Silikon Vadisinin məşhur CEO-larından Trampa təbrik yağışı
Prezident Donald Trampın seçki gecəsində qazandığı qələbədən sonra, Silikon Vadisinin texnologiya sahəsindəki bir sıra tanınmış CEO-ları onu təbrik etməyə başlayıblar.
Valyuta Az xəbər verir ki, "Amazon.com"un (NASDAQ: AMZN) qurucusu Ceff Bezos təbrik edənlər arasında ilk sıralarda olub. O, "X" sosial şəbəkəsində paylaşım edərək yazıb: “Möhtəşəm siyasi geri dönüş və qəti qələbə münasibətilə 45-ci və indiki 47-ci prezidentimizə böyük təbriklər. Heç bir millətin daha böyük imkanları yoxdur. @realDonaldTrump-a hamımızın sevdiyi Amerikanı birləşdirib rəhbərlik etməkdə uğurlar diləyirəm.”
Bezos, ona məxsus "Vaşinqton Post" qəzetində prezidentliyə namizədləri dəstəkləmək ənənəsini pozduğunu bildirərək, qəzetin heç bir namizədi dəstəkləməyəcəyini açıqlayıb və bunu "Amerikalılar mətbuata etibar etmir" deyə əsaslandırıb. Bu mövqeyi isə sol qanad təmsilçilərinin tənqidlərinə səbəb olub.
"Google"un ana şirkəti olan "Alphabet"in (NASDAQ: GOOGL) baş direktoru Sundar Pichai də Trampın qələbəsini “qəti” adlandırıb. O, “Amerika hazırda innovasiyalarının qızıl dövrünü yaşayır və bu imkanları hər kəs üçün əlçatan etmək məqsədilə yeni administrasiya ilə əməkdaşlıq etməyə sadiqik” ifadələrini əlavə edib.
"OpenAI" şirkətinin rəhbəri Sem Altman da "Prezident Trampı təbrik edirəm" deyərək ABŞ-ın süni intellekt sahəsində liderliyini və demokratik dəyərləri qorumağın vacibliyini vurğulayıb.
"Apple"ın (NASDAQ: AAPL) rəhbəri Tim Kuk isə Trampı bu sözlərlə təbrik edib: “Qələbəniz münasibətilə təbriklər, Prezident Tramp! ABŞ-ın yenilik, innovasiya və yaradıcılıq sahəsində lider olmağa davam etməsi üçün sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.
Prezidenti şəxsən təbrik edən və Trampdan təşəkkür alan CEO-lardan biri də "Tesla"nın (NASDAQ: TSLA) sahibi Elon Mask olub. Mask, seçki gecəsində Trampın yanında idi və onun həlledici Pensilvaniya ştatında qələbə qazanmasına dəstək verib.
Çərşənbə günü günorta saatlarında "Tesla"nın səhmlərində 14% artım qeydə alınıb və Trampın qələbəsi ilə ümumilikdə texnoloji səhmlərdə yüksəliş müşahidə olunur.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay