Redaktor
"Pepsi"nin uğur hekayəsi: Bir içki brendi bazarda necə populyarlaşdı və qlobal imperiyaya çevrildi
Bu gün qlobal miqyasda tanınan "Pepsi" brendinin bazarda sürətlə yayılması və kütləvi şəkildə qəbul olunması təsadüfi proses olmayıb. "Pepsi"nin uğurunun arxasında məhsul əlçatanlığı və istehlakçı psixologiyasını dəqiq oxuması dayanır. Sadə sərinləşdirici içki istehsalçısı kimi başlayan bu yol, zamanla qlobal qida və içki sənayesinin ən güclü oyunçularından birinə çevrilib.
Bazarda populyarlaşmağın mexanizmi
"Pepsi" bazara çıxdığı dövrdə içki sektorunda mövcud məhsullar əsasən ağır, bahalı və demək olar ki, “dərman kimi” təqdim olunurdu. Pepsi isə fərqli yol seçdi. Məhsul özünü yüngül, sərinləşdirici və gündəlik istehlak üçün uyğun içki kimi mövqeləndirdi. Bu yanaşma insanların real ehtiyacına cavab verdi və "Pepsi"ni adi istehlak vərdişlərinin bir hissəsinə çevirdi.
Şirkətin sürətli yayılmasında qiymət və əlçatanlıq həlledici rol oynadı. "Pepsi" əsas rəqibi "Coca-Cola" ilə müqayisədə daha ucuz idi və qısa müddətdə kiçik mağazalara, apteklərə və küçə satış nöqtələrinə daxil oldu. Məhsul “elit” istehlak kateqoriyasından çıxarılaraq hər kəs üçün əlçatan edildi. Məhz bu strategiya "Pepsi"nin kütləvi şəkildə yayılmasını təmin etdi.
Dad strategiyası da uğurun vacib elementlərindən biri oldu. Pepsi şüurlu şəkildə bir qədər daha şirin dad seçdi. Bu dad ilk içimdə fərqli hiss yaratsa da, tez alışılan idi. “Tanış, amma fərqli” balansı məhsulun yadda qalmasını asanlaşdırdı və istehlakçıların alternativ yox, ayrıca seçim etməsinə səbəb oldu.
Marketinq sahəsində isə "Pepsi" riskli, lakin effektiv qərar verdi. Brend “hamıya xitab etmək” əvəzinə, gənclərə fokuslandı. Musiqi, idman, pop mədəniyyət və üsyankar imic "Pepsi"nin əsas kommunikasiya dilinə çevrildi. Gənclər brendi qəbul etdikdən sonra isə "Pepsi" trend oldu və bu trend tədricən kütləvi istehlaka yayıldı.
"Pepsi"nin bazarda populyarlaşmasının digər mühüm səbəbi rəqiblə açıq müqayisədən çəkinməməsi idi. “Pepsi Challenge” kimi kampaniyalar istehlakçılarda maraq oyatdı, insanları məhsulu sınaqdan keçirməyə təşviq etdi və bu proses Pepsi üçün böyük, demək olar ki, pulsuz reklam effekti yaratdı.
Bir brenddən transmilli korporasiyaya
Bu uğurlu mövqeləndirmə və bazarı tutma mərhələsindən sonra "Pepsi" artıq təkcə içki brendi kimi qalmadı, böyük biznes modelinin əsasına çevrildi. "PepsiCo" Inc ABŞ mənşəli, qlobal miqyasda fəaliyyət göstərən qida və içki sənayesi şirkəti olaraq 1965-ci ildə formalaşıb. Bu gün şirkət dünyanın 200-dən çox ölkəsində qəlyanaltılar, içkilər və digər məhsulların satışı ilə məşğuldur.
"PepsiCo" uzun illər ərzində yalnız “Pepsi” markasına əsaslanan biznes modelindən uzaqlaşaraq çoxşaxəli və güclü brend portfelinə malik transmilli korporasiyaya çevrilib. Şirkətin fəaliyyəti dörd əsas biznes bölməsi üzrə təşkil olunub: "PepsiCo Americas Food" (PAF), "PepsiCo Americas Beverages" (PAB), "PepsiCo Europe" və "PepsiCo Asia". Bu struktur "PepsiCo"nun müxtəlif regionlarda həm operativ, həm də strateji idarəetməsini təmin edir.
Tarixi əsaslar və genişlənmə strategiyası
"Pepsi"nin tarixi ABŞ-ın Şimali Karolina ştatından olan sənayeçi Caleb Bradham ilə başlayır. O, 1880-ci illərdə ilk "Pepsi" reseptini hazırlayıb və məhsul qısa zamanda populyarlıq qazanıb. 1903-cü ildə reseptin patentləşdirilməsi və aktiv reklam kampaniyaları satışların sürətlə artmasına səbəb olub.
1965-ci ildə "Pepsi-Cola" və "Frito-Lay" şirkətlərinin birləşməsi "PepsiCo"nun yaranmasında dönüş nöqtəsi oldu. 1990-cı illərdən etibarən isə şirkət portfelini genişləndirərək "Pizza Hut", "KFC", "Taco Bell" kimi brendləri tərkibinə qatdı, sonradan isə bu aktivləri yenidən strukturlaşdırdı. "Tropicana Products" və "Quaker Oats" kimi alışlar "PepsiCo"nu qazlı içkilərdən asılı olmayan biznes modelinə keçirdi.
"PepsiCo" dünyada təxminən 319 000 işçi ilə fəaliyyət göstərir və bu, şirkətin beynəlxalq miqyasda geniş yayılmış əməliyyatlarını təsdiq edir.
Müasir dövr: maliyyə nəticələri və çağırışlar
2025-ci ildə "PepsiCo" maliyyə baxımından sabit mövqeyini qoruyub. Şirkətin üçüncü rübdə gəlirləri 23,94 milyard dollara çatıb və artım əsasən yeni məhsullar və güclü brend portfeli hesabına formalaşıb. Eyni zamanda, xərclərin optimallaşdırılması və struktur dəyişiklikləri çərçivəsində bəzi istehsal müəssisələrinin bağlanması və işçi sayının azaldılması ilə bağlı qərarlar qəbul olunub.