Redaktor
Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək
Süni intellekt (Al) texnologiyaları artıq sadəcə sorğu-cavab funksiyasına malik proqramlar olmaqdan çıxaraq, özbaşına qərar qəbul edib tətbiq edə bilən “AI agentlərinə” çevrilir. İş dünyasında məhsuldarlığı artırması gözlənilən bu avtonom proseslər eyni zamanda nəzarət və təhlükəsizlik müzakirələrini də gündəmə gətirir.
Valyuta.az xəbər verir ki, “Deutsche Telekom” bu yeni dövrün risklərini idarə etmək üçün süni intellekt agentlərinin təhlükəsiz istifadəsini əsas alan yeni model təqdim edib.
Hazırlanan modelin ən diqqətçəkən tərəfi, süni intellekt agentlərinə işçi və ya fiziki cihaz kimi unikal bir “rəqəmsal şəxsiyyət” təyin edilməsidir. Bu yanaşma sayəsində insanlar, botlar və avtonom agentlər eyni təhlükəsizlik şəbəkəsi daxilində izlənilə bilir. Sistem, bu rəqəmsal şəxsiyyətlər vasitəsilə agentlərin hərəkətlərini izləyərək norma xaricində olan və ya təhlükəsizlik boşluğu yarada biləcək davranışları dərhal aşkarlayır.
Bu çoxsəviyyəli təhlükəsizlik strukturu telekommunikasiya, maliyyə və enerji kimi kritik sahələrdə avtonom sistemlərin daha şəffaf və nəzarət edilə bilən şəkildə fəaliyyət göstərməsinə imkan verir. Ekspertlər bildirir ki, bu yanaşma sayəsində kiber təhlükəsizlik və məlumat gizliliyi risklərinin minimallaşdırılması hədəflənir.
Süni intellektin korporativ strukturlarda davamlı ola bilməsi üçün nəzarət mexanizmlərinin zəruri olduğunu qeyd edən “Deutsche Telekom” Türkiyə Baş Direktoru Sinan Kılıçoğlu təhlükəsiz rəqəmsal ekosistemin əhəmiyyətinə diqqət çəkib. Kılıçoğlu qurumların bu güclü texnologiyanı istifadə edərkən təhlükəsizlik və şəffaflıqdan geri çəkilməməsi lazım olduğunu vurğulayaraq, iş dünyasını bu yeni avtonom dövrə hazırladıqlarını bildirib.
Gələcək illərdə müştəri xidmətlərindən proqram təminatının hazırlanmasına qədər bir çox sahədə AI agentlərinin istifadəsinin sürətlə artması gözlənilir. Bu, şirkətlər üçün yalnız texnologiya inkişaf etdirməyi deyil, eyni zamanda onu etik və davamlı standartlarla nəzarət etməyi də zəruri edir. Artıq süni intellektin nə qədər sürətlə işlədiyi qədər, necə idarə edildiyi və nəzarət olunduğu da iş dünyasının əsas gündəm mövzularından biridir.
Paşa Məmmədli