Redaktor
Türkiyənin "Paribu" şirkəti "CoinMENA"-nı satın aldı, şirkətin dəyəri 240 milyon dollara çatdı
Türkiyənin rəqəmsal aktiv platforması “Paribu” Bəhreyn və Dubayda fəaliyyət göstərən kriptovalyuta platforması “CoinMENA”nın əsas payını alıb. Saziş şirkətin dəyərini 240 milyon ABŞ dollarına qədər yüksəldir.
Valyuta.az şirkətin yaydığı açıqlamaya istinadla xəbər verir ki, bu alış Türkiyədə indiyədək həyata keçirilmiş ən böyük fintex satınalması kimi təqdim olunur. Eyni zamanda ölkənin rəqəmsal aktiv platformaları sahəsində ilk transsərhəd əldəetmə müqaviləsi hesab edilir.
“Paribu”nun təsisçisi və baş direktor (CEO) Yasin Oral razılaşmanı şirkət və region üçün “dönüş nöqtəsi” adlandırıb. Onun sözlərinə görə, CoinMENA-nın alınması Yaxın Şərq və Şimali Afrika (MENA) regionuna çıxış üçün baza rolunu oynayır.
Oral bildirib ki, bu sazişlə “Paribu” MENA regionunda kriptovalyutanın ən çox mənimsənildiyi bazarlardan birində lisenziyalı oyunçuya çevrilir və şirkətin beynəlxalq böyümə mərhələsinin növbəti fazası başlayır.
CoinMENA kimdir?
2020-ci ildə Bəhreyndə Talal Tabbaa və Dina Səman tərəfindən qurulan “CoinMENA” lisenziyalı kripto aktiv xidmət təminatçısı kimi fəaliyyət göstərir.
Platforma Bəhreyndə “CoinMENA BSC” şirkəti vasitəsilə tənzimlənən kripto xidmətləri təqdim edir. Dubayda yerləşən “CoinMENA FZE” isə Dubay Virtual Aktivlər Tənzimləmə Təşkilatının (VARA) verdiyi virtual aktiv xidmət təminatçısı (VASP) lisenziyası ilə çalışır.
Şirkətə indiyədək “BECO”, “Arab Bank Switzerland”, “Circle” və “Bunat Ventures” kimi investorlar tərəfindən 20 milyon dollara yaxın sərmayə yatırılıb. CoinMENA hazırda 45-dən çox ölkədə 1,5 milyondan çox istifadəçiyə xidmət göstərir.
Platformada ABŞ dolları ilə yanaşı, Bəhreyn dinarı, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi, Səudiyyə Ərəbistanı rialı da daxil olmaqla 8 yerli valyutada əməliyyat aparmaq mümkündür. CoinMENA-da 50-dən çox kripto aktiv ticarət olunur və şirkət tezgahüstü (OTC) infrastruktur daxil olmaqla korporativ həllər təqdim etdiyi üçün MENA regionunun aparıcı kripto platformalarından biri kimi tanınır.
“Strateji seçim” və yeni standart iddiası
Yasin Oral CoinMENA-nın alınmasını “Paribu”nun regionda genişlənmə strategiyası baxımından şüurlu və strateji seçim kimi qiymətləndirib. O qeyd edib ki, Paribu-nun texnoloji infrastrukturu ilə CoinMENA-nın regional bazar bilikləri birləşdirilir və bununla MENA regionunda milyonlarla istifadəçiyə tənzimlənən, sürətli və təhlükəsiz maliyyə xidmətləri təqdim etmək hədəflənir.
Onun sözlərinə görə, bu saziş regionun rəqəmsal aktiv və maliyyə ekosistemində yeni standart formalaşdırmaq iddiası daşıyır. Oral əlavə edib ki, Paribu artıq platformalar və saxlanma (custody) qurumları üçün fəaliyyət icazəsi müraciətlərini tamamlayıb və şirkətin mühəndisləri tərəfindən hazırlanan “ColdShield” texnologiyası ilə rəqəmsal aktivlərin təhlükəsiz saxlanması sahəsində yeni standartlar müəyyən etməyə çalışır.
MENA bazarı üçün növbəti mərhələ
CoinMENA-nın həmtəsisçisi Talal Tabbaa sövdələşməni şirkət tarixində ən önəmli dönüş nöqtəsi adlandırıb. O, bu razılaşmanın indiyədək qurduqları infrastrukturun gücünü təsdiqlədiyini, Paribu ilə birlikdə regionda maliyyə çıxışı və innovasiyaya yeni standartlar gətirməyi hədəflədiklərini deyib.
Digər həmtəsisçi Dina Səman isə MENA regionunda kripto aktiv bazarının böyüməyə davam etdiyini, Paribu ilə partnyorluğun isə bu prosesin sürətini daha da artıracağını bildirib. Onun sözlərinə görə, CoinMENA-nın regional təcrübəsi ilə Paribu-nun texnoloji imkanlarının birləşməsi nəticəsində Türkiyə və MENA regionundakı istifadəçilər üçün əhatəli maliyyə məhsulları ekosistemi qurulacaq.
Beləliklə, Paribu–CoinMENA sazişi həm Türkiyənin fintex və kripto bazarı, həm də MENA regionunun rəqəmsal aktiv ekosistemi üçün yeni konsolidasiya dalğasının başlanğıcı kimi dəyərləndirilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMüdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
05.12.2025Sabah da yağış yağacaq?
05.12.2025Azərbaycanın 132 milyonluq iaşə bazarının ən gəlirli otel şəhərləri - CƏDVƏL
05.12.2025Bu qaydanı pozanlar cərimə olunacaq
05.12.2025Bu cərimələr kəskin artırılır
05.12.2025Türkiyənin "Paribu" şirkəti "CoinMENA"-nı satın aldı, şirkətin dəyəri 240 milyon dollara çatdı
05.12.2025Avtobusların gəlmə vaxtını öyrənə biləcəyik - Bu proqramı yükləyin
05.12.2025Əbdül Bayramov vəzifəsindən azad edildi
05.12.2025
Azərbaycan bankları hazırda rublu neçəyə alır? - CƏDVƏL
05.12.2025Bu xəstəxana Narkoloji Mərkəzə çevrilir
05.12.2025"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05.12.2025