Redaktor
CEO-lar süni intellekti gündəlik həyatlarında necə istifadə edirlər?
CEO-lar süni intellekti şəxsi və peşəkar həyatlarına inteqrasiya edirlər. “Nvidia” şirkətinin rəhbəri Censen Xuand süni intellektdən repetitor kimi istifadə edir, “Apple” şirkətinin direktoru Tim Kuk isə elektron poçtları bu texnologiya ilə təşkil edir. Proqnozlara görə, süni intellekt 2030-cu ilə qədər qlobal iqtisadiyyata təxminən 15,7 trilyon dollar töhfə verə bilər.
Süni intellekt artıq təhsildən səhiyyəyə, əyləncədən sənayeyə qədər bir çox sahəyə təsir göstərir. Konsaltinq şirkəti “PwC”nin hesablamalarına görə, bu texnologiyanın iqtisadi təsiri çox böyük olacaq.
Aşağıda CEO-ların süni intellektdən gündəlik həyatlarında necə istifadə etdikləri açıqlanıb:
"Microsoft"un rəhbəri Satya Nadella
“Microsoft” 2023-cü ildə “Copilot” köməkçisini təqdim etdikdən, 2024-cü ildə “OpenAI” ilə 13 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzaladıqdan və xüsusi süni intellekt komandaları yaratdıqdan sonra bu sahəyə ciddi sərmayə yatırıb.
Şirkətin 2014-cü ildən rəhbəri olan Satya Nadella bildirib ki, o, podkastlara qulaq asmasa da, onların transkriptlərini telefondakı “Copilot” tətbiqinə yükləyir və işə gedərkən səsli köməkçi ilə müzakirə edir. O, “Outlook” və “Teams” proqramlarında mesajları xülasə etmək üçün də “Copilot”dan istifadə edir. Nadellanın sözlərinə görə, o, 10-dan çox fərdiləşdirilmiş süni intellekt agentindən istifadə edir.
"OpenAI" rəhbəri Sem Altman
“ChatGPT”nin yaradıcısı olan “OpenAI”nin rəhbəri Sem Altman süni intellektdən elektron məktubların xülasəsi və sənədlərin təhlili üçün istifadə edir. O, 2024-cü ilin fevralında ata olduqdan sonra süni intellektin valideynlik dövründə ona çox kömək etdiyini bildirib. Məsələn, o, övladının inkişaf mərhələləri ilə bağlı araşdırmaları məhz bu texnologiya ilə aparır.
"Nvidia" rəhbəri Jensen Huang
Qrafik çiplər istehsalçısı olan “Nvidia” şirkətinin rəhbəri Jensen Huang süni intellekti gündəlik öyrənmə vasitəsi kimi istifadə edir. O, bilmədiyi mövzuları əvvəlcə 12 yaşlı uşaq səviyyəsində izah etməyi tapşırır, daha sonra isə daha dərinə gedir. Xuand həm “Perplexity”, həm də “ChatGPT” vasitəsilə tədqiqatlar aparır və deyir ki, bu texnologiyalarla mürəkkəb mövzularda daha sürətli və sistemli anlayış qazanmaq mümkündür.
"Apple" rəhbəri Tim Kuk
Tim Kuk 2024-cü ildə süni intellekt əsaslı “Apple Intelligence” sistemini təqdim etdikdən sonra şəxsi işlərində də bu texnologiyadan istifadə etdiyini bildirib. O, uzun məktubları xülasə etmək üçün “Apple Intelligence”dən istifadə edir və bunun ona gündəlik zaman qənaəti verdiyini qeyd edir.
"Zillow" rəhbəri Ceremi Vaksman
Əmlak texnologiyası şirkəti “Zillow”un rəhbəri Ceremi Vaksman süni intellektdən keçirdiyi görüşlərin və sənədlərin xülasəsini çıxarmaq üçün istifadə edir. O bildirir ki, “ChatGPT”yə verilən məlumatlar əsasında şəxsiyyətinə uyğun xülasələr alır. Şirkət daxilində isə “AI günləri” keçirilir və yeni texnoloji tətbiqlər komandalar arasında bölüşülür.
"Coinbase" rəhbəri Brayan Armstronq
Kriptovalyuta birjası “Coinbase”in direktoru Brayan Armstronq süni intellekti qərar qəbuletmə proseslərinə daxil edib. Şirkətin RAPIDS adlanan qərar mexanizmində süni intellekt də bir "iştirakçı" kimi öz töhfəsini verir. O, həmçinin bəzi əməkdaşların süni intellekt alətlərini vaxtında tətbiq etmədiklərinə görə işdən azad edildiklərini bildirib.
"LinkedIn" rəhbəri Rayan Roslanski
“LinkedIn” rəhbəri Rayan Roslanski yüksək əhəmiyyətli elektron məktubların hazırlanmasında “Copilot”dan istifadə edir. O bildirir ki, süni intellekt cavabları birbaşa yazmaq əvəzinə, mərhələli şəkildə istifadəçiyə kömək edir və onun fikirlərini yönləndirir. Bu da daha effektiv və düşünülmüş nəticə yaradır.
"Eli Lilly" rəhbəri Devid Riks
Əczaçılıq şirkəti “Eli Lilly”nin rəhbəri Devid Riks süni intellektdən elmi toplantılar və jurnal məqalələrinin izahı zamanı istifadə edir. O, “Anthropic”in “Claude” və “xAI” şirkətinin “Grok” modelinə üstünlük verdiyini deyir. Şirkət həmçinin “Nvidia” ilə birlikdə ən güclü əczaçılıq superkompüterini qurur.
"Booking Holdings" rəhbəri Qlenn Foqel
“Booking.com” və “Priceline” kimi platformaların sahibi olan “Booking Holdings” şirkətinin rəhbəri Qlenn Foqel süni intellekti çıxış bacarıqlarını təkmilləşdirmək üçün istifadə edir. O, çıxışlarının videolarını süni intellekt alətlərinə yükləyərək analiz etdirir və geribildirim alır. Məsələn, əl hərəkətlərindən birinin auditoriyanı yayındıra biləcəyi barədə xəbərdarlıq aldığını bildirib.
Tənzilə Ağabalayeva