Redaktor
Nüvə qəzası baş verən reaktor 45 ildən sonra Al üçün geri qayıdır
Məlumat mərkəzlərinin elektrik istehlakı ABŞ üzrə ümumi istehsalın 4 faizinə çatdıqdan sonra hökumət çıxış yolunu 1979-cu ildə ərimə baş verən "Three Mile Island" AES-in yenidən işə salınmasında tapıb.
Valyuta.az xəbər verir ki, 1 milyard dollarlıq kreditlə bərpa olunacaq stansiya “Microsoft”un məlumat mərkəzlərini enerji ilə təmin edərək süni intellekt (Al) dövrünün kritik ehtiyacını qarşılayacaq.
Süni intellekt texnologiyalarının sürətlə yüksəlişi və rəqəmsallaşmanın dayanmadan artması ABŞ-də enerji istehlakını rekord səviyyələrə çatdırıb. Nəhəng elektrik və təmiz su tələbatı olan məlumat mərkəzləri artıq elektrik şəbəkəsində dalğalanmalara və fasilələrə səbəb olmağa başlayıb. 2024-cü ilin məlumatlarına görə, ABŞ-da istehsal olunan ümumi elektrikin 4 faizi bu mərkəzlər tərəfindən istehlak olunur və məlumat mərkəzlərinin sayı artdıqca bu göstəricinin daha da yüksələcəyi gözlənilir.
Bu nəhəng enerji tələbatını etibarlı mənbələr hesabına ödəmək istəyən ABŞ rəhbərliyi qeyri-adi və mübahisəli bir qərar qəbul edərək ölkə tarixində ən ağır nüvə qəzalarından birinin baş verdiyi obyektin yenidən istismarına hazırlaşır.
ABŞ Enerji Nazirliyi (DOE) Pensilvaniya ştatında yerləşən "Three Mile Island" nüvə obyektinin yenidən fəaliyyətə başlaması üçün stansiyanın sahibi olan “Constellation Energy” şirkətinə 1 milyard dollarlıq federal kreditin ayrılmasını təsdiqləyib. “Crane” Təmiz Enerji Mərkəzi adlandırılacaq bu obyektin bölgə sakinlərinə və xüsusilə “Microsoft”un yerli məlumat mərkəzlərinə 835 meqavat enerji təmin etməsi planlaşdırılır. “Constellation Energy” 2024-cü ildə “Microsoft”un süni intellekt həllərini dəstəkləmək məqsədilə reaktorun yenidən işə salınması üçün 20 illik enerji alqı-satqı müqaviləsi imzalayıb.
DOE bildirir ki, bu addım Orta Atlantik regionunda təxminən 800 min mənzilin elektriklə təmin olunmasına, enerji xərclərinin azalmasına və 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək. ABŞ-nin energetika naziri Kris Rayt vurğulayıb ki, bu investisiya
Amerikanın süni intellekt yarışını qazanması üçün ehtiyac duyduğu enerjiyə sahib olmasını təmin edəcək.
Qəzadan etibarlı enerjiyə dönüş
"Three Mile Island"da baş verən böyük qəza 1979-cu ildə 2-ci blok reaktorunda qismən nüvə əriməsi ilə nəticələnmişdi. Mexaniki nasazlıq və soyuducu itkisi səbəbindən baş verən hadisədən sonra stansiya əməkdaşları və əhali arasında aşkar edilə bilən sağlamlıq təsirləri qeydə alınmamışdı. Qəzadan sonra ABŞ Nüvə Tənzimləmə Komissiyası (NRC) təhlükəsizlik standartlarını artırmaq məqsədilə genişmiqyaslı və sərt dəyişikliklər həyata keçirmişdi.
İki reaktordan ibarət olan stansiya qəzaya baxmayaraq 2019-cu ilə qədər enerji istehsalını davam etdirib. Artan enerji tələbatı fonunda hökumətin və iri texnologiya şirkətlərinin yeni nəsil nüvə reaktorlarının hazırlanmasına sürət verməsi etibarlı nüvə enerjisinə dönüşün zərurətə çevrildiyini göstərir.
Paşa Məmmədli