Azərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri

Redaktor

03.08.2025 10:26
318

Azərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri

Son illərdə Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi müşahidə olunur. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3.1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20.7 faiz artaraq 3.7 milyard ABŞ dollarına yüksəlib. Bu ilin yanvar-aprel aylarında isə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1.4 milyard dolları üstələyib.

Ənənəvi olaraq enerji resursları ixracda üstünlük təşkil etsə də, artıq kənd təsərrüfatı və emal məhsullarının da Çinə ixracı gündəmdədir. Azərbaycandan Çinə fındıq və badam ixracına hazırlıq gedir. Artıq Çinə toyuq ayaqlarının ixracı məsələsi də gündəmdədir.

Valyuta.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Bəs, görəsən, bu bazar Azərbaycan üçün hansı perspektivlər vəd edir? Növbəti mərhələdə daha hansı məhsullarımızın Çinə ixracı mümkündür?

İxracda yeni hədəflər

Millət vəkili Vüqar Bayramov deyir ki, Çin istehlakçı sayına görə dünyanın ikinci bazarıdır:

"Eyni zamanda, alıcılıq qabiliyyəti baxımından da Çin bazarı qlobal olaraq seçilir. Təbii ki, burada kifayət qədər böyük tələb var. Qiymətləndirmələr göstərir ki, Azərbaycanın Çinə ixracatında daha çox üstünlük ərzaq və kənd təsərrüfatı məhsullarına verilə bilər. Ərzaq məhsulları baxımından Çin bazarı Azərbaycan üçün kifayət qədər cəlbedici və rentabelli hesab olunur. Xüsusən nəzərə alsaq ki, Azərbaycan idxalda artıq Çinlə ən böyük tərəfdaşdır. Bu kontekstdən həm də bizim ixrac potensialımızı artırmaq lazımdır. Çünki Çindən daha çox məhsul idxal etdiyimizdən vacib məqamlardan biri də odur ki, bu ölkəyə ixracın artırılmasına nail olaq".

Millət vəkilinin fikrincə, Çin bazarına ərzaq məhsulları ixracı üçün geniş imkanları var: "Məsələn, həm meyvə suları, həm xammal, eləcə də emaledici kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması potensialı yüksək qiymətləndirilir".

İstehsalın artırılmasına ehtiyac var

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, Çin bazarı qeyri-neft sektoru üçün əhəmiyyətli ola bilər:

"Çinlə Azərbaycanın geniş ticarət əlaqələri var. Amma biz daha çox bu ölkədən idxal edirik, ixrac zəifdir. Əslində nə istehsal edə biliriksə, onu Çinə ixrac etmək mümkündür. Bazara girmək üçün çinli tərəfdaşlarla əlaqə qurulmalı, ixrac ediləcək məhsul rəqabətli olmalıdır. Çünki Çin bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf edib, özlərinin bərəkətli torpaqları var.

Təəssüf ki, hazırda Çinə əsasən, neft-kimya məhsulları ixrac edə bilərik. Yəni, biz xammal ixrac edən ölkəyik. Qızıl, neft-qaz, müəyyən qədər kənd təsərrüfatı məhsulları, pambıq çiyidi, gübrə və s. Normal istehsal olmalıdır ki, ixracın şaxələndirilməsi barədə düşünə bilək".

Rusiya bazarından asılılıq azalar

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin fikrincə, Çin bazarı Azərbaycan üçün böyük perspektivlər vəd edir.

Ekspert vurğulayır ki, bu ölkə Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır:

"Bunun bir neçə səbəbi var. Ərazimizdən keçən nəqliyyat dəhlizi, neft-kimya sənayemizin, kənd təsərrüfatının inkişafı üçün geniş potensialın olması Azərbaycanın cəlbediciliyini artırır. Artıq Çin də investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib. Azərbaycan məhsul ixrac etməkdən daha çox Çin investisiyalarını cəlb etməkdə maraqlıdır. Lakin bu bazar Azərbaycan üçün böyük perspektivlər vəd edir. Bizim əsas hədəfimiz kənd təsərrüfatı məhsullarıdır. Çünki biz bu məhsulları əsasən Rusiya bazarlarına ixrac edirik. Orada zaman-zaman müəyyən dəyişikliklər baş verir, bürokratik maneələr meydana çıxır. Ona görə bu sahəni diversifikasiya etsək yaxşı olar, Rusiya bazarından asılılıq azalar. Düzdür, Çinə məsafə bir qədər çoxdur. Amma bu gün yaradılan infrastruktur layihələri gələcəkdə imkan verəcək ki, daha ucuz xərclə Çin bazarına çıxa bilək".

"Orqanik məhsullar Çin bazarında rəqabətlidir"

E.Qəribli qeyd edir ki, hazırda Çin bazarında orqanik məhsullara tələbat yüksəkdir:

"Çin əhalisi 1.4 milyardı keçən, varlı və orta təbəqəsi durmadan artan, sağlam, təbii qida istehlakına marağı olan nəhəng bir bazardır. Azərbaycanın ekoloji cəhətdən təmiz məhsulları bu kontekstdə diqqət çəkə bilər. Çünki bazar böyük olduğundan orada istehlakçı tələbatını qarşılamaq üçün geni dəyişdirilmiş məhsullar təklif olunur. Hesab edirəm ki, Azərbaycanda bütün məhsullar məhz orqanik məhsul olaraq ixtisaslaşarsa, daha yaxşı olar. Bunun üçün bizdə kifayət qədər potensial mövcuddur. Xurma, gilas, ərik və s. meyvələrin keyfiyyətinin saxlanması və bu bazara ixrac olunması mümkündür".

Quru meyvə, ədviyyat və bal

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Çin bazarına aqrar məhsullarla çıxmaq daha uğurlu ola bilər:

"Məsələn, bu bazara quru meyvələr və müxtəlif ədviyyatların ixracı mümkündür. Amma bizdə bu sahədə istehsal o qədər də geniş deyil. Hazırda ancaq fındıq, qoz və badam kimi məhsulların ixrac imkanı var. Amma bal və bal məhsullarının Çinə ixracı çox perspektivli ola bilər. Dünyada ən çox bal istehlak və idxal edən ölkələrdən biri Çindir. Düzdür, öz istehsalları var, amma tələbatı tam ödəyə bilmirlər. Biz bu ölkəyə maksimum təxminən 100-150 ton bal göndərə bilərik. Bu çox azdır, əgər istehsal həcmi artarsa, ixrac imkanlarımız da genişlənər. Ümumiyyətlə, Azərbaycan balı keyfiyyətli olduğundan dünya bazarında ona yüksək tələb var. Bu sahəni inkişaf etdirə bilsək, ciddi gəlir əldə etmək mümkündür".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...