Redaktor
ABŞ hərbi təlimlərində "Cybertruck" üzərində raket sınaqları keçirəcək
ABŞ Hərbi Hava Qüvvələri "Tesla Cybertruck" elektromobillərindən iki ədəd alaraq onları yüksək dəqiqlikli silahların sınaqları və təlimləri zamanı hədəf kimi istifadə etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.
Məlumata görə, bu avtomobillər "White Sands" raket sınaq poliqonuna (Nyu-Meksiko ştatı) göndəriləcək 33 nəqliyyat vasitəsindən biri olacaq. Sınaqlar ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) "Stand Off Precision Guided Munitions" (SOPGM) proqramı çərçivəsində həyata keçiriləcək.
Proqramın məqsədi real döyüş şəraitinə mümkün qədər yaxın ssenarilər əsasında hərbi bölmələrin hazırlığını gücləndirməkdir. Təlimlərdə istifadə olunacaq silah sistemlərinə "AGM-114 Hellfire", "AGM-176 Griffin" raketləri, "GBU-69/B Small Glide Munition" (SGM) və "GBU-39B/B Laser Small Diameter Bomb" (LSDB) adlı idarə olunan bombalar daxildir.
Qeyd edilir ki, təlimlərdə istifadə olunacaq "Cybertruck" avtomobillərinin tam işlək vəziyyətdə olması vacib deyil, lakin onların ən azı yedəyə götürülməsi mümkün olmalıdır.
Xatırladaq ki, "Cybertruck" bir vaxtlar "gülləyə davamlı" və "apokalipsisdən sağ çıxacaq" avtomobil kimi təqdim olunmuşdu. Onun hərbi məqsədlər üçün də istifadə edilə biləcəyi ilə bağlı ehtimallar səsləndirilmişdi.
Paşa Məmmədli