Redaktor
"Paramount" 40 milyard dollarlıq Ellison zəmanəti ilə təklifini yeniləyib
"Paramount", “Warner Bros. Discovery” şirkətini satın almaq üçün təxminən 108 milyard dollarlıq təklifini yeniləyib.
Valyuta.az xəbər verir ki, bu addım “Oracle” şirkətinin qurucusu Lerri Ellison tərəfindən verilmiş 40,4 milyard dollarlıq geri alınmaz şəxsi zəmanət əsasında atılıb.
Yenilənmiş təklifə əsasən, "Warner Bros. Discovery" səhmdarlarına hər bir səhm üçün 30 dollar nağd ödəniş nəzərdə tutulur. "Paramount"un açıqlamasında bildirilir ki, Ellison yalnız sərmayənin maliyyələşdirilməsi üçün deyil, həm də potensial təzminat iddiaları ilə bağlı şəxsi zəmanət verməyə razılıq göstərib. Bundan əlavə, Ellison ailəsinə məxsus fondun bu proses başa çatanadək aktiv strukturlarında dəyişiklik etməyəcəyi də öhdəlik kimi təqdim olunub.
Bu təklif, "Warner Bros. Discovery"nin rəhbərliyinin "Netflix" ilə əldə olunan razılaşmanı üstün tutaraq Paramount-un ilkin təklifini rədd etməsindən sonra irəli sürülüb. "Netflix" ilə razılaşma şirkətin televiziya, kino və rəqəmsal yayım aktivlərini hər səhm üçün 27,75 dollar dəyərində qiymətləndirir və ümumilikdə 82,7 milyard dollarlıq şirkət dəyərini əsas götürür. "Warner Bros. Discovery" rəhbərliyi, "Paramount"un əvvəlki təklifini maliyyə baxımından qeyri-inandırıcı hesab etmişdi.
"Paramount"un yeni təklifi məhz bu tənqidlərə cavab verməyi hədəfləyir. Şirkət, təklifin tam maliyyələşdirildiyini və maliyyə qeyri-müəyyənliyinin aradan qaldırıldığını bəyan edir. Bununla belə, "Warner Bros. Discovery"nin hazırda "Netflix" ilə bağladığı məcburi müqavilənin mövcudluğu prosesi mürəkkəbləşdirir.
Sənaye mütəxəssisləri bu vəziyyəti Hollivudda əsas oyunçular arasında davam edən rəqabətin növbəti mərhələsi kimi qiymətləndirirlər. Bir tərəfdə ənənəvi studiya modelini qlobal yayım platforması ilə birləşdirməyi hədəfləyən Netflix razılaşması, digər tərəfdə isə Ellison ailəsinin maliyyə dəstəyini arxasına almış "Paramount"un daha yüksək nağd təklifi dayanır. "Warner Bros. Discovery" rəhbərliyinin bu yenilənmiş təklifə necə cavab verəcəyi yaxın günlərdə məlum olacaq.
Mayya Hüseynova