Redaktor
Evdən səsləndirmə edərək pul qazanmaq - Bu sahələr gəlirli hesab olunur
İnsanlar rəqəmsal məzmun istehlak etməyə davam etdikcə, səsləndirmə işlərinə olan tələbat da azalmayacaq. İstər radio dinləyin, istər televizora baxın, istərsə də sosial medianıza göz gəzdirin. Bu zaman səsləndirmədən istifadə olunan məzmuna mütləq rast gələcəksiniz.
Valyuta.az evdən səsləndirmə edərək pul qazanmağın yollarını təqdim edir:
"Voice-over" - xüsusilə video və ya animasiyalarda istifadə olunan və məzmunun keyfiyyətini artırmağı hədəfləyən səs yazısıdır. Tamaşaçı səsi eşidir, lakin səsləndirəni görmür. "Voice-over"-un əsas məqsədi tamaşaçıya effektiv şəkildə məlumat vermək və vizual görüntü olmadan və ya onunla birlikdə məzmunun başa düşülməsini asanlaşdırmaqdır. Xarici səs animasiyalarda, filmlərdə, televiziya yayımlarında və reklamlarda geniş istifadə olunur. Səsləndirmə sənətçiləri təcrübə və bacarıqlarına uyğun olaraq müxtəlif sahələrdə ixtisaslaşırlar. Qazanacağınız rollar səsinizin tonuna və təcrübənizə bağlı olaraq dəyişir.
Aşağıda "voice-over" istifadə olunan bəzi məzmun növləri ilə tanış ola bilərsiniz:
Animasiyalar və televiziya
Əgər animasiya filmlərini və ya televiziya proqramlarını izləməyi sevirsinizsə, səsləndirmə sənətçilərinin bu cür layihələrdə nə etdiyini az da olsa təsəvvür edə bilərsiniz. Səsləndirmə sənətçisi kimi animasiya filmlərində personajları səsləndirərək onlara həyat verirsiniz. Bu, kameranın qarşısında aktyorluq etmək kimidir. Tamaşaçıya həm informasiya, həm də hissləri ötürmək bacarığınız olmalıdır. Səsin animasiya ilə tam sinxron olması vacibdir.
Reklamçılıq
2006-cı ildə yayımlanan Dos Equis reklamlarını xatırlayırsınız? O reklamları “Dünyanın ən maraqlı adamı” olaraq təqdim edən xarici səs olmasaydı, sizcə eyni təsiri bağışlayardımı?
Bu, reklamların gücündə səsləndirmənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bundan əlavə, radiolarda yayımlanan reklamlar da xarici səslə müşayiət olunur.
Podkastlar
Podkastlar internet üzərindən yayımlanan səsli məzmunlardır. Onlar adətən silsilə şəkildə və ya bölümlər arasında əlaqəli mövzularda hazırlanır. Podkastlar çox zaman məzmun yaradıcısı tərəfindən səsləndirilir, lakin bəzi hallarda bu iş üçün səsləndirmə sənətçilərinə müraciət olunur.
Onlayn tədris məzmunları
Artıq bir çox sayt proqramlaşdırma, aşpazlıq və hətta səsləndirmə sənəti kimi sahələr üzrə onlayn kurslar təklif edir. Hər şeyi yalnız yazılı və ya vizual şəkildə izah etmək olmur. Bu zaman tədris videolarına tez-tez xarici səs əlavə olunur. Bu səs təlimçi rolunu oynayır və video məzmununa uyğun şəkildə yazılır. “YouTube” platformasında bu üsul getdikcə yayılmaqdadır və videonun keyfiyyətinə səsləndirmənin təsiri burada da özünü göstərir.
Video oyunlar
Yalnız altyazılarla oyun izləmə dövrü artıq keçmişdə qalıb. İndi oyun yaradıcıları hadisələri yazı şəklində yox, səhnələr və səsləndirmələrlə təqdim etməyi üstün tuturlar. Maraqlı səhnələr yaratmaq üçün bu səhnələr, səs effektləri və personaj səsləri əvvəlcədən yazılır. Səsləndirmə performansı oyunun keyfiyyətini birbaşa təsir edir. Video oyunlardakı ən uğurlu səsləndirmə nümunələrindən biri “Far Cry 3” oyununda Vaas obrazını səsləndirən Michael Mandonun çıxışıdır.
Ünsiyyət sistemləri
Çağrı mərkəzlərinə zəng etdikdə “Azərbaycan dili üçün 1-ə basın” kimi cümlələrlə rastlaşırsınız. Bu cür avtomatik sistemlərdəki səslər də səsləndirmə sənətçiləri tərəfindən yazılır. Telekommunikasiya şirkətləri yeni xidmət təqdim etdikdə və ya sistemlərini yenilədikdə tez-tez səsləndirmə mütəxəssislərinə ehtiyac duyurlar.
Günay