BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
58755

2-ci kursda pul qazanmaq məqsədi ilə işləməyə başlayır. İlk işi restoranda ofisiant olur. Lakin çalışdığı restoranın rəhbərliyi onun potensialını görür və bir şirkətə onu məsləhət görür. Gələcəyi üçün o istiqamətə yönəldir. Həqiqətən də bundan sonra öz yolunu tapır və karyerası uğurla davam edir. Bu gün fərqli sahələrdə 3 şirkət sahibidir.

Valyuta.az-ın müsahibi daşınmaz əmlak şirkəti olan “Real Estate Capital”ın təsisçisi Akif Əliyevdir. O, eyni zamanda nəqliyyat vasitələrinin icarəsi sahəsində “Denay Alliance Services”, ticarət sektorunda “AA Trading Group”un təsisçisidir.

Qeyd edək ki, A.Əliyev 1995-1998-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya-biologiya müəllimliyi üzrə bakalavr təhsili alıb, sonra həmin universitetdə eyni ixtisas üzrə magistr və doktorantura təhsilini davam etdirib. 2013-2015-ci illərdə ADA Universitetində maliyyə üzrə ikinci magistr təhsilini alır.

- Akif bəy, kimya-biologiya müəllimliyi üzrə təhsil almısınız, amma bu gün biznes sektorundasınız. Yol necə biznesə yönəldi?

- Kimya-biologiya təmayüllü liseyi bitirmişəm. Valideynlərim həkim olmağımı istəyirdi. Universitetlərə qəbulda test imtahanlarının tətbiq edildiyi ilk illər idi. İndiki qədər test imtahanları ilə bağlı hər şey açıq olmadığı üçün istədiyin yerə qəbul olmaq asan deyildi. Bal çatışmazlığına görə müəllimlik ixtisasına qəbul oldum. Düşündüm ki, o təhsillə kimya-biologiya sahəsində biliklərimi təkmilləşdirim, sonra istədiyim sahəyə gedərəm. Sadəcə, o dövrdə gedən iqtisadi proseslər, ümumi vəziyyət ona şərait yaratdı ki, evə dəstək olmaq üçün çalışmaq lazım idi. Ona görə, 2-ci kursdan işləməyə başladım və istiqamət də biznes yönünə gətirib çıxardı.

- Müəllim kimi davam etmək fikriniz olmasa da, o istiqamətdə doktorantura təhsili almısınız.

- Bəli, karyeramı müəllim kimi görmürdüm. Biologiya sahəsində magistr və doktorantura təhsili almağım valideynlərimin arzusu idi, onu reallaşdırdım. O təhsili almağıma peşman da deyiləm. Biologiya elədir ki, insan təbiətini öyrənirsən. Bu biliklər lazım olur.

 

“Mənə isə dedilər ki, gələcəyin üçün o işlərə getməlisən”

 

- Hansı işlə başladınız ki, davamı bugünkü biznes həyatı oldu?

- O dövrdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə işləmək məşhur idi. Mən də həmin şirkətlərdə işləmək istəyirdim. Bu, ilk cəhdlərdə alınmadığı üçün ofisiant kimi bir restoranda başladım. Restoran sahibləri ilə gözəl münasibətimiz yaranmışdı. 1,5 il işləyəndən sonra özləri məni bir şirkətə - “Yello Pages”ə məsləhət gördülər. Dedilər bizdə bir tələbə var, onu restoran üçün uyğun görmürük, siz götürüb orda inkişaf etdirin. Mənə isə dedilər ki, gələcəyin üçün o işlərə getməlisən.

Bu, məndə belə iz buraxdı ki, iş prosesində hansısa tələbə, yaxud nə isə etməyə can atan birini görəndə, bizim şirkətdə olmasa belə, harasa yönəltməyə, dəstək olmağa çalışıram. Məsləhət görmə çox vacibdir. Sonrası təbii ki insanın özündən, şəxsi keyfiyyətlərindən asılıdır.

- “Yellow Pages”də hansı sahədə işlədiniz?

- “Yellow Pages”də işim ölkədəki şirkətlər haqqında məlumat bazasının yığılması idi. Mən orda satış əməkdaşı kimi işə başladım. O vaxt üçün çox maraqlı iş idi. O işimin sayəsində, çox şirkətləri, müəssisələri tanıyırdım. Mən Rus dilində təhsil almışdım, orada Azərbaycan dilində yazdığım üçün Azərbaycan dilimi inkişaf etdirdim. Şirkətdə İngilis dilli vətəndaşlar olduğu üçün bu dilin inkişafının da təməli qoyuldu. Dil biliyim sayəsində xarici şirkətlərə satış etməyim asan olurdu. Orda özümü xeyli inkişaf etdirdim. 2 il orda işlədikdən sonra daşınmaz əmlak sektorundan iş təklifi gəldi, işimi dəyişdim.

- Siz daşınmaz əmlak sektorunda deyildiniz, o dəvət necə gəldi?

- Mən “Yello Pages”də işlədiyim dövrdə çox aktiv idim, sərgilərdə iştirak edirdim, proseslərlə maraqlanırdım. Sərgilərdən birində azərbaycanlı bir xanım amerikalı partnyoru ilə birlikdə yaxınlaşıb iş təklif etdi. Sərgidə reklamla əlaqəli çox adamla ünsiyyətdə olurdum, orada müşahidə etdikdən sonra iş təklifi qərarı veriblər. Bildirdilər ki, reklam danışığı zamanı bir çətin vəziyyət yaranıb, ordan yaxşı çıxdığımı görüblər. Daşınmaz əmlak sahəsində iş təklif etdilər, çox maraq göstərmədim. Nömrələrini götürdüm, dedim mənə maraqlı olsa, əlaqə saxlayaram. Hətta məndən maaşımı soruşdular. Bir az yüksək dedim, ondan da yüksək maaş təklif etdilər (Gülür). Tələbləri də çox idi. Dedim düşünüm, sizə fəaliyyət planımı təqdim edərəm. O vaxt indiki qədər internetdə məlumat toplamaq məsələləri yox idi. Şəxsi təcrübəm və prosesləri necə görməyimlə bağlı bir fəaliyyət planı təqdim etdim, bəyəndilər və “Caspian Property Services”ə keçdim.

 

“7-8-ci ildə artıq şirkətdə partnyor olmuşdum”

 

- Orda işiniz nədən ibarət oldu?

- Onlar Azərbaycanda proqram üzrə daşınmaz əmlak sahəsində maarifləndirici işlər aparırdılar. O vaxt bu sahədə Azərbaycanda bazarda xarici kontingentlər çox idi, onlarla işləmək, onlara hansı növ əmlaklar təklif etmək, əmlak proseslərinin necə inkişaf etməsi, əmlakların qiymətinin hesablanması, bazarın təhlili və s. işləri görürdüm. Təkcə yerli, xarici şirkətlər deyil, beynəlxalq təşkilatlar, ölkəyə gələn diplomatlar da bizə müraciət edirdilər. Azərbaycanda yaşam, uşaqların təhsil xərcləri və s. öyrənmək üçün bizə müraciət olunurdu. O iş təcrübəsi şəxsi inkişafıma çox yaxşı təsir etdi. O şirkətdə 10 ilə yaxın işlədim. 7-8-ci ildə artıq şirkətdə partnyor olmuşdum. Şirkətdən önəmli bir hissə də vermişdilər. Həmin dövrdə paraleldə öz şirkətimi də qurmuşdum.

- Daşınmaz əmlak sahəsində iş qurdunuz?

- Daşınmaz əmlakla bağlı işlərdə var idim. Əmlakın alınması, onun təmir edilib standarta uyğunlaşdırılıb satılması və s. işləri görürdüm. Amma qurduğum şirkət avtomobil icarəsi ilə bağlı oldu. 2006-cı ildən fərdi olaraq nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olmuşam. Xarici şirkətlərin rəhbərləri ilə əlaqələrim var idi, onlara xidmət təklif etdim. Azərbaycanda bu sahədə böyük şirkətlər var idi. Hətta mənə xaricilər sual verirdilər ki, sən onlar kimi eyni xidməti təklif edə bilərsən? Söz verdim və o xidməti göstərdik. Fərdi şəxs kimi işləyirdim. 2010-cu ildə şirkətləşdik. 1 maşınla başlamışdım, 2012-13-cü ildə hardasa 30-40 maşın var idi.

- Maşın sayı işin öz qazancı ilə artdı?

- Xarici şirkətlərlə müqavilə bağlayanda, ilkin ödəniş edirdilər, o pulun üzərinə də bankdan kredit götürüb qoyub alırdım.

 

“40 faiz avtomobil icarəsi, 40 faiz daşınmaz əmlak, 20 faiz isə...”

 

- 2010-cu ildə şirkətinizi rəsmiləşdirmisiniz, amma həmin il “Gilan Holding”də işə başlamısınız. Niyə sırf öz şirkətinizə fokuslanmadınız?

- Mən onsuz öz şirkətimi quranda başqa yerdə işləyirdim. Paraleldə şirkəti idarə edirdim. “Gilan”da daşınmaz əmlakın idarə olunması ilə bağlı ayrıca şirkət yaradılmışdı, mən onun rəhbəri oldum. Maaş da yaxşı idi, vəzifə də. Üstəlik, o iş mənə yaxşı əlaqələr qazandırdı. Mən “Gilan Holding”də iş üçün danışanda, öncədən bildirmişdim ki, öz şirkətim var. Ona görə, paraleldə şirkətimin fəaliyyəti davam etdi. 10 ildən çox orda işlədim.

- İkinci magistr təhsiliniz “Gilan Holding”də çalışdığınız dövrdə olur. Yenidən təhsil ideyası necə yarandı?

- Şirkətlərdə işləyirdim, paraleldə biznesimi qururdum, amma hər zaman öz üzərimdə işləmişəm. ADA Univeristetindəki maliyyə ilə bağlı həmin MBA təhsilini görəndə, dedim niyə də yox? 3 ay kursa getdim, imtahan verdim və qəbul oldum. 2 il oxudum. Mən xaricdə təhsil almağı çox istəyirdim, amma zamanında qismət olmamışdı. ADA-dakı o təhsil mənə çox şey öyrətdi. Maliyyə ilə bağlı biliklərimi dərinləşdirdim. Düşünürəm ki, 30 yaşı keçəndən sonra MBA proqramında təhsil almaq yaxşıdır. Yeni bilik və təcrübədir.

- Hazırda biznesiniz hansı istiqamətdədir?

- 40 faiz avtomobil icarəsi, 40 faiz daşınmaz əmlak, 20 faiz isə yeni biznesdəyəm. Avtomobil icarəsi biznesim əvvəl daha böyük idi, devalvasiyadan sonra bir az nəqliyyat vasitələrinin qiyməti artdı, kirayə qiymətləri azaldı. Biznesin rentabelliyi azaldığı üçün o istiqamətimizi çox da inkişaf etdirmədik. İndi o işi logistik biznesə çevirməyi düşünürəm. Bu gün Azərbaycan logistik mərkəzdir və bu sahə maraqlı olacaq.

Daşınmaz əmlak sektorunda isə bu sahəyə investisiya ilə bağlı konsultasiyadan tutmuş, tikintiyə qədər hər işi götürürük. Fərdi yaşayış evləri inşa edib kirayə verə, satışını təşkil edə bilirik. Yeni binalarda satış prosesi gedirsə, bir layihəni götürüb satış ofisi qurub satışını təşkil edirik. Binanın qiymətinin müəyyənləşməsi, reklam işi görülməsi, müştəri məmnuniyyətini qorumaqla satış prosesini idarə etmək və s. işləri görürük. Əgər Azərbaycandan kimsə xaricdə daşınmaz əmlaka investisiya etmək istəyərsə, o bazarı araşdırıb hesabat şəklində təqdim edə bilirik.

Pandemiya dövründən bir tələbə yoldaşımla bir yerdə ticarət şirkəti təsis etdik. İdxal-ixrac əməliyyatlarına başladıq. MBA təhsili mənim bu işə başlamağımda rol oynadı.

 

“Öz şirkətin olsa belə, nizam-intizamlı olmaq önəmlidir”

 

- Niyə ticarət?

- Pandemiya dövründə müəyyən sahələr çalışmadı və baxdıq ki, tələb olan sahələr hansılardır? Düşündük ki, sabah dünyada proseslərdə nəsə durğunluq yarananda, tələbat olan sahədə işimiz olsun. Ona görə ticarət şirkəti təsis etdik.

Eyni zamanda Azərbaycanın qida məhsullarının ixracını edirik. Üstəlik, kənd təsərrüfatı sahəsində nə ilə məşğul ola biləriksə, onu müəyyən etdik. O da gübrəyə gəldi çıxdıq. Rusiya, Belarusiya, Azərbaycan və Özbəkistandan gübrəni Türkiyə və digər dövlətlərə ixrac edirik.

Gübrədən sonra kimya məhsullarının dövriyyəsi ilə də məşğul olmağa başladıq. Böyük həcmdə iş getməsə də, Türkiyədəki şirkətlərlə gözəl münasibətlər qurduq. Orda bir şirkətin həmtəsisçisi olduq. Digər təsisçi kimya sahəsində mühəndisdir. Onunla bərabər müəyyən istehsalla bağlı layihələrimiz var. Yeni əsrin izolyasiya materialının üzərində çalışırıq. Üzərində bazar araşdırması, proseslər gedir. Hələ dəqiq nə isə açıqlamaq üçün tezdir.

Dünyada gedən proseslər məcbur edir ki, beynəlxalq səviyyədə də işlərdə olmalı, Azərbaycan üçün idxal-ixrac əməliyyatlarına töhfəmizi verməliyik.

- Biologiya sahəsindəki təhsiliniz biznesdə lazım oldu.

- (Gülür) Bəli. Türkiyədəki partnyorumuzla danışanda, sənədlərdə bioloji, kimyəvi biliklər lazım olanda, ümumi anlaya bilirəm. Yeni təhsil ideyası da bununla əlaqəlidir. Kimya sahəsində biliklərimizi təkmilləşdirməyin, bu sahədə müasir yenilikləri öyrənməyin vaxtı gəlib çatıb. Sadəcə, bir az vaxt lazımdır.

- Biznes cəhətdən 3 istiqamətə vaxt ayırmalısınız. Hər birinə fokuslanmaq, özünüzə və ailəyə ayırdığınız vaxtdan kəsməyə səbəb olmur?

- Öz şirkətin olsa belə, nizam-intizamlı olmaq önəmlidir. Oturub ancaq dirijorluq etməklə iş getmir. Proseslərdə özün iştirak etməlisən. Şirkətdə ən yaxşı bildiyin işi özün görməlisən. Mənim ən yaxşı bildiyim daşınmaz əmlakdır. Ticarətdə hələ ki öyrənirəm. Bir də maliyyə sahəsinə də özüm nəzarət etməyə çalışıram.

Ümumilikdə, bütün prosesləri idarə etmək üçün vaxtın düzgün idarə olunması çox vacibdir. İşə 8:30-da başlamağa çalışıram. Əvvəl axşam 8-9-a qədər işdə qalırdım. Amma indi çalışıram ki, işi elə paylaşım ki, sabaha da iş qalsın. Bir ingilis dostum var idi, deyirdi ki, sabah yenə gələcək. 

Sabaha da iş saxlamaq lazımdır.

Nə olursa olsun idmana vaxt ayırıram. Çünki sağlamlıq önəmlidir. Bunu uşaqlarıma, dostlarıma da təbliğ edirəm. Bu günün stressinə davam gətirmək üçün sağlam olmalısan. Yuxu rejimin, qidalanman düzgün olmalıdır. Öz yaşıma uyğun danışıram (Gülür).

Ailədə çox vaxt keçirmək lazımdır. Yaxınlarla, qohumlarla, dostlarla ünsiyyət lazımdır.


“Ticarətdə risk yönümlü olmalısan”

 

- İş cəhətdən bu gün bu yerdə olmağınızda xarakterinizin rolu nədən ibarətdir?

- Düzgün ünsiyyətin qurulması, proseslərdə düzgün davranmaq, verdiyin sözə əməl etmək, məsuliyyətli olmaq. Düşünürəm ki, bunlar zəmin yaradır ki, insanlar sənə güvənir, hansısa yeni iş görmək istəyəndə, artıq yanında olurlar, investisiya lazım olsa, bundan çəkinmirlər. Burada insana və proseslərə qarşı məsuliyyət önəmlidir. Müştəri məmnuniyyəti vacibdir. Bəlkə bir az risk sevən olsaydım, daha çox şey etmək olardı.

- Sonu sizi narahat edən risklər etməmisiniz?

- Məsələn, yeni başlayan vaxt avtomobilləri almaq üçün bankdan borc götürməyim risk idi. Hərdən düşünürdüm ki, birdən eyni zamanda 10 avtomobilimiz qəzaya düşsə, müflis ola bilərəm. Ehtimalı yox idi, amma hadisə olanda olur. 

Ümumiyyətlə, ticarətdə risk yönümlü olmalısan. Əvvəllər riskdə hər şey qeyri-müəyyən olurdu, bu gün ölçüb-biçmək, riski sığortalamaq olar.

- Hələ işə ilk başladığınız illərdə artıq biznes adamı olmaq kimi xəyalınız var idi?

- Əvvəllər iş qurmaq planım olmasa da, 7-8 il işlədikdən sonra artıq o yerə gəldiyimi hiss etdim. Çünki işlədiyim şirkətdə müəyyən yerə gəlirdim və baxdım ki, bundan sonra nə etmək olar? O da öz işini qurmaq idi.

Mənə elə gəlir ki, hər kəs sahibkar ola bilməz. Çətin prosedurlardan keçmişik. Elə olub ki, hesabatda nəsə yanlışlıq olub, hesabımız 3-4 ay bağlanıb. Kimsə daxilən sahibkarlığın ona uyğun olduğunu hiss edirsə, başlasın.

Amma bu gün yaxşı mütəxəssis olmaq önəmlidir. Öz şirkətini qursan da, qurmasan da. Öz şirkətini qursan, biznesin üçün faydalıdır, qurmasan, tələb olunan kadr olursan.

- Biznes yönümlü adamlar deyirlər ki, maaşla yaşamaq olmaz. Ona görə çox adam iş qurmağa çalışır.

- İş qurmaq, məsuliyyətini götürmək tamam başqadır. Bu gün iş qurmadan da əlavə gəlir yaratmaq mümkündür. Əgər şəxs perspektivli şirkətdə və yaxşı vəzifədə çalışırsa, məvacibi yaxşıdırsa, özü üçün alternativ gəlir mənbələri təşkil etməlidir. Qabaqcıl beynəlxalq şirkətlərin hissələrini ala, daşınmaz əmlaka yatırım edə bilər. Yaxşı məvacibi varsa, bank kreditlərindən istifadə edib qeyri-yaşayış, yaşayış əmlakı alıb turizm işləri ilə məşğul ola bilər. Amma 90 faiz mütəxəssis ol, 10 faiz də bunları da et.

- Tikinti sektorunda uğurlu və uğursuzlar var. Necə sektordur? Bu sahədə iş qurmaq istəyiriksə, bizdən asılı olan nələr var?

- İlk olaraq deyim ki, perspektivli sektordur. Xüsusilə, Azərbaycanda. Çünki digər investisiya növləri dünyadakı qədər Azərbaycanda aktual deyil. Yəqin elə dövr gələcək ki, digər investisiya növləri də bizdə aktiv olacaq, amma daşınmaz əmlaka maraq öz yerində qalacaq.

Sektorda uğurlu olub-olmayanlara gəlincə, dürüst olmalısan. Bu gün müştərini aldadıb bir az artıq qazana bilərsən, amma bu şəkildə çox davam edə bilmirsən. Yaxşı reputasiya qursan, biznesdə şəffaf olsan, səni zamanla məsləhət görənlər artır və sahəndə inkişaf edirsən. Mən işlədiyim şirkətdə zamanla müştəri müştərini gətirdi, bir-birinə məsləhət gördülər və sonra elə səviyyəyə gəldi ki, düşündüm ki, artıq işimi qura bilərəm.

Bunların hamısı isə məsuliyyətə bağlıdır. İşinin məsuliyyətini hiss etməlisən. Ümumiyyətlə, həm ailə üzvlərinə, yaxınlarına, həm müştərilərinə, həm də ölkənə məsuliyyətli olmalısan. Bir-biriylə bağlıdır.

Aygün Asimqızı

Fotolar: RƏŞAD MEHDİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftin qiyməti 200 dollar ola bilər... - Əsas şərt açıqlandı

DGK "Ayan" şirkətini inzibati məsuliyyətə cəlb etdi

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin