daha sağlam irəli getməyə çalışırlar. 100 faizlik əminlik olduqdan sonra bir addım atırlar. Ona görə biz qadınlarda cəsarət mövzusunu çox müzakirə edirik. Necə daha cəsarətli ola, daha çox sahibkarlıq ruhu əldə edə, biznesdə daha əvvəl sınamadıqları şeyləri sınaya, potensiallarını ortaya qoya bilərlər?
Əlbəttə ki, “gözünü yum, filan işə başla” kimi yox, amma daha qüvvətli və ayaqları üstündə duran qadınlardan danışırıq. Əslində, içimizdə o güc var. Sadəcə olaraq o gücü doğru şəkildə yönləndirmək lazımdır. Feminist görünə bilər, amma fenimist deyilik. Biz içimizdə olan problemləri müəyyən etməyə və qadınları yeni işlərə daha açıq olmağa və bunu bənzər düşüncəli qadınlarla birlikdə etməyə istiqamətləndirməyə çalışırıq.

- 10 ildir startap sektorundasınız. Sizcə, uğurlu ola bilməyən startapçıların əsas səhvləri nələr olur?
- Məncə, ən əsas “bazarda bu məhsula tələb varmı?” sualına cavab tapılmalıdır. Tələb varsa, gələcəyi görülürsə, ideyanın arxasınca getsinlər. Amma bəzən startaplar öz məhsullarına o qədər aşiq olurlar, işə o qədər girişirlər ki, bazar tərəfini çox araşdırmırlar. Bazarı, müştəriləri araşdırmaq lazımdır. İnsanlar sizin məhsula nə qədər pul ödəməyə hazırdırlar? Məhsulun bazarına uyğun olması son dərəcə vacibdir.
- Startapımızın uğurlu olub-olmadığını bilmək üçün zaman lazımdır. Bəs bu zamanın qısa yolu varmı?
- Var. Məncə, doğru insanlarla yola çıxmaq lazımdır. Startap tək bir adamın işi deyil. İşi bilən qurumlar, agentliklər, akselerasiya mərkəzləri, mentorlar və s. ilə birlikdə yol alsanız, daha tez müəyyən edə bilirsiniz. Vergi, şirkət qurmaq, işə qəbul, məhsulun inkişaf etdirilməsi və s. istiqamətdə kömək edən bir çox insan var. Ekosistemdə təcrübələrini bölüşməyə və pulsuz mentorluq verməyə hazır olan çoxlu insan var.
- Bəzən biz investisiya alan startapçılarla söhbət edərkən deyirlər ki, gecə-gündüz işlədim. Ümumiyyətlə, startapın uğurlu olmasında nə qədər vaxt sərf etdiyimiz önəmlidir?
Startup işi 7/24 işləmək deməkdir. Ona görə startapların nə bazar günləri, nə də tətilləri var.
- Çox önəmlidir, can qoymalısan. Startup işi 7/24 işləmək deməkdir. Ona görə startapların nə bazar günləri, nə də tətilləri var. Özünü 100 faiz bu işə verməlisən. Amma tək getmək məcburiyyətində deyilsən. Startapda tək təsisçi olmaq da çox çətindir. Ona görə ya güclü həmtəsisçin və komandan, yaxud güclü mentorların olmalıdır. Bu, işini asanlaşdıracaq.
- Şansdan danışaq. Müsahib boyunca bir neçə dəfə şanslı olduğunuzu dediniz. Bəs startapda şansın önəmi var?
- Mən təsadüfi şansa inanmıram. Mən bunu "Qazanılmış Şans" kimi görürəm, bu da hazırlıq və fürsətin əlverişli birləşməsidir. Müvəffəqiyyət haqqında danışarkən, xüsusən də startapda söhbət heç vaxt tək bir elementdən getmir - bu, üç kritik amilin sinerjisi haqqındadır.
Birinci və ən əsası 100% səy və təcrübədir. Bu davamlı daxili ruhu olmadan, hər hansı bir xarici fürsət bizi ötüb keçəcək, çünki onu tutmaq üçün bacarıq və ya imkanımız olmayacaq.
İkincisi, mühit var: bazar vaxtı, netvörk əlaqələri və vaxtında imkanlar. Davamlı disiplinli işimiz bu mühitə məruz qalmağımızı maksimum dərəcədə artıran şeydir - şansın baş verə biləcəyi "bizi otağa salan" budur.
Nəhayət, bütün bu dinamik davamlı olaraq müqavimətlə sınanır - qaçılmaz çətinliklər və uğursuzluqlar. Burada optimizm zehniyyəti həlledici rol oynayır. Biz bu problemlərə şəxsi bədbəxtlik kimi deyil, böyümə mexanizmi kimi baxmalıyıq. Hər bir müqavimət nöqtəsi bizi daha möhkəm olmağa və innovasiyani yaratmağa məcbur edir.
Aygün Asimqızı
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025