Redaktor
"İdeya müəllifi işin 80 faizini özü görürsə, digər tərəflərlə bərabər ortaqlıq ola bilməz"
Bir çox startap və biznes layihələri məhz ortaqlıq modeli ilə qurulur. Lakin təəssüf ki, bu ortaqlıqların əksəriyyəti sonradan hüquqi və əməliyyat mübahisələri ilə nəticələnir. İdeya kimin idi, vəsaiti kim yatırdı, kim qərar verirdi? Bu kimi sualların əvvəlcədən razılaşdırılmaması ortaqlıqları tez bir zamanda böhrana sürükləyir.
Yəni dünya praktikasında hansı tip ortaqlıq yanaşmaları var?
Mövzu ilə bağlı Valyuta.az-a danışan “Mediamark” Rəqəmsal Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, dünyada və Azərbaycanda ən geniş yayılmış ortaqlıq növü bərabərhüquqlu ortaqlıqdır (general partnership):
"Bu modeldə iki və ya daha çox şəxs bir ideyanı həyata keçirmək və ya birgə biznes qurmaq məqsədilə birləşir. Tərəflər bərabər şəkildə vəsait yatırır, işə bərabər vaxt ayırır və eyni məsuliyyəti bölüşürlər. Bu halda tərəflər tamhüquqlu və bərabərhüquqlu ortaqlar sayılır. Digər bir ortaqlıq forması isə belə qurulur: bir şəxs işi başlayır və sonradan investor cəlb edir. Bu modelin iki əsas versiyası var: investor həm maliyyə yatırımı edir, həm də idarəetmədə iştirak edir. Bu halda investor həm prosesdə aktiv rol alır, həm də müəyyən məsuliyyət daşıyır. Digər versiyada investor yalnız maliyyə vəsaiti yatırır, lakin idarəetmədə iştirak etmir və məsuliyyət daşımır. Onun məqsədi gələcəkdə dividendlər və ya startapın satışı zamanı əldə ediləcək gəlirdən pay almaqdır. Bundan başqa, daha fərqli ortaqlıq modelləri də mövcuddur".

O.Rzayev vurğulayıb ki, ümumiyyətlə, ortaqlıq münasibətləri və tərəflərin öhdəlikləri əvvəlcədən müəyyən olunmuş sabit çərçivəyə sığmır:
"Məsuliyyətin bölüşdürülməsi, görüləcək işin həcmi, maliyyə riski və digər amillər tərəflər arasında razılaşdırılır. Məsələn, əgər bir nəfər startap ideyasının müəllifidirsə və işin 80 faizini özü həyata keçirəcəksə, bu halda digər tərəflərlə bərabər ortaqlıqdan söhbət gedə bilməz. Burada əsas söz sahibi ideyanın müəllifi, yəni işin böyük hissəsini görən şəxs olur. Eyni yanaşma investor və digər tərəfdaşlara da aiddir. Biznes münasibətləri zamanı tərəflərin görəcəyi işin miqyası, daşıyacağı məsuliyyət, yatıracağı vəsait və sərf edəcəyi vaxt nəzərə alınaraq şərtlər müəyyənləşdirilir".
Mayya Hüseynova