Redaktor
Almaniyalı mütəxəssis Valyuta.az-da: “Heç kim üzündən oxunan çıxışı dinləmək istəmir”
İctimaiyyət qarşısında danışıq heç də çoxumuz üçün asan deyil. Bir çoxumuz bu bacarığa sahib olmaq üçün davamlı öz üzərimizdə işləyirik. Kimində bu ideal alınır, kimi də “məndə alınmır” deyib, “Taleyi ilə barışır”. Əslində, hər kəs gözəl danışığa sahib ola bilərmi? Bu bacarıq hər kəsdə olmalıdırmı?
Bu kimi suallar ətrafında Valyuta.az olaraq bugünlərdə Bakıda qonaq olan ictimaiyyət qarşısında danışıq üzrə almaniyalı mütəxəssis Pascal Heymann ilə söhbətləşdik.
- Pascal, ilk olaraq Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istəyirəm. Çünki ilk dəfədir ölkəmizdəsiniz.
- Artıq üç gündür ki, buradayam və bu şəhərin nə qədər böyük və canlı olmasına heyranlığım hələ də keçməyib. Bu müddət ərzində tanış olduğum insanlar çox mehriban, olduqca qonaqpərvər və səmimidirlər.
- Sahəniz insanların danışığı, nitqi ilə bağlıdır. O cəhətdən insanlarımızı müşahidə edirsiniz?
- İnsanlar Azərbaycan dilində danışanda, sözləri başa düşməsəm də, fərq etdiyim bir məqam var: bu dildə danışıqda ritm və melodiya hiss edirəm. Burada söhbət edə bildiyim insanlarla tanışlığıma görə çox məmnunam. Heç nə başa düşmədiyim hallarda belə, bu danışığa qulaq asmaq və həmin ab-havanı hiss etmək mənim üçün zövqverici olur.
- Pascal, ictimaiyyət qarşısında yaxşı danışmaq niyə önəmlidir?
- Bir cəmiyyətin gücü oradakı insanların bir-biriylə ünsiyyətindən asılıdır. Mənim üçün ictimaiyyət qarşısında danışıq yalnız bir biznes bacarığı deyil, insani ünsiyyət bacarığıdır. İndiyə qədər elə bir insanla rastlaşmamışam ki, ünsiyyət bacarığını inkişaf etdirməyin faydasını görməsin. Bu bacarıq mənim həm şəxsi, həm də peşəkar həyatımda çox şeyi dəyişib. Əgər fikirlərimizi daha aydın ifadə edə bilsəydik, düşüncələrimizi paylaşsaydıq, ünsiyyətimiz daha dürüst və açıq olsaydı, düşünürəm ki, dünyada mövcud olan problemlərin bir çoxu öz həllini tapa bilərdi.

- Bütün ölkələrdəki insanlarda ictimaiyyət qarşısında danışmaq qorxusu var. Niyə ictimaiyyət qarşısında danışanda, həyəcanlanırıq, bizi tər basır?
- Birincisi budur ki, bəzi şəxslərdə böyük bir qrup insan onları izlədiyi zaman təbii bir qorxu yaranır. Bəzi nəzəriyyələrə görə, bu qorxunun kökü ibtidai dövrlərə gedib çıxır. Həmin dövrlərdə insanlar tayfa şəklində yaşayırdı və əgər hər kəs bir nəfərə baxırdısa, bu, həmin şəxsin qrupdan kənar biri olduğu və təhlükə ilə üzləşə biləcəyi anlamına gəlirdi. Bu çətinliyi bir çoxumuz artıq dəf etmişik.
İkincisi, biz ictimaiyyət qarşısında çıxış etməyi məktəb və universitet dövründə öyrənirik. Lakin bu təqdimatlar zamanı vəziyyət belə olur: auditoriyada olanlar dediklərinizlə o qədər də maraqlanmır, çünki orada iştirak etmələri məcburidir. Otaqda isə sizdən daha çox mövzu haqqında məlumatı olan bir şəxs olur və sizi qiymətləndirir. Məktəb və universitetdəki təqdimatın əsas məqsədi də məhz budur: sizi yaxşı və ya pis olaraq qiymətləndirmək. Real dünyada, biznes mühitində vəziyyət fərqlidir. Əgər siz iş mühitində və ya başqa bir yerdə təqdimat edirsinizsə, deməli, həmin mövzu üzrə mütəxəssissiniz. İnsanlar sizi ona görə dinləyir ki, danışdığınız mövzu barədə onlardan daha çox bilirsiniz. Heç kim sizi mühakimə etmir. Amma buna baxmayaraq, beynimizdə hələ də o proqram işləyir: "mən mühakimə olunuram".
Üçüncüsü, bəzən biz gənclik və uşaqlıq illərində pis təqdimat təcrübələri yaşayırıq və bu, yaddaşımızda dərin iz buraxır. Ola bilər ki, bir dəfə təqdimat zamanı uğursuzluqla üzləşmişik və insanlar bizə gülüblər. Beyin isə bunu “təqdimat təhlükəlidir” kimi yadda saxlayır, çünki o, bizi qorumağa çalışır. Bu, zamanla bir vərdişə və düşüncə modelinə çevrilir. Xoşbəxtlikdən, bu problem müxtəlif məşq metodları və yanaşmalarla aradan qaldırıla bilər.
- Hər kəs ictimaiyyət qarşısında yaxşı danışa bilərmi?
- Bütün insanlar yaxşı danışmağı öyrənə bilər. Öz təcrübəmdən deyim ki, mən illər ərzində bu bacarığı öyrəndim. Tələbə vaxtı çox utancaq idim. Bir cümləni tam şəkildə demək üçün dərindən nəfəs almağa və udqunmağa məcbur olurdum, dizlərim əsərdi. Bu gün isə ictimaiyyət qarşısında danışıq mənim peşəmə çevrilib. Mən bu keçidi edə bilmişəmsə, deməli, hər kəs bacara bilər. Bunun üçün lazım olan əsas şey isə motivasiya, yəni səbəbdir.
Mən inanıram ki, hər bir insanın söyləməyə dəyər bir fikri var. Önəmli olan danışanın özü və ya onun danışıq üslubu deyil, çatdırdığı mesajın əhəmiyyəti və həmin mesajı paylaşmaq həvəsidir.
Kiminsə "pis danışması" isə, sadəcə onun bu vərdişi necə formalaşdırdığı ilə bağlıdır. Səsimizi necə istifadə etdiyimiz, cümlələri və fikirləri necə qurmağımız, bunların hamısı vərdişdir. Əgər hansısa davranışı 30 il eyni cür etmişiksə, düşünürük ki, bu artıq bizim özümüzük, dəyişmək olmaz. Amma alternativləri sınamağa başladıqda anlayırıq ki, əslində çox daha geniş imkanlar mövcuddur. Məsələ yeni vərdişlər formalaşdırmaqdan ibarətdir.

- Bəs hər kəs yaxşı danışmalıdırmı?
- Düşünmürəm ki, bu bacarıqları hər kəs mütləq öyrənməlidir. Amma inanıram ki, hər kəs bu bacarıqlardan faydalana bilər və onların ətrafındakı insanlar da bunun müsbət təsirini görərlər.
Eyni zamanda düşünürəm ki, bir şeyi yalnız o zaman öyrənmək lazımdır ki, insan mövcud vəziyyətdən narazıdır. Əgər bir dəyişikliyə ehtiyac hiss etmirsənsə, deməli, o an dəyişiklik üçün doğru zaman deyil.
- İctimaiyyət qarşısında çıxışlarla bağlı bəzən deyirlər ki, hər şeyi doğru deməyə, tam səmimi olmaya bilərsən, amma səmimi görünməlisən.
- Harada və kimlə danışdığımızdan asılı olaraq, müxtəlif rollarda ola bilərik. Məsələn, mən təlimçi kimi bir cür, övlad olaraq başqa cür, dostlarla və sosial mühitdə isə tamamilə fərqli ünsiyyət qururam. Ünsiyyət formamız fərqli ola bilər, amma bütün bu rollarda səmimi danışa bilərik. Mən inanıram ki, ictimaiyyət qarşısında və təqdimatlarda insan həmişə öz həqiqətini danışmalıdır. Auditoriya bunu hiss edir, söylədiyimiz sözlərin bədən dilimizə, səs tonumuza və üz ifadəmizə nə qədər uyğun gəldiyini müşahidə edir.
- Çıxışlarımızın mətninin “ChatGPT”, yaxud bu kimi süni intellekt proqramları ilə hazırlanmasından danışaq. Siz istifadə edirsiniz?
- Şəxsən mən çıxışlarımı hazırlayanda, "ChatGPT"dən istifadə etmirəm. Düşünmürəm ki, "ChatGPT" mənə, özümün edə biləcəyimdən daha yaxşı şəkildə dəstək verə bilər. Lakin bəzən slaydlarım üçün vizuallar yaratmaq məqsədilə istifadə edirəm.
Amma əgər siz 20 dəqiqəlik təqdimatın strukturunu necə quracağınızı və ya hansı məlumatları əlavə etməli olduğunuzu bilmirsinizsə, bu zaman "ChatGPT"dən məsləhət ala bilərsiniz. Əgər bu məsləhətləri götürüb öz sözlərinizlə ifadə edirsinizsə, bu, daha da yaxşıdır. Təqdimat danışıq tərzinizə nə qədər yaxın olarsa, nəticə də bir o qədər uğurlu olacaq.
Bəs "ChatGPT" bütün təqdimatın tam şəkildə yaradılması üçün istifadə olunmalıdırmı? Xeyr. Çünki o zaman sizin təqdimat verməyinizin heç bir mənası qalmır. Bu, bir vasitədir və əgər bu alət təqdimatınızı daha yaxşı etməyə kömək edirsə, sizi növbəti təqdimatları daha uğurla hazırlamağa təşviq edirsə, onda istifadə edin.
- Əvvəllər ictimaiyyət qarşısında çıxış edən şəxslərin içərisində kim uzun danışırdısa, onu yaxşı natiq hesab edirdik. Bu gün isə uzun danışan dinlənilmir. Uzun danışmaq yaxşı danışıq qabiliyyətinin göstəricisidir?
- Araşdırmalar göstərir ki, bir iclasda kimin daha ağıllı təsir bağışladığını soruşduqda, adətən ən çox danışan şəxsləri deyəcəklər. Elmi nəticələrə görə, uzun danışmağın müəyyən müsbət təsiri ola bilər. Lakin biz hamımız o narahatedici hissi tanıyırıq. Bir iclasda kiminsə uzun-uzadı danışdığını eşidirsən, amma əslində heç nə demir. Heç kim bunu xoşlamır və heç kim o cür biri olmaq istəmir.
Ən azı Almaniya nümunəsində bu tendensiyadan uzaqlaşma müşahidə olunur. Çox insan mənimlə əlaqə saxlayır ki, fikirlərini mümkün qədər qısa ifadə etməyi öyrənsinlər, bu zaman həm ağıllı, həm də məlumatlı təsir bağışlasınlar. Məqsəd isə budur: iclaslar səmərəli keçsin və onların fikri kifayət qədər eşidilsin.
- Nə dediyimiz daha önəmlidir, yoxsa necə deməyimiz?
- Burada 3 önəmli məqam var. Birinci istiqamət hekayə quruluşudur. Yəni nə dediyimiz, fikirlərimizi necə qurduğumuz, cümlələrin strukturu, seçdiyimiz sözlər bütün bunlar məzmunu təşkil edir. Söylənməyə dəyər bir fikrin olması və bu fikri auditoriya üçün maraqlı şəkildə təqdim etmək önəmlidir.
İkincisi, özümüzü necə hiss etdiyimizdir, yəni özünəinam. Daxildə nələr baş verir? Özüm və dediklərim barədə rahat hiss edirəm? Auditoriya qarşısında özümü necə hiss edirəm? İçimdə hansı düşüncə və emosiyalar mövcuddur? Çünki təqdimat nə qədər yaxşı hazırlanmış olsa da, əgər bu təcrübəni sevmiriksə, proses bizim üçün həmişə çətin olacaq. İdeal halda isə dediklərimizdən zövq almaq istəyirik. Yəni, danışarkən özünü yaxşı hiss etmək vacibdir.
Üçüncü məqam isə, ətrafdan necə göründüyümüzlə bağlıdır. Qarşı tərəfdəki insanlar bizdə nəyi müşahidə edə bilər? Əgər özümüzə inamlıyıqsa, bu, zahirən hiss olunurmu? Yox əgər inamsızıqsa, bu, kənardan görünürmü? Yəni biz nə qədər rahat və inamlı görünürük? Daxildə hiss edilən müsbət emosiyaları və enerjini auditoriyaya çatdıra bilmək.
Bu üç sahə bir araya gəldikdə, uğurlu və təsirli çıxış yaranır.

- Belə yanaşma var ki, çıxış zamanı insanların diqqətini 30 saniyədə özünə çəkməyi bacarmalısan. Bununla razılaşırsınız?
- Bəli, ilk 30 saniyə auditoriyanın diqqətini sizə yönəldib-yönəltməməyə qərar verdiyi müddətdir. Məhz buna görə təqdimata birbaşa maraqlı məqamla başlamağı tövsiyə edirəm. Çox adam səhnəyə çıxanda belə başlayır: “Salam, mənim adım Paskal Heymandır, mən ictimaiyyət qarşısında danışıq üzrə təlimçiyəm və bu gün sizə bu mövzulardan danışacağam...” Bu cür giriş artıq təxminən 15 saniyə vaxt aparır. Yəni sizə verilmiş o dəyərli zamanın yarısı artıq itdi. Etiraf edək ki, əksər insanlar bu tip girişə maraq göstərmir. Ona görə də birbaşa mövzuya keçin, maraqlı hissədən başlayın.
- Bəzən təqdimatçılar çıxışlarını yazırlar və çıxış zamanı üzündən oxuyurlar. Bununla auditoriyanı cəlb etmək olarmı?
- Heç kim bundan zövq almır. Əgər çıxış zamanı mətni üzündən oxuyacaqsınızsa, o zaman sadəcə həmin materialı e-poçtla göndərin və ya audiokitab formatında paylaşın.
- Storitellinqdən danışaq. Niyə biz bu gün bunu sevirik?
- Çünki beynimiz hekayələrlə işləyir. Bu, insanların bir-biri ilə bağlantı qurma üsuludur. Gözəl bir sitat var: “Sözlər düşünmək, hekayələr isə birləşmək üçündür”. Bütün həyatımız hekayələrin bir-birinə toxunduğu bir parça kimidir. Biz hər gün hekayələr yaşayırıq. Hekayə danışmaq isə yaşadıqlarımızı və öyrəndiklərimizi başqaları ilə bölüşməyin ən asan yoludur. Hekayələr mövzunu gerçək və anlaşılan edir. Hətta "quru" və ya "darıxdırıcı" hesab edilən mövzuları belə, məsələn, kimyanı da maraqlı etmək olur. Əgər iki molekulun başına gələnlər, onların nə etməyə çalışdıqları və bir-biri ilə necə qarşılıqlı əlaqəyə girdikləri bir hekayə kimi təqdim olunsa, o zaman bizim üçün daha mənalı olur.
- Yaxşı danışıq qabiliyyəti olan və olmayan iki iş adamını müqayisə etsək, bu bacarıq biznesə necə təsir edir?
- Deyək ki, iş adamının yaxşı danışıq qabiliyyəti yoxdur. Bu zaman o komandasına ilham verə, konfranslarda, tədbirlərdə çıxışı ilə tərəfdaşları təsirləndirə bilmirsə, biznesinin nələri itirdiyi məlumdur. Mənim işlədiyim bir çox natiq konfranslarda çıxış edir və onların konkret hədəfləri olur. Onlar istəyirlər ki, çıxışdan sonra müəyyən şəxslər onlara yaxınlaşıb tərəfdaşlıq danışıqlarına başlasın. Və konfransdan sonra belə bir e-poçt almaq mənim üçün çox sevindiricidir: “Məhz təəssürat yaratmaq istədiyim şəxs mənə yaxınlaşıb iş təklifi etdi” və ya “birgə əməkdaşlıq başlatmaq istədi”.
Deməli, ictimai danışıq bacarığının olmaması bu cür fürsətlərin ümumiyyətlə yaranmaması deməkdir. Və ən pisi budur ki, biz heç vaxt nəyi itirdiyimizi bilməyəcəyik. Çünki bu fürsətlər heç ortaya çıxmayacaq.
- Çıxış zamanı nə geyindiyimiz önəmlidir?
- Məncə, geyim qaydası kontekstdən və bir də yerli ənənələrdən asılıdır. Ona görə, konkret məsləhət vermək çətindir. Sırf biznes üzərindən danışsaq, Azərbaycandakı biznes mədəniyyəti ilə tanış olmadığım üçün bu barədə dəqiq fikir bildirə bilmərəm. Almaniyada isə adətən belə bir yanaşma var: auditoriyadan bir qədər daha rəsmi geyinmək tövsiyə olunur. Amma mən şəxsən illər əvvəl qərara gəlmişəm ki, heç vaxt işə qalstuk taxmayacağam. Çünki bu, mənim xarakterimə uyğun deyil. Qalstuku yalnız yas mərasimində, bəlkə də toyda taxaram.
Mən müştərilərimə həmişə deyirəm: özünüzü rahat hiss etdiyiniz geyimlə auditoriyanın qəbul edə biləcəyi geyimin kəsişməsini tapın. Bəzi kontekstlərdə bu kəsişmə çox geniş ola bilər. Məsələn, Berlində hər il keçirilən "Falling Walls" adlı elmi konfrans var. Burada dünyanın 90-dan çox ölkəsindən alimlər, tədqiqatçılar toplaşır. Orada müxtəlif ölkələrin milli geyimlərini, fərqli mədəniyyətlərin kostyumlarını görmək çox maraqlıdır. Bu, fərqliliyin qəbul olunduğu bir kontekstdir.
Eyni zamanda, bir nəfərlə tanış olmuşdum. O, şortik və cırıq t-shirt geyinir, bədəni döymələrlə doludur, üzündə pirsinqlər var. Amma o, banklardan uğurlu biznes təcrübələrini bölüşmək üçün yüksək məbləğlər qarşılığında dəvət alır. Ondan soruşdum: “Onlar heç vaxt sənə stilinlə bağlı bir söz demirlər?” Cavabı belə oldu: “Xeyr. Onlar mənə bu qədər pul verirlər, çünki bilirlər ki, deyəcək dəyərli fikirlərim var. Əgər dəyərli nə isə deyə bilirəmsə, mənim nə geyindiyim, necə göründüyüm vacib deyil. Kostyum məzmunumu daha yaxşı etməz”. Hətta əlavə etdi: “Mənim bəzi banklardan daha çox pulum var və bu, mənə bu cür azadlıq verir”.
Yenə də hər şey kontekstdən asılıdır. Yəni universal bir geyim qaydası yoxdur. Vacib olan özünüz olmaqla yanaşı, auditoriyanın da qəbul edə biləcəyi bir balans tapmaqdır.
Aygün Asimqızı
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025