Redaktor
Uçot dərəcəsini artırmaq və ya endirmək nə deməkdir?
İqtisadi xəbərlərdə tez-tez “uçot dərəcəsi artırıldı”, “uçot dərəcəsi sabit saxlanıldı” kimi ifadələr eşidirik. Amma bir çox insan bu anlayışın nə demək olduğunu və gündəlik həyatımıza necə təsir etdiyini dəqiq bilmir. Halbuki uçot dərəcəsi hər birimizin cibinə, kreditinə, qazancına və xərclərinə birbaşa təsir edən əsas iqtisadi göstəricilərdən biridir.
Uçot dərəcəsi - ölkənin Mərkəzi Bankının kommersiya banklarına borc pul verərkən tətbiq etdiyi əsas faiz dərəcəsidir. Daha sadə desək, bu göstərici pulun ölkə daxilində nə qədər baha və ya ucuz olduğunu müəyyən edir. Banklar Mərkəzi Bankdan pulu hansı faizlə alırlarsa, vətəndaşlara verdikləri kreditlərin faizi də əsasən buna uyğun formalaşır.
Ölkə iqtisadiyyatının “idarəetmə sükanı”
Uçot dərəcəsi ölkə iqtisadiyyatının “idarəetmə sükanı” hesab olunur. Bu göstərici vasitəsilə Mərkəzi Bank bazardakı pul dövriyyəsini, qiymət artımını və iqtisadi fəallığı tənzimləyir. Uçot dərəcəsi aşağı olduqda kreditlər ucuzlaşır, insanlar daha çox borc götürür, alış-veriş və biznes aktivliyi artır. Əksinə, uçot dərəcəsi yüksəldikdə kreditlər bahalaşır, xərclər azalır və inflyasiyanın qarşısı alınmağa çalışılır.
Uçot dərəcəsi artırılanda və azaldılanda nə baş verir?
Uçot dərəcəsi artırıldıqda banklar Mərkəzi Bankdan pulu daha baha faizlə alır. Bu da avtomatik olaraq əhaliyə verilən kreditlərin faizinin artmasına səbəb olur. Nəticədə insanlar kredit götürməyə daha ehtiyatla yanaşır, alış-veriş azalır, bazardakı pul dövriyyəsi zəifləyir. Bu addım əsasən qiymət artımını, yəni inflyasiyanı cilovlamaq məqsədi daşıyır.
Əks proses zamanı, yəni azaldılanda banklar pulu daha ucuz alır, kredit faizləri aşağı düşür. İnsanlar və sahibkarlar daha rahat borc götürür, yeni işlər qurulur, ticarət canlanır. Bu isə iqtisadi aktivliyin artmasına səbəb olur. Ancaq bəzən bu proses qiymətlərin sürətlə artmasına da yol aça bilər.
Uçot dərəcəsi sadəcə bankları deyil, hər vətəndaşı birbaşa maraqlandırır. Ev, avtomobil və ya biznes üçün kredit götürərkən ödədiyimiz faizlər bu göstəricidən asılıdır. Banklarda saxladığımız əmanətlərə verilən faizlər də əsasən uçot dərəcəsinə uyğun dəyişir. Həmçinin bazarda qiymətlərin bahalaşması və ya sabit qalması da dolayısı ilə bu mexanizmlə tənzimlənir.
Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə uçot dərəcəsi 6.75% səviyyəsinə endirilib. Bununla yanaşı, faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 7.75% olaraq müəyyən edilib.
Şəbnəm İbrahimxəlil