Redaktor
"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı
"Google DeepMind"ın baş direktoru Demis Hassabis süni intellektin (Al) mövcud sistemlərinin genişləndirilməsinin ümumi süni intellektə - AGI-yə nail olmaq üçün əsas şərt olduğunu bildirib.
Valyuta.az "Business Insider"ə istinadən xəbər verir ki, o, bu fikri San-Fransiskoda keçirilən “Axios AI+” sammitində səsləndirib.
Vurğulayıb ki, hesablayıcı gücün və məlumat həcminin artırılması üzrə mövcud yanaşmanı son həddə qədər irəli aparmaq lazımdır. Onun sözlərinə görə, bu yanaşma ən azı AGI üçün mühüm komponent, hətta onun əsası ola bilər.
Ümumi süni intellekt (AGI) - insan səviyyəsində istənilən intellektual tapşırığı yerinə yetirə bilən hipotetik bir sistemdir. Bu məqsədə çatmaq üçün dünyanın ən böyük texnoloji şirkətləri Al infrastrukturuna və araşdırmalarına böyük investisiyalar yatırırlar.
Hassabis etiraf edir ki, təkcə genişləndirmə kifayət etməyə bilər və inqilabi nəticə üçün daha “bir və ya iki” fundamental kəşfə ehtiyac olacaq. O həmçinin mövcud açıq məlumatların məhdudluğunu və yeni məlumat mərkəzlərinin tikintisi ilə bağlı yüksək ekoloji və iqtisadi xərcləri də problem kimi göstərir.
Onun mövqeyi bütün mütəxəssislər tərəfindən bölüşülmür. Məsələn, “Meta”dan ayrılaraq öz startapını quran süni intellekt üzrə aparıcı mütəxəssis Yann Lekün hesab edir ki, yalnız məlumat və hesablama gücünün artırılmasına əsaslanan yanaşma çıxılmazdır.
Lekün diqqəti “dünya modelləri”nin yaradılmasına yönəltmək niyyətindədir — fiziki mühiti anlayan, daimi yaddaşa və mürəkkəb fəaliyyətləri planlaşdırmaq qabiliyyətinə malik sistemlərə. Bu model, hazırkı böyük dil modelləri kimi yalnız mətn məlumatı emal etmir. O, noyabr ayında “LinkedIn”də bildirib ki, yeni layihəsinin məqsədi real dünya ilə qarşılıqlı əlaqə qura və məntiqi mühakimə yürüdə bilən sistemlər hazırlayaraq Sİ-də növbəti inqilabı reallaşdırmaqdır.
Beləliklə, sənayedə iki fərqli yanaşma formalaşıb: genişmiqyaslı artırmanı prioritet edən “Google” strategiyası və Lekün tərəfindən təklif edilən, Sİ üçün keyfiyyətcə yeni arxitekturaları ön plana çıxaran alternativ baxış.
Paşa Məmmədli