Redaktor
Son payını da satdı, təsis etdiyi şirkətin idarə heyətindən çıxdı
Amerikalı milyarder Rey Dalio özü tərəfindən təsis edilmiş "Bridgewater Associates" hedc-fondundakı sonuncu payını da sataraq idarə heyətindən çıxıb.
Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ötən həftə şirkət müştərilərinə Dalioya məxsus son səhm paketinin də geri alındığını bildirib. Nəşrin mənbələrindən biri hesab edir ki, hazırda fondun ən iri pay sahibləri investisiya üzrə həmdirektor Bob Prins və Bruneyin Suveren Fondu hesab olunur. Qeyd olunur ki, Bruney fonduna fondun təxminən 20 faizi məxsusdur.
Rey Dalio özü də bu xəbəri təsdiqləyib və bildirib ki, fonda investisiya qoymağa davam edəcək və artıq bu prosesdə müştəri və mentor rolunu oynayacaq. Fondun yaxın çevrəsindən olan şəxslər ümid edirlər ki, milyarderin həm sahibliyindən, həm də idarə heyətindən tam çıxışı "Bridgewater"ın idarəçiliyini sadələşdirəcək.
Fondun baş direktoru Nir Bar Dea və idarə heyətinin həmsədri Mayk Makqavik bu hadisəni “mükəmməl bir kulminasiya” adlandırıblar.
Hedc-fond - müəyyən edilmiş risk çərçivəsində maksimum gəlir, yaxud müəyyən edilmiş gəlir qarşılığında minimal risk əldə etməyə yönəlmiş investisiya fondudur. “Bridgewater Associates” 2012-ci ildə dünyanın ən böyük hedc-fondu olmuşdu. Lakin son illərdə fondun idarəsindəki aktivlər azalıb: 2019-cu ildə 168 milyard dollar olan bu rəqəm, 2024-cü ilin sonunda 92,1 milyard dollara düşüb.
"Bloomberg" milyarderlər siyahısında 150-ci yerdə olan Rey Dalionun sərvəti təxminən 16 milyard dollar olaraq qiymətləndirilir. Qeyd edək ki, o, fond rəhbərliyini 2022-ci ildə tərk etmişdi.
Paşa Məmmədli