Redaktor
Z nəslinə fərdi yanaşma digər işçiləri narahat edə bilər?
Müasir əmək bazarında fərqli nəsillərin, xüsusilə Z nəslinin və ondan əvvəlki nəsillərin eyni iş mühitində çalışmasını müşahidə edirik. Hər bir nəslin dəyərləri, motivasiya mənbələri və işə yanaşması fərqli olduğundan rəhbərlərdən daha çevik və fərdiləşdirilmiş idarəetmə yanaşmaları tələb olunur. Məsələn, Z nəslinin texnologiyaya bağlılığı, çeviklik və balans axtarışı, daha əvvəlki nəsillərin isə stabillik və məsuliyyətə önəm verməsi iş yerində fərqli gözləntilər yaradır. Rəhbərlik bu gözləntilərə uyğun hərəkət etdikdə, bəzən bir nəsilə göstərilən diqqət və yanaşma digər nəsil nümayəndələrində narahatlıq və ədalətsizlik hissi doğura bilər. Bəs görəsən, bir nəslə uyğunlaşdırılmış idarəetmə yanaşması digər nəsil əməkdaşlarını nə dərəcədə narahat edə bilər? Bu fərqliliklər komanda ruhuna və iş münasibətlərinə necə təsir göstərir?
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a bildirdi ki, işdə ədalətsizlik olmamalıdır: “Amma ədalətlilik eynilik də demək deyil. Hər kəslə ünsiyyətin qurulmasında onun xüsusiyyətləri nəzərə alınır. Burda əsas odur ki, həmin fərdiləşmə ilə ədalətsizliyin sərhədini yaxşı ayıra biləsən. Digər tərəfdən isə Z nəsli və ondan sonrakı Alfa nəsli əslində qeyri-adi heç nə etmirlər, sadəcə işə daha praqmatik, daha real yanaşırlar, sorğulayırlar”.

Z nəslini işə bağlamaq çətindir, amma mümkündür
A.Bayramovun sözlərinə görə, indiki nəsil əvvəlki nəsil kimi "işçisən, otur işçi yerində" yanaşması ilə işləmirlər: "Onları şirkətə bağlamaq daha çətindir, amma mümkündür. İndiki zaman üçün daha peşəkar idarəçilik tələb olunur. Dəyərlərə söykənən idarəetməyə ehtiyac yaranır. Elə etməlisən ki, sənin şirkətinin mühiti, korporativ mədəniyyəti hər kəsə, eyni zamanda Z nəslinə cəlbedici olsun. Sağlam və cəlbedici korporativ mədəniyyətin qurulması və inkişaf etdirilməsi hər keçən gün daha aktual olur”.
İş yerini sevimli, hüzurlu yerə çevirməliyik
Ekspert maraqlı bir nüansa da toxundu: “Bu günün insanı ortalamada çox sosialdır. İşdə də sosiallıq axtarır. O şirkətlərə daha çox bağlanırlar ki, onların sosiallıq ehtiyacı qarşılansın. Fikir verin, “coffee shop”da iş görmək trendi çox sürətlə artır. Nəyə görə? Çünki sosiallıq və rahatlıq axtarırlar. Biz o mühiti şirkətdə, ofisdə yaratmalı olacağıq. Bunu mütləq edəcəyik. Söhbət "coffee shop”dan getmir. Sosiallıq və rahatlıq ehtiyaclarını qarşılayacağıq ki, istədiyimiz məhsuldarlığa nail olaq. İş yerini sevimli, hüzurlu yerə çevirməliyik. Əks halda işləməmək, 4 günlük iş söhbətləri də gündəmdən düşməyəcək”.
Sərvanə Rəmixanova